Deyir rəhmətlik Ziya müəllimin (Azərbaycanda nazir işləmək tısbağa həyatı kimi bir şeydir, tısbağanı tərsinə çevir, ya öldür eyni vəziyyət sayıldığı tək, naziri də işdən çıxartmaq onu öldürməkdir) oğlu Qolf Federasiyasının sədriymiş. İndi bunu da ordan çıxarıblar. Həmişə bu qolf söhbəti düşəndə “Çeşmə” satirik qəzetinin 90-cı illərin əvvəlində yazdığı bir anekdotu xatırlayıram. Elçibəy, İsa Qəmbər və Etibar Məmmədov qolf oynamaq qərarına gəlirlər. Elçibəy deyir ağaclar məndən. İsa Qəmbər deyir topları da mən gətirərəm. Etibar incik-incik deyir: “Onda mən oynamıram”. Hər halda Ziya müəllimin həyat təcrübəsi çoxdur, yəqin oğlunun inciməsinə imkan verməz.
Buradan keçid alaq Gömrük Komitəsinə. Zarafatsız, mən Narxozu qurtaranda az qalmışdı bu idarədə işləyim. İxtisasım da uyğun gəlirdi. Bir tanış vardı, dedi gətir bir az rüşvət verək, Yalamada gömrük inspektoru düzəl. Dedim, sus, bizim ölkədə rüşvət yoxdur! İndi də belədir. Dünən isə gömrüyün sədri Aydın müəllim aksiz vergilərini artırmağın zəruriliyindən danışıbdır. Sitat: “Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətə uyğun deyil”. Elə bu cür: həqiqətə uyğun deyil.
Maraqlı sözdür. Hansı həqiqəti nəzərdə tutur? Mütləq həqiqəti, dünyanı kim idarə edir, biz nə üçün yaşayırıq, Nyutonun 2-ci qanunu və sairənimi? Ya azərbaycanlı müəllimlər, həkimlər 300 manat maaşla 30 günü necə yaşayırlar, bunu deyir?
Bizim ölkədə bolluqdur, o cümlədən həqiqət bolluğudur. Hərənin bir həqiqəti var, başına zəncir keçirdib özüylə gəzdirir. Xoşuna gəlməyən adam görəndə həqiqəti onun üstünə qısqırdır. Neçə adamlar tanıyıram, həqiqətin dişləri altında can verdilər. Bəzi adamların həqiqəti isə qudurub özlərini daladı, rəhmətə getdilər. Bütün fərdi həqiqətlərimiz isə toplanıb Ümummilli Daxili Həqiqəti (ÜDH) yaradır. Buna bəzən “Azərbaycan həqiqətləri” də deyirlər. Vətənpərvər deputatlar xaricə gəzməyə gedəndə adətən özlərinin çamadanlarına alt tumanlarının üstündən bir qat belə həqiqət yığırlar, qabaqlarına çıxan dünya zəhmətkeşlərinə paylayırlar. Nəticədə dünya Azərbaycan həqiqətlərindən xəbərdar olur. Hamı bilir ki, bizdə ÜDH çoxdur. Düzdür, bu qədər həqiqət aparsaq da yenə dünya bizə düşməndir, yenə ikili standart və sairə curt-cart üzündən ölkəmizə düşmən ermənipərəst qüvvələr aktivləşirlər və bizim uğurlarımızı görmək istəmirlər, ancaq kül onların başına elə. Pislik özlərinə qalacaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Həqiqət çılpaqdır – bunu da qədim müdriklərdən Horatsi müəllim deyibdir. Həqiqətən həqiqət çılpaq olanda onu zorlamaq istəyənlər çoxalır, həqiqətə don geyindirəndə isə yalana oxşayır. Bu da növbəti ikili standart…
Aksiz vergisi söhbəti bizi gör hara gətirdi… O kinoda deyilən kimi, “acından belə eləyirik”. Nə edəsən, “ət baha, yağ baha, qənd baha” – Nağılbaz müəllimin köhnə mahnısındakı vəziyyət təzədən qayıdıbdır. Ümumiyyətlə, 90-cı illər unikal dövr idi. Mənim də ağlım olmadı. Olsaydı indi müvafiq idarədə oturub həqiqət haqda düşünərdim, müdirin aksiz vergilərini qaldırmaq təklifini alqışlayardım.
Bəli, bu vergilərin həqiqətdən uzaqlığı söhbəti qarşıma çıxmasa əslində mən hörmətli oxucularımıza Əli müəllimin məhkəməsindən yazmaq istəyirdim. Xəbər lentində gördüm: yaxınlarda Əli müəllimin növbəti dəfə məhkəməsi olacaqdır. Düzü, Əli İnsanovun məhkəməsinin sayı-hesabı itibdir. Eynilə Haqverdiyevin “Yeni təbabət” hekayəsi Əli doxturun başına gəlməkdədir. O hekayədə xanın sevimli atı xəstələnirdi, həkim deyirdi atı imalə edək. Xan qəzəblənib həkimin özünü imalə etdirirdi, təsadüfən at sağalırdı, bundan sonra hər dəfə at xəstələnəndə xan əmr edirdi, tutub həkimi imalə edirdilər. Doğrudur, hekayədə həkimin axırı yaxşı olmurdu, ancaq biz ümid edək Əli həkim bu saysız məhkəmə-imalələrinə mətinliklə dözəcəkdir.
Klassiklərimiz hər mənada böyük olublar – haçan həyata baxsan bir izləri gözünə dəyməkdədir.