Qolf Federasiyasında dəyişiklik xəbərinin ardınca daha bir ekzotik idman qurumundan bəd xəbər gəlmişdir: Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Azər Qədirov pulsuzluqdan, yetimçilikdən (şikayətin məzmununu ümumi belə adlandırmaq olar) danışıbdır. Deyir federasiyanın problemləri Gənclər və İdman Nazirliyini narahat eləmir, yarışların pulunu ABF sədri, keçmiş özəlləşdirmə və dövlət əmlakı naziri Nadir Nəsibov öz cibindən verir, zallarımızı sökürlər, məşq üçün yer yoxdur və sairə.
Lap belə əcəb eləyirlər. Sən bunun dərdinə-sərinə bax. Düzəlmişdi hər yarağımız, qalmışdı basketbol səbətimiz. Bunlar elə bilirlər səbət dalından top tökülür, neft pulu qabaqkı kimi gəlir. Əşşi, bizə çox önəmlidirmi basketbol oynayaq? Qoy basketbolu uzundraz amerikalılar, avropalılar oynasın. Bizim isə iqtisadi problemlər, qan azlığı, anemiya və sairə problemlər üzündən boyumuz orta hesabla 160 santimetrdir. Rəsmi hesabatda yazılıb. (DSK, 2014 hesabatı). Kasıbçılıq bu cür iri addımlarla getsə yaxın onilliklərdə Afrikanın balacaboy piqmey qəbiləsinə oxşayacağıq. Şişirtmə deyil. Piqmeylərin orta boyu 125-150 santimetrdir. Dünya basketbolunda idmançıların orta boyu 190-220 santimetr arasında dəyişirsə, basketbol səbəti 3 metr hündürlükdən asılırsa, bizim basketbol sevdamız gülməli deyilmi? Ən yaxşısı başımızı aşağı salıb onun-bunun qarnının altına girib badalaq vurmağa davam edək. Ay sağ olasınız, düz anladınız, bizimki güləş kimi şeylərdir. Bura pul buraxmağın bəlkə də hansısa mənası vardır.
Nadir müəllimi də dinc qoymalıyıq ki, dövlət əmlakının özəlləşdirilməsi oyunlarından əldə elədiyi “beş-on manatı” rahat həzmi-rabedən keçirsin. Tam səmimi sözümdür, mən bu son söhbət zamanı bizdə basketbol federasiyasının, ümumiyyətlə, basketbol idmanının olduğunu öyrəndim. Heç xəbərim yox idi. Azər müəllimin açıqlamasından bir cümlə isə xeyli kefimi açdı. Sitat: “Bir zalımızı da söküb yerindən yol çəkdilər”. Bax buna deyərəm iş! Yol mədəniyyətdir. Bütün yollar Ramanaya aparır. Yolçu yolda gərək. Özü də maraqlıdır ki, bu basketbol zalının yerində yolun çəkilməsi AYB üzvü şairlərimiz üçün gözəl qafiyə imkanları yaradır. Çünki “basketbol” və “bas get yol” əla səsləşir. Kim bilir, bəlkə də basketbol elə qədim türk sözüdür. Şərait yaratmaq lazımdır AMEA Filologiya və Tarix İnstitutunda bu temada dissertasiyalar yazılsın.
Bəs keçmiş basketbolçularımızı necə istifadə edək? Təklif edirəm onlar mollalıq öyrənsinlər. Bu işdə yaxşı pul var. Harda istəsən zal da tikirlər. Yanlış anlaşılmasın, uca şeyximizin Çexiyada apardığı quruculuq işlərini nəzərdə tutmuram. Zatən o işin başı növbəti dəfə bağlandı, “Titanik” bu aysberqi də cəhənnəmə vasil elədi. Sadəcə, son günlər dövlət rəhbərliyinin sərəncamı ilə “Milli-mənəviyyat Fondu” adına oxşar bir adda fond yaradılmışdır. Orada müəyyən pul toplanacaq, dini-mənəvi bizneslə məşqulat eləmək istəyənlərə qrantlar veriləcəkdir. QHT-lər, KİV-lər, alimlər, gənclər üçün belənçik səbətlər düzəldilmişdi, mollalar üçünsə təəccüblüdür ki, indiyəcən yox imiş. İnşallah, gec olsun, güc olsun.
Mən özüm düşünürəm bu mənəviyyat fondundan müəyyən yardımlar almağa haqqım çatır. Gör neçə ildir millət üçün mənəvi işlər görürəm… Layihənin adını da düşünmüşəm: “Köşə yazısı oxuyan adamlar üçün ucuz təsbeh düzəldilməsi və bunun Qarabağ probleminə təsirinin beynəlxalq aləmdə inikasına bir baxışın prizmasının qaçqın uşaqları arasında təbliği”. Azı 5 min düşür. Soyadım da mənəvi baxımdan uyğundur.