Son illərdə insanların kitablara, mütaliəyə olan marağı xeyli azalıb. Bu problem təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində yaşanır. Ekspertlər bunun müxtəlif səbəbləri olduğunu deyir. Məsələn onlardan biri budur ki, texnoloji imkanların mövcudluğu, kompüter, telefon və sair kimi informasiya vasitələrinin sürətlə inkişaf etdikcə real mütaliəyə olan maraq da azalmağa başlayır. Halbuki, mütaliə həm insanın intellektual səviyyəsini, dünyagörüşünü artırır, həm də mənəvi aləminə təsir edir. Buna görə tövsiyə edilir ki, heç olmasa həftədə bir dəfə hansısa kitaba maraq göstərib, mütaliə edilsin. Lakin aparılan reklam kompaniyaları belə insanları yenidən mütaliəyə qaytara bilmir.
Maraqlıdır, bəs məşhurlarımız son dəfə hansı kitabı oxuyublar? Bununla bağlı “Yeni Müsavat” sorğu keçirib və maraqlı nəticə alınıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə son oxuduğu kitabın adını açıqlayıb: “Əlimə hansı kitab düşsə mütaliə edirəm. Oxumaq bir qədər zövq məsələsidir. Son oxuduğum kitabları xatırlamıram. Ən sonuncu isə oxuduğum jurnalist Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası” adlı və digər kitabı olub. İndi mütaliə etdiyim kitablar daha çox bədii ədəbiyyat, detektiv romanlar deyil.
Əsasən tarix, psixologiya, fəlsəfə, siyasi ilə bağlı kitabları mütaliə edirəm. Onların arasında isə çox təəssüf ki, yerli yazarlar azlıq təşkil edir”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə hazırda Farabinin “İdeal dövlət” adlı kitabını oxuduğunu bildirdi: “Təəssüf olsun ki, bizim dildə kitabların çeşidi çox azdır. Ən azından məni maraqlandıran mövzulu kitablar azdır. Yaxşı ki, qardaş Türkiyədə bu sahədə bəlli inkişaf var və biz də maraqlı bəzi mövzular barədə olan kitabları osmanlı türkcəsindən oxuya bilirik. Ancaq ümumiyyətlə klassiklərin əsərlərimi oxumağı sevirəm.
Bu zaman yazarın milli mənsubiyyətinə də ayrım qoymuram. Yəni bu istər bizim klassiklər olsun, istər rus ədəbiyyatının, istərsə də digərləri. Əsas odur ki, bu kitab mənə nəsə qazandıra bilsin. Kitab insana istər daxili, mənəvi istərsə praktik baxımdan nəsə qazandırmırsa onu oxumağa və gözlərini ağrıtmağına dəyməz”.
Politoloq Elçin Mirzəbəyli isə son 20-25 ildə daha çox fəlsəfi traktatlar oxuduğunu dedi: “Onların arasında ellin mədəniyyətinin, orta əsr şərq fəlsəfəsinin nümayəndələri, rus və qərb filosofları da var. Yunan mifologiyası, Roma mədəniyyəti haqqında kitabları oxumağı çox sevirəm.
XIII əsr orta Asiya filosoflarından Əl Nəfəsinin “Zubdat al Hakaik” (Haqqın qaymağı) adlı asəri yaddaşımda dərin iz buraxıb. Qədim Roma imperatoru Mark Avrelinin fəlsəfi fikirlərini, Siseronun Roma parlamentindəki çıxışlarını təkrar-təkrar oxumağı sevirəm”.
Nəğməkar şair Vüqar Əhməd isə son oxuduğu elmi-ədəbi kitablar olduğunu dedi:
“İki cildlik Urmiyanın fars dilli türk şairlərinin poeziya antologiyasını, Nizami Tağisoyun xalq yazıçısı Elçinin “Baş” romanı haqqında monoqrafiyasını, akademik İsa Həbibbəylinin “Seçilmiş əsərləri” nin 2- ci və 10- cu cildlərini, Şahbaz Musayevin Mirzə Fətəli haqqında monoqrafiyasını, elmi əsərləri oxumuşam”.
Tanınmış tele-jurnalist Qulu Məhərrəmli isə daha çox yay ayılarında kitab oxumağa vaxtı olduğunu dedi: “Lakin indi də oxumaqda davam edirəm. Oxumayanda özümü çox narahat hiss edirəm. Son dövrdə oxuduğum kitablar daha çox yerli yazarlara aid olur. O cümlədən Şərif Ağayarın kitabını oxumuşam. Hazırda isə əlimdə Sabir Rüstəmxanlının “Akademik son əsəri” adlı kitabı var. Və bir də daha çox siyasi portretləri oxuyuram. Elmi kitabları isə istər-istəməz oxumadan keçinmək olmur”.
Jurnalist Seymur Verdizadə ən son oxuduğu əsərin 20-ci əsrdə yaşamış böyük Amerika yazıçısı Con Steynbekin “Mirvari” povesti olduğunu dedi: “Etiraf edim ki, bir neçə gün bu əsərin təsiri altında qaldım. Bundan sonra Con Steynbekin yaradıcılığı ilə daha yaxından tanış olmağa qərar verdim. Bir neçə gün əvvəl isə yazıçının “Ağ göyərçin” hekayəsini oxudum. Həcmcə kiçik olsa da, bu əsər də diqqətimi cəlb etdi.
Hazırda Steynbekin dünyaca məşhur olan “Siçanlar və insanlar haqqında” əsərini oxumağa hazırlaşıram”.
Yazar Cəlil Cavanşir isə hazırda Hakan Gündayın “Kinyas və Kayra” romanını və paralel olaraq İtalo Calvinonun “Atalarımız” kitabını oxuduğunu dedi:
“Qismətin tərcüməsində Nabokovun “Rus ədəbiyyatından mühazirələr”i də masamın üstündədir. Hər gün bir neçə şeir oxuyuram. Eyni vaxtda iki-üç kitab oxumaq maraqlı gəlir mənə”.
Tarixçi Dilavər Əzimli isə daha çox internet materiallarına üstünlük verdiyini dedi:
“Ümumi olaraq son dövrlərdə daha çox dostlarımızın şeir kitablarını oxuyuram. Elmi kitabları isə hər gün oxumasam, yata bilmərəm”.
Əməkdar artist Elza Seyidcahan son olaraq Məmməd Arazın şeirlərini oxuduğunu bildirdi: “Onun şeirlərinə mahnılar bəstələyirəm. Hazırda isə son olaraq Sona Vəliyevanın şeirlər kitabını oxuyuram və onun da sözlərinə mahnı bəstələməyi düşünürəm”.
Aparıcı-bəstəkar Murad Arif isə bir neçə janrlarda, müxtəlif əsrlərə aid olan kitabları oxumağı sevdiyini bildirdi:
“Bir qayda olaraq rus dilində olan kitabları oxuyuram. Çünki tədbirləri rus dilində apardığım üçün bu dili işlətmək məcburiyyətindəyəm”.
Əməkdar artist, məşhur nağara ifaçısı Natiq Şirinov isə sualımızı aqressiv qarşıladı:
“Axı kimə maraqlıdır ki, mən kitab oxuyuram, ya yox. Əgər nağaramdan söz açırsınızsa, bu haqda danışa bilərəm. Guya ki, camaat bilsə ki, mən nəsə oxumuşam, indi nəsə dəyişəcək?”
Musavat.com