Maşa axtaran dairələr

Düzü, doğrusu budur: 2003-cü ildən sonra hansısa qüdrətli dövlətin Azərbaycanda demokratik rejimin bərqərar olunmasına dəstək verməsi, azad, qanuni, şəffaf seçkilər keçirilməsinə çalışması absurddur.

Qırılma nöqtəsi 2003-cü ilin bu vaxtlarında oldu. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, hətta qardaş Türkiyə (eləcə də o birilər) Azərbaycanın demokratik qüvvələrini dəstəkləmədi. Norveç ortada tək qaldı.

O vaxtdan sonra bu ölkəyə demokratiyanın gələcəyinə, gətiriləcəyinə olan ümidlər çox qabarıb-səngiyib, amma heç biri 2003-cü ildəki qədər şiddətli olmayıb.

Bu illərdə istər ABŞ dövlətinin başında olanlar, istərsə də başqa superdövlətləri idarə edənlər dünyada demokratiyanın təntənəsinə, yayılmasına aid çox gəlişigözəl sözlər danışıblar, ancaq onların hamısı söz olaraq qalıb.

Demokratiya istəyən xalqlara onu qızıl məcməyidə təqdim edən yoxdur. Böyük dövlətlər dağıtmaq, parçalamaq istədikləri ölkəni “demokratiya” deyə-deyə dağıdırlar, amma gerçəkdən azadlıq, ədalət istəyən xalqlara heç bir yardım göstərmirlər.

Deyə bilərlər ki, nə vaxt bir xalq demokratiya istədi, amma Qərb kömək etmədi? 2003-cü ilin oktyabrında da, 2005-ci ilin noyabrında da Azərbaycan xalqı demokratiya, azad seçki istəyirdi, kömək edən olmadı.

Ondan sonra nə desələr, nə yazsalar, hamısı boşdur.

O zaman ölkədə maraqlı bir durum vardı. ABŞ başda olmaqla, digər Qərb dövlətləri əsasən “konstruktiv müxalifət”lə cici-bacıydılar, pul-paranı onlara ötürürdülər, prinispial (onlara radikal da deyirdilər) müxalifəti bəlli bir məsafədə saxlayırdılar.

Bu, ondan irəli gəlirdi ki, o qüdrətli dairələrin indiki iqtidar komandasına ümidləri böyük idi. İstər Qarabağ məsələsində, istərsə də neft-qaz sənayesi üzrə əməkdaşlıqda ondan böyük güzəştlər gözləyirdilər və öz ovuclarında olan “konstruktiv müxalifət”i iqtidarla əməkdaşlıq təşviq edir, “radikal ünsürləri” neytrallaşdırırdılar.

Ancaq sonradan vəziyyət radikal şəkildə dəyişdi. 2005-ci ildən sonra Qərb indiki iqtidara bəslədiyi çeşidli ümidlərinə görə umsuq oldu. O zaman Qərb dairələrinin üzü bu iqtidar komandasından döndü, avtomatik olaraq “konstruktiv müxalifət” də radikallaşdı.

Hazırda 2003-cü ildə radikal müxalifət adlandırılan qüvvələr yenə də öz mötədil baxışlarında qalırlar, amma köhnə “konstruktiv”lər son dərəcə radikallaşıblar. Buna baxmayaraq, hər zaman mötədil qüvvələrlə işləməyə çalışan Qərb dairələri (institutlar, fondlar, mərkəzlər və s.) bu dəfə radikallara meyllidirlər, bu və ya digər şəkildə onlara yardım edirlər.

Hələ bir xətt də var. 2003-ə qədər Müsavat başqanı İsa Qəmbərin “Bakı-Ceyhan neft kəmərinin ən sərfəli marşrutu xəttin İran üzərindən keçməsi ola bilər” sözündən yapışıb, onu açıq tekstlə “İran agenti”, “İranın adamı” adlandıran, Qərb dairələrinə bu cür təqdim edərək gözdən salmağa çalışan qüvvələr indi bu xüsusda da çox dəyişiblər. Onların təşkil etdiyi mitinqdə “İranın adamları” kimi həbs olunanlara azadlıq tələbləri səslənir, İranmeylli qüvvələr mitinqdə həvəslə iştirak edirlər.

İndilikdə vəziyyət bu cürdür: yerli, milli qüvvələrin ölkənin demokratikləşməsi üçün gücləri kifayət deyil. Onlardan bir hissəsi bu məqsədə yetmək üçün xarici dəstəyi şərt sayırlar. Ancaq o xarici dəstəyin ölkədə demokratiyanı bərqərar edib-etməyəcəyi sual altındadır. Qüdrətli dairələr çox vaxt bir avtoritar rejimi başqasıyla əvəz edirlər, məsələ bitir.

Çünki havayı pendir siçan tələsində olur. Heç bir başqa dövlət öz mənafeyinə uyğun olmadıqca, başqa bir dövlətin daxili işlərinə qarışmaq, onun xalqına demokratiya və azadlıq ərməğanı etmək istəmir.

Bu baxımdan Azərbaycanla sərfəli biznes sazişləri bağlamaq, ölkənin sərvətlərinə “demokratiya” şantajı ilə şərik olmaq istəyən böyük dövlətlərin səmimiyyətinə inanmaq olmaz. Onlar öz oyunlarını oynayırlar və odu götürmək üçün maşa axtarırlar.

2003-cü ildə Dövlət Departamentinin səlahiyyətli rəsmisi Riçard Armitacı yada salaq. Adam seçki başa çatmamış indiki iqtidarın namizədini qələbə münasibətilə təbrik etmişdi…