“Baxmaqla öyrənmək olsaydı, itlər qəssab işləyərdi”

(Azərbaycan ata sözü)

Hər kəsə fəxri adların verilməsinin önəmindən, nəticədə ölkəmizin fəxri respublika olacağından yazmışdım. (Uzaqgörən adamam – şəkildəki gözlüyümdən də bəllidir. Bəlkə mənə də “Azərbaycan Respublikasının fəxri gözlüklüsü” adı verilməlidir artıq. Zəhmətkeşlərin bu münasibətlə rəhbər orqanlara yazdığı alovlu teleqramları elə bil ki üfüqdə görməkdəyəm). Bunun bir sorağı Bərdədən gəlibdir. Orda “Xalq yazarı” adlı qəzetin redaktoru qəssaba diplom verib, üstündə də yazılıb ki, bu qəssab ən təmiz, ən halal ət satır, nümunəvi adamdır, o üzdən həmin bu fəxri fərmanla təltif edilir.

Doğrudur, xəbərdə qəssabı və qəzeti ələ salmışdılar, ancaq məncə hamısı paxıllıqdandır. Yetim əlində qoğal əcaib göründüyü kimi, qəssab yazığa da fəxri fərman verilməsi bəzilərinin gözünə girir. Kim bilir, bəlkə də başqa qəssabın adamlarıdır, bazarı öldürmək istəyirlər. Məncə hüquq-mühafizə orqanlarımız bu versiya üzərində mütləq işləməlidir. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarımız asayişin keşiyində ayıq-sayıq dayanmalı, istənilən versiya üzərində işləməlidirlər, necə ki, işləyirlər. Versiyaları özbaşına qoysan ortalığı batırarlar. Sabitlik belə yaranır. Odur bax AXCP üzvü Füzuli Hüseynovu mitinqdən sonra dəlixanaya salıblar. Nə üçün? Axı qabaqlar müxalifəti türməyə salırdılar. Gördülər bunun xeyri yoxdur, camaat ağıllanmır. İndi özlərini yaxşı aparsalar hovuza su da buraxılacaqdır. Sözgəlişi, müxalifəti dəlixanaya salmaq üsulundan sovet hökuməti vaxtilə yararlanırdı. Dövləti saxlamağa bunun köməyi olmadı, ancaq 70 il çəkdimi? Bizdə hələ 23 ildir. 47 ilə bəlkə ölkədə ümumiyyətlə ağıllı adam qalmadı.

Nəsə, temadan çox uzaqlaşmayaq, yoxsa əlaqədar orqanlar bizi də yığar aparar Füzuli müəllimin yanına. Sonra da AYB üzvləri şeir qoşarlar: “Füzuli dərd əlindən dəlixanaya salındı, Dedilər bəxtəvər müxalifət üzvüdür”. (O bir kinomuzda deyilən kimi, gülün də, niyə gülmürsünüz? Şoşu-moşuya gülürsünüz axı).

Keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində hakim mənəvi zərər çəkənlərin iddiasını qəbul etməmək qərarına gəlmişdi. Deyirlər bu iş elədir ki, hər mənəvi zərər çəkən adıyla adamları qeydə alsaq, o zaman siyahı çox uzanar. Doğrudan da, belə baxanda respublika əhalisinin az qala hamısı MTN işindən mənəvi ziyana düşmüş fason görünür. Hamımız o idarənin şər-xatasından qorxurduqmu? Qorxurduq. İşıqlı gələcəyə iri addımlar atdığımız bir məqamda Eldar müəllimin nazirliyi, həmçinin Akif müəllimin rəhbərlik etdiyi idarə bizə badalaq vururdu. Az qala kommunizm qura bilməyəcəkdik. Bunlar hamısı mənəvi ziyan kateqoriyasına girir. Ancaq hakimi də qınamaq olmaz, işin miqyası genişdir. Bəlkə bir az yüngülləşsin, asanlaşsın deyə mənəvi zərər çəkənlərə də fəxri ad verək? Örnək üçün belə: “Ölkənin bir nömrəli mənəvi zərərdidəsi Mamed müəllimə bu kədərli diplom verilir filan ilin beşməkan ayında ondan ötrü ki, ağzının suyu burnunun suyuna qarışıbdır”.

Qəssaba qayıtsaq, bu millətin də ipinin üstünə odun yığmaq çətindir. Ən çox yedikləri ətdir, hər özünə hörmət bəsləyən ailə başçısının mütləq, minimum bir qəssab tanışı olmalıdır (belə olanda guya at, camış, eşşək, dinozavr, tarakan, dəvədəlləyi ətindən sığortalanırıq; tanış qəssab bu şeyləri bizə yox, başqalarına satır, biz əlimizi həmin ətlərə qoyanda isə “bu sənlik deyil” məsləhəti verirlər). Ancaq di gəl, qəssabın diplom almağına pis gözlə baxırlar. Niyə, axı? Müəllim, həkim, polis, prokuror, jurnalist, şair-mair diplom alanda yaxşıdır, qəssab alanda yox? Halbuki, onlar sizin ətinizdən kəsir, qəssab isə ətə-cana gətirir.

Qəssab işi fiziki-mənəvi baxımdan ağır işdir. Birini tanıyıram, məktəbin düz ağzında balaca uşaqlar baxa-baxa dananı boyunlayıb kəsir. Dırnaqları göydən asır, kəlləni səkiyə qoyur, bağırsaqları da dərs vəsaiti kimi vitrinə dolayır. Məktəblilər baxıb həyatı öyrənirlər. Bütün valideynlər, pedaqoji kollektiv o qəssabdan çox razıyıq. Ancaq mərifətimiz çatmayıb indiyəcən diplom verək. Valideyn iclasında bu məsələni qaldıracağam.