Загрузка...

Son bir həftədə dünya ictimaiyyəti “müstəqillik”lə bağlı iki “referendum”un şahidi olub. Onlardan biri ərazisinin müəyyən hissəsi terrorçu İŞİD qruplaşması tərəfindən tutulan, ABŞ başda olmaqla beynəlxalq koalisiyanın köməyi ilə torpaqlarındakı ekstremistləri təmizləməyə çalışan İraqdır. İraqın şimalında yerli hökumətin təşəbbüsü ilə keçirilən “səsvermə” rəsmi Bağdad, Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Fransa, Avropa İttifaqı və başqaları tərəfindən tanınmayıb, bunu “qanunsuz, İraq konstitusiyasına zidd addım” adlandırıblar. Bu “referendumu”nı yalnız İsrail dəstəkləyib. Bu isə hələ İraqın şimalındakı kürd muxtariyyatının “müstəqilliyi”nin tanınması demək deyil.

Digər “siyasi aksiya” isə Avropa İttifaqının üzvü olan İspaniya Krallığında keçirilib. İspaniya terrorçuluğa qarşı mübarizə aparmaqla yanaşı, özü də beynəlxalq səviyyədə törədilən bu cinayətdən zərər görüb.

Mərkəzi hakimiyyət bu “referendum”u qanunazidd sayır. İspaniyanın baş naziri Mariano Rahoy bu “aksiya”nın nəticələrinin Konstitusiya Məhkəməsində ləğv ediləcəyini bildirib. Kataloniya əyaləti hökumətinin başçısı Karles Puçdemon isə bu “tədbir”in yekunu ilə bağlı “müstəqilliyə dair qanunu imzalayıb”.

Kataloniya hökuməti “seçicilərin 90 faizindən çoxunun müstəqilliyə səs verdiyi”ni, rəsmi Madrid isə bu qanunsuz aksiyada hətta nəticələrin saxtalaşdırıldığını bildirib.

Mariano Rajoy

Kataloniyada “referendum” sakit keçməyib. Qarşıdurmada 12 polis əməkdaşı xəsarət alıb, 800-dən çox aksiya iştirakçısı tutulub, xeylisi yaralanıb.

“Referendum”da Niderland Krallığından olan Daana Evarts, Yeni Zelandiya vətəndaşı Halen Katt, Sloveniyanın keçmiş xarici işlər naziri Dimitriy Rupelin başçılıq etdiyi 14 nəfərlik beynəlxalq ekspert və müşahidəçi də iştirak edib. Nə qədər acı və gülünc olsa da, belə müşahidəçilər demokratiya adından istifadə edir, bir qayda olaraq beynəlxalq hüquq və ölkə qanunlarını tapdalayırlar.

Demokratiyanın ölkə qanunlarının tapdalanması, beynəlxalq hüququn görməzliyə vurulması üçün alət olmadığı da məlum məsələlərdəndir.

ABŞ və Avropa İttifaqı hələ “referendum”un nətcələrinə münasibət bildirməyib. Avropa Parlamentinin sədri Antonio Tayan bu aksiyada iki gün əvvəl bunları bildirmişdi: “İspaniyada keçiriləcək referendum ölkə konstitusiyası və Avropa qanunlarına ziddir. Məsələnin İspaniya hökuməti ilə Kataloniya hakimiyyəti arasında danışıqlar yolu ilə siyasi səviyyədə müzakirəsi ən yaxşı həll olar. Bu danışıq bütövlükdə İspaniya üçün vacibdir. Bu, Avropanın deyil, İspaniyanın daxili problemidir”.

Avrokomissiyanın sədri Jan-Klod Yunker isə sentyabrın 14-dəki çıxışında bir qədər fərqli münasibət bildirib: “Kataloniya nə vaxtsa müstəqil olsa, biz bu seçimə hörmət edəcəyik. Ancaq müstəqilliyin səhəri günü Kataloniya Avropa İttifaqına üzv ola bilməz”.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədr müavini Roqer Gale isə “referendum” günü baş verən qarşıdurma ilə bağlı açıqlama yayıb. O, deyib: “Qarşıdurmanın baş verməsindən məyusuq. Hər iki tərəfi dialoqa dəvət edirik”.

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Kataloniya bölgəsində keçirilən “müstəqillik referendumu”na münasibət bildirib. XİN-in açıqlamasında vurğulanıb ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir: “Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Gün ərzində və sonra “referendum”a siyasi münasibətlərin bildiriləcəyi istisna edilmir.

Kataloniya əyaləti sakinləri bu aksiyanı ilk dəfədir keçirirlər. Bu muxtar əyalət İspaniyanın şimal-şərq hissəsində, Pireney yarımadasında yerləşir. Rəsmi adı belədir: Kataloniya Muxtar Əyaləti. Bölgənin ərazisi 32 min 114 kv. km-dir. Əyalətin mərkəzi Barselona şəhəridir. Kataloniyanın rəsmi dili katalan, ispan və oksitan dilləridir. Əyalətin əhalisinin sayı 7 milyon 512 min 381 nəfərdir.

Tarixi Kataloniya İspaniyadakı muxtar əyalət və Fransadakı Şərqi Pireney Departamentindən ibarətdir. Bundan başqa, kataloniyalılar Fransanın Kataloniya əyalətinə birləşən ərazilərini “Şimali Kataloniya” adlandırırlar.

Basklar ölkəsi də İspaniyada yerləşən muxtar ərazidir. Bu əyalət İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 1979-cu il iyulun 25-də İspaniya tərəfindən verilib. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil, Bask Muxtariyyətinin büdcəsinə gedir. Sahəsi 7,234 kv km, əhalisi isə 2 milyon 125 min nəfərdir. Vitoria-Gasteiz muxtar bölgənin paytaxt şəhəridir.

Qeyd edək ki, basklar, euskaldunaklar İspaniya ilə yanaşı, Fransanın cənub-qərbində (Atlantika Pirineyləri Departamentinin qərbindəki Labur, Sul və Aşağı Navarra rayonları) yaşayır.

Bundan başqa, “ayrılmaq” istəyənlərdən biri də korsikalılardır.

Korsika Aralıq dənizinin şimalında yerləşir. Bu adanın ərazisi 8,7 min kv.km-dir. Napaleon Bonapart Korsikadakı Ayaçço şəhərində doğulub. Onların sayı haqqında müxtəlif rəqəmlər səsləndirilir: İspaniyada 600 mindən 2,8 milyon nəfərədək, Fransada 75 mindən 250 min nəfərədək, ABŞ-da 6,9 min, Meksikada 20 min və s. insan bask dilində danışır, ispan və fransız dilləri də onlar arasında geniş yayılıb.

Belçikadakı flamandlar da bu monarxiyanın tərkibindən çıxmaq istədiklərini bildirmişdilər. Ona görə də bir neçə il əvvəl Belçikada hökumət böhranı oldu.

Yeri gəlmişkən, flamandlar Belçikanın 5 şimal əyalətində yaşayırlar. Onların yaşadıqları ərazi 13 min 522 kv. km-dir. Bu, Belçika ərazisinin 44,29 faizi deməkdir. Krallıqda 5 milyon flamandın yaşadığı bildirilir. Fransanın şimalında 250 min flamand var. Bundan başqa, Niderland Krallığında da flamandların sayı az deyil. Məlumatlara əsasən, ümumilikdə flamandların sayı 7,5 milyon nəfərdir.

Avropanın aparıcı dövlətlərinin ərazisində də oxşar hadisələrin baş verməsi ehtimalı az deyil. Şotlandlar Britaniya Krallığının tərkibindən çıxmaqla bağlı referendum keçirdi. Nəticə onlarn istəyincə olmasa da, bu addım atılıb. Şimali İrlandiyanın da belə bir addım atacağı gözləniləndir.

Müstəqil olmaq istəyənlər Avropanın aparıcı dövlətlərinin vətəndaşlarıdır. Ən pis və gülünc olanı həmin dövlətlərin başqa ölkələrdə separatçılıq meyillərini dəstəkləməsidir.

Bunun ən aşkar nümunəsi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdir. İspaniya, Britaniya, Belçika, Niderland, Fransa və başqaları Azərbaycanın ərazisinin işğal olunduğunu pisləyərək separatçılara qarşı indiyədək heç bir sanksiya tətbiq etməyib. Bu və başqa bu kimi dövlətlərin verdiyi ümumi bəyanat təxminən belə səslənir: “Atəşkəsi qoruyun, danışıq aparın”.

Bu sayaq susqunluqla dünyanın aparıcı gücləri beynəlxalq miqyasda separatçılıq hərəkatına dəstək verirlər.

Başqa bir misal. Orta Şərqdə bu proses silahla aparılır. Separatçılar Avropa, Qərb dövlətlərinin sayəsində silahlanırlar. Onlar həm də dünyanın bu hissəsindəki dövlətlərin ərazisində təlimatlandırılırlar.

Kataloniya muxtar əyalətində hadisələr acınacaqlı hal alıb. Polislə toqquşma baş verib. Əyalət əhalisinin mərkəzdənqaçma prosesinə qoşulması üçün daha bir əsas verilib. Bunlara rəvac verən isə heç şübhəsiz Avropanın aparıcı dövlətləridir. İspaniyanın parçalanmasına göz yumulur. Separatçılıq meyillərinin qarşısı vaxtında alınmır. Dünyada separatçıları maraqlara görə bölürlər: Avropa İttifaqının, ABŞ-ın, Rusiyanın mənafeyinə uyğun olan, olmayanlar. Bu məsələdən çıxış yollarından biri heç şübhəsiz beynəlxalq hüquq və ölkələrin konstitusiyasıdır. Təəssüf ki, bu iki amilə hörmət edilmir. Qərb, Avropa İttifaqı Yaxın Şərqdə, Cənubi Qafqazda yürütdüyü siyasətin, dəstəklədiyi separatçılığın bəhrəsini İspaniyada da görür. Başqa sözlə, İspaniya Krallığını Qərb parçalayır. Bu prosesin perspektivdə Avropanın başqa ölkələrinə keçəcəyi isə istisna edilmir. Ona görə də Asiya, Afrika, Amerika qitələrində deyil, Avropada da yeni dövlətlərin meydana çıxacağı, dünyanın siyasi xəritəsinin dəyişəcəyi istisna edilmir. Yaxud “Böyük Orta Şərq layihəsi” yeni dövlətlərin yaranması timsalında öz əksini “Yenilənən Avropa”da da tapacaq. Atalar demiş: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.

Beləliklə, XX əsrdə iki dünya müharibəsi nəticəsində Avropada qurulan dövlətlər də parçalana bilər.

Report.az
Analitik xidməti