“Maşın” şounun üçüncü günü Samirə Yusifqızı oyunu tərk edib.
Musavat.com xəbər verir ki, sms səs verməsinə çıxan meyxanaçı Samirənin oğlu verilişə zəng edərək onun hədəf kimi seçdiyi Vüqar Əbdülovu yarışmadan kənarlaşdırmamasını istəyib. Meyxanaçı oğlunun sözünü yerə salmayacağını bildirib. Buna isə bəzi iştirakçılar etiraz edib. Reklam arasında Samirə “Səsverməni Murad Dadaşov tənzimləyir” iddiası ilə çıxış edib. Yaşananlar daha sonra canlı yayımda efirə verilib. M.Dadaşov xanımın səsləndirdiyi iddianın əsassız olduğunu bildirib.
Reper Rauf Əhmədov maraqlı təkliflə çıxış edib. O, bildirib ki, meyxanaçıya hamı mərd olduğunu deyir. Ona görə səs toplasa da, oyundan özü getməlidir. Onun təklifi xanım iştirakçıları özündən çıxarıb. Onlar bildiriblər ki, reperin özündən yaşca böyük birinə dediyi sözlər hörmətsizlikdir.
Nəticələr açıqlanan zaman meyxanaçı Vüqarla bağlı fikrini dəyişməyəcəyini desə də, sona qədər sözünün üstündə dayanmayıb. Samirə Yusifqızı yekun nəticələr açıqlandıqdan sonra “qalsaydım, Arif Quliyevi yarışmadan göndərəcəkdim. Onsuz da, getmək istəyirdi”, – deyib.
Yusifqızının açıqlaması hər kəsi təəccübləndirib.