Lənkəranda çayın ortasında köməksiz qalan 39 yaşlı qadın xilas edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması nəticəsində Rvo kəndində Mübariz adlı şəxsə aid olan evin bir hissəsini su yuyaraq aparıb.
Ev sahibləri orada yaşamadıqlarından, evə nəzarət edən Rvo kənd sakini, 1978-ci il təvəllüdlü Muxtarova Təranə Balaş qızı orada köməksiz vəziyyətdə qalmışdı. Yağış suları və daşan çay həmin evin dörd tərəfini əhatə etdiyindən qadın çıxılmaz vəziyyətdə kömək gözləyirdi.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc axtarış qrupu cəlb edilib. İki gün orada köməksiz vəziyyətdə qalan T.Muxtarova xilas edilib.