Hələlik onlar iki nəfərdirlər: Rəsul Quliyev və Hüseyn Abdullayev. İkisi də mühacirətdədir və hər ikisi prezidentliyə namizədliklərini irəli sürüb. Daha dəqiqi, onlar bu niyyətdə olduqlarını bildiriblər, yoxsa ki, hələ namizədlik irəli sürmə mərhələsi-filan başlamayıb.

Bəs Quliyev və Abdullayev nədən tələsiblər? Sadəcə, ona görə ki, bu ilin oktyabrının ortalarından etibarən prezident seçkisinə bir il qalır, necə deyərlər, geri sayım başlayır. Məsələn, sabah seçkiyə 364 gün qalacaq, birigün – 363 gün, bir aydan sonra – 333 gün və s.

Geri sayım başladısa, demək, tərpənmək, fəaliyyət göstərmək, açıqlama, bəyanat, müsahibələr vermək lazımdır. Bu işlərin qaydası budur. Siyasətçi oldunsa, gərək ortaya iddia qoyasan. Rəqiblər bəri başdan bilməlidirlər ki, yarışmada tək olmayacaqlar, o tərəfdə biriləri də var.

Söz yox, Azərbaycan vətəndaşı olan hər kəsin seçib-seçilmək hüququ var və bunu formal olaraq onların əlindən heç kəs ala bilməz. Ancaq praktikada görürük ki, konstitusiyada bu cür hüquqların yer alması heç də hər şeyi həll etmir.

Bu hüququ məhdudlaşdırmağın mexanizmi çox sadədir. İddialı şəxs namizədliyini irəli sürmək üçün lazımi qədər imza və digər sənədlər təqdim edir, ancaq DSK və ya MSK sənədlərdə çatışmazlıq olduğunu bildirərək şəxsin namizədliyini qeydə almağı “məqsədəuyğun” saymır.

Bundan sonra adam öz kinetik enerjisi ilə göyə çıxsa da xeyri yoxdur, ən uzağı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə, Azərbaycan dövlətini 5-10 min avro məbləğində cərimələtdirə bilər.

AİHM-ə müraciəti isə heç də hamı etmir. Müvafiq müraciəti edənlərin isə heç də hamısı haqlı sayılmır.

Rəsul Quliyev və Hüseyn Abdullayev bu imkandan da məhrumdurlar. Onlar uzun müddətdir ki, ölkədə yaşamırlar və mövcud qanunlara görə, onların seçkili orqanlara namizəd olmaq hüquqları yoxdur.

Ölkədə uzun müddət yaşamamağın ən böyük minusu odur ki, adam ölkəsindəki atmosferdən, sosial-siyasi mühitdən, dəyişmiş və yenidən formalaşmış şərtlərdən bixəbər olur. Telefon vasitəsilə və ya internet üzərindən alınan informasiyalar insanda dolğun təəssürat yaratmır.

Siyasətçi gərək ölkədə olsun və uzun illər küçədə ötkəm-ötkəm danışan tərəfdarının artıq adi kabinetdə, mənzildə necə qısıq səslə danışdığını, gözlərindəki qorxunu görsün və bilsin ki, deyəsən, durum qolay deyil, insanlar xofdadır.

Uzaq ölkədə rahat bir mənzildə oturaraq jurnal mizinin üstündə kağıza tərəfdar və təəssübkeşlərin, lazımi anda hərəkətə gətiriləcək gizli qüvvələrin hesabını aparmaq, toplayıb-çıxmaq nəzəri işdir, eləcə riyazi əməliyyatdır. Bu cür hesablamalarla yalnız toy məclisinə dəvətliləri müəyyənləşdirmək olar.

Reallıq başqadır. Rəsul Quliyevin ölkədən getdiyi 21 ildir. O zaman onun nəinki hakim partiyanın sıralarında, dövlət orqanlarında, hətta parlamentdə və müxalifət partiyalarının daxilində də tərəfdarları vardı. Arada Quliyev onların bir qismini hərəkətə gətirdi, səs-küylü istefalar oldu. O dövrün hakimiyyəti istefa dalğasını səngitmək, komandadaxili müxalifəti neytrallaşdırmaq üçün paytaxtda və rayonlarda bir ay davam edən “zəhmətkeş” toplantıları təşkil etdi, “xainlərin və nankorların cəzalandırılması” tələbləri səsləndi.

Ancaq indi baxaq görək o qüvvənin hazırkı halı necədir? Quliyevin ətrafında kimlər qalıb, hardadırlar, nə edirlər, yenə də ondan ötrü meydana çıxmağa hazırdırlarmı?

Yaxud Hüseyn Abdullayev, bir zamanlar qatı iqtidar tərəfdarı olan, özünü mövcud rejimin sütunlarından biri sayan, yeri gələndə ondan ötrü qanunsuz əməllər törətməkdən belə çəkinməyən adam indi əvvəlki gücündədirmi?

Açıq-aşkar ortadadır ki, hazırkı halda ölkədən 5-10 min kilometr uzaqlıqda olan şəxslərin müvafiq ambisiyası ciddi bir şey deyil. İndiki şəraitdə nə onların ölkəyə dönməsi mümkündür, nə də namizədliklərinin qeydə alınması.

Birinci üçün nə uyğun şərait (xalq ayaqlanması-filan) var, nə də onlarda lazımi cəsarət yoxdur kİ, heç nəyə baxmayaraq ölkəyə gəlsinlər.

Demək, xalqı ikinci, hətta üçüncü dəfə eyni romantik filmə baxmağa məcbur etmək düzgün deyil. Hamımız bilirik ki, axırda Leylini Məcnuna verməyəcəklər və Qatır Məmməd o günü görməyəcək. Başqa şey fikirləşmək lazımdır.