“Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!”
(Mirzə Ələkbər Sabir)
Amerikalılar Kubadakı səfirlikdən xeyli işçini – 60 faizini – evakuasiya ediblər. Viza verilməsi isə tamam dayandırılıb. Ehtimala görə Fidel Kastro irsinin davamçıları orada yankilərə qarşı nəsə akustik silah işlədiblər, bunun nəticəsində əməkdaşların başı ağrıyıb, qulaqları isə… kar olubdur.
Sən demə, belə bir şey var imiş. Mitinqləri-filanı dağıtmaq üçün səs bombaları olduğunu bilirdim, ancaq akustik silahın bu dərəcə təkmilləşməsini ilk dəfə oxudum. Qıraqdan, heç kim eşitmədən hansısa dalğalarla insanın eşitmə mərkəzinə, qulaq membranına bu cür təsir eləmək… İnsanlar hər cür pis şeylər düzəldirlər.
Eyni zamanda, dərhal ağlıma gəldi ki, bəlkə bu akustik silahı bizim 10 milyon camaatımıza hardansa, haçansa, kimlərsə tətbiq edibdir. O üzdən nəinki bir-birimizi, heç özümüzün səsimizi də eşidə bilmirik. Ölkə ağzını açıb-yuman balıq-adamlarla doludur. Sanki bizi Xəzərin sahilinə atıb gediblər, çabalayırıq uzun illərdir, heç yana çıxmırıq.
İşıq silahıyla gözümüzü kor ediblər, çörək və arvad-uşaq silahıyla (bu bizim milli silahdır, başqa heç yerdə yoxdur) ağzımızı yumublar. 3-4 “dəlidən” başqa nə danışan var, nə görən, nə də eşidən. Bu “üç meymun” oyununda hara qədər gedəcəyik, məlum deyil.
Srağagün “Evronyus” telekanalında təsadüfən baxdığım xəbər ürəyimi ağrıtdı. Avropanın hansısa ölkəsində mühacir düşərgəsində tədbir keçirilirdi. Kimsə ora qonaq gəlmişdi, aparıcı dedi: “İndi də qonağın şərəfinə mahnı və rəqs yarışması olacaqdır, Suriyadan, Əfqanıstandan, Azərbaycandan gələn qaçqınların uşaqları öz məharətlərini göstərəcəklər”. Uşaqlara diqqətlə baxmaq istədim, bəlkə hansısa tanışın uşağını görərəm fikriylə. Görə bilmədim – eynəyim uzaqda qalmışdı. Gedib götürməyə də həvəs olmadı. Lap tutaq ki, orda kimisə tanıdım, bundan nə məna olacaq? Azərbaycanın adının o cür yerlərlə yanaşı çəkilməsi, vətəndaşlarımızın ayağı yer tutanının qaçması bizi utandırmalıdır. Di gəl, heç kim utanmır. Başımızı dik tutub, qürurla, məğrur şəkildə qaçırıq. Necə deyərlər, nə olsun qaçqınıq, qaçqın bəyəm tank sürməlidir?
Ölkədə ən pis cinayətlərdə adı hallanmış bir general məhkəmədə son sözündə deyir ki, onu özünü öldürmək həddinə çatdırmaq istəyirdilər, ancaq zəif adam olmadığından bunu etməyib. Deyir, istintaq mənimlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. Buyurun. Bu da milli dilemmamızın həyatda növbəti təsdiqi faktı. Ya hər şeyi danışmalısan, ya da özünü öldürməlisən. Sanki üçüncü yol yoxmuş. Ümid edək general hər şeyi danışıbdır. Yoxsa “məni də öldürdülər” anekdotu yaranır.
Bəzi deputatları isə qəflətən kərə yağının qiyməti narahat etmişdir. Yağlı yeməyin cana ziyanı dövlət səviyyəsində elan olunubdur, bu haqda efirə də veriliş gedibdir, bəyəm deputat yoldaş bunu bilmir? Ziyanlı şey baha olmalıdır. Bu, bizim dövlət siyasətidir. Siqaret kimi, kərə yağına aksiz vergisi də qoymalıyıq. Yağ qutularına piylənmədən ölən adamların şəkillərini yapışdırmalıyıq. Səhiyyə Nazirliyi də öz işinə biganə yanaşır. Hanı “Kərə yağı sizin sağlamlığınıza zərərlidir” elanı? Hanı “18 yaşdan aşağı şəxslərə kərə yağı satışı qadağandır” cümləsi? Deputatı isə təxribatçı danışıqlarına görə cəzalandırmaq da olar. Məsələn, yağını kəsmək lazımdır. (Bu yazıda yağın az olmasının səbəblərini də ümidvaram hörmətli oxucular anlamışdır. Bir müddət belə qupquru yazılar verməyə məcburuq. Zelandiyadan gəmi gəlir, onu gözləyirik).