Dünyada üç min civarında xalq, etnik qrup var. Onlar ümumi sayı 200-ü aşan dövlətlərdə yaşayırlar. Hər xalqın öz suveren dövləti olsa, o zaman dünyada 3 min dövlət olardı. Təsəvvür belə etmək mümkün deyil.
Bu, planetdə elə bir xaos yaradardı ki, hər şəhər, hər kənd müharibəyə girərdi və bəşər əhli çoxsaylı lokal müharibələrdə bir-birini qırıb bitirərdi.
Əslində məhəlli müharibələrin qarşısını alan kiçik xalqları öz tərkibində ram etmiş böyük dövlətlərdir. Bəzən onlar da bir-birilə savaşır, arada yenə etnik qruplar qırılır.
Öz milli dövlətini qurmaq istəyən, buna müvəffəq olmadıqda, qəddar düşmənlər tərəfindən sonuncu nəfərinə kimi qırılıb qurtaran xalqlar çox olub. Tarixən soyqırıma məruz qalan o xalqların adını belə bu gün bilən yoxdur.
Hələ yüzlərlə tam və qismən assimlyasiyaya uğrayan, başqa bir millətin tərkibində əriyib gedən etnik qruplar da var. Onların bir çoxu təbii assimlyasiya yolundadır, zamanla tamamilə yox olacaqlar.
Bir milləti qırılıb qurtarmaqdan, böyük millətlərin içində əriyib yox olmaqdan qurtaran başlıca rıçaq həmin xalqın milli dövlətçiliyə malik olmasıdır.
Özümüzdən götürək. Əgər 1918-ci ildə xalqımızın böyük oğulları Azərbaycan dövlətini yaratmasaydılar, 1991-ci ildə biz həmin dövləti bərpa etməsəydik, zamanla assimlyasiya prosesi bizi də bitirəcəkdi.
Heç kəs dana bilməz, xalqımızın bir yarısı məqsədyönlü şəkildə yeridilən rusifikasiya siyasətinin qurbanı olaraq ruslaşmaqda, digər yarısı “islam ümməti” adıyla farslaşmaqdaydı.
Bizi xilas edən əsas faktor xalqımızın sayının çox olmasıydı. Azsaylı xalqları daha asanlıqla “əritmək” olur. Böyük xalqları tam assimlyasiyaya uğratmaqdan ötrü əsrlər lazımdır.
Amma o proses gedirdi. Azərbaycan gənclərinin kütləvi şəkildə Sibirin məskunlaşdırılmasına cəlb edilməsi (BAM, komsomol putyovkası-filan) boşuna deyildi. O zaman gedənlərin tam əksəriyyəti ruslaşıblar – özləri tam olması da, övladları artıq rusdurlar.
İranda isə ana dilində təhsil almaq yasaq idi, hələ də elədir. Dilini yaşada bilməyən xalq artıq milli kimliyini itirmək, “ərimək” yolundadır.
Yaxın Şərqin böyük etnik qruplarından biri olan kürdlərin müstəqillik sevdasına bu prizmadan baxmaq lazımdır. Onlar regionun dörd böyük dövlətinin təbəələridirlər. Ancaq yüz illərdir, nə qədər qaynasalar da, bu dövlətlərin sütun xalqlarına qarışmırlar. Kürd milli kimliyi onları ərəblərdən də, türklərdən də, farslardan da ayırır, ayrı saxlayır.
İndi kürdlər təxminən İsrailin ərazisindən bir az artıq coğrafi məkanda özlərinə dövlət qurmaq istəyirlər. Kürd xalqının sayı ilə müqayisədə həmin ərazi azdır. Kürdlərin iştahı isə daha böyükdür. Onlar son illərdə qazandıqları hərbi-siyasi qələbələrdən vəcdə gələrək daha böyük ərazilərə iddia edir, istəyirlər ki, qurmaq istədikləri dövlət böyük olsun.
Region dövlətlərini əndişələndirən də budur. Suriya və İraq kürdlərin bu ambisiyasının qarşısında duracaq halda deyillər. Onlar bu şanslarını itiriblər. Ancaq regionun iki qüdrətli dövləti İran və Türkiyə Kürdüstan dövlətinin yaranmasına ona görə qarşıdırlar ki, özlərinin kürdlər yaşayan vilayətlərində separatizm dalğasının baş qaldıracağını, dövlətin parçalanmaq və labüd müharibə təhlükəsi qarşısında qalacağını bilirlər.
Bu gedişlə elə də olacaq. Tarixən qan çanağı olmuş regionlarda yeni bir dövlətin əmələ gəlməsi qan-qadasız olmur. İsrail dövlətinin yaranması, öz ayağı üstündə durması da 6 günlük qanlı müharibədən sonra mümkün oldu. O zaman qonşu ərəb dövlətləri İsrailin mövcudluğu ilə barışmırdılar (elə indi də barışmırlar, amma dözürlər).
Tərs kimi, Kürdüstan dövləti quran şəxslər bu layihədən narahat olan dövlətləri əmin-arxayın etmir, müstəqil Kürdüstanın onların ərazi bütövlüyünü təhdid etməyəcəyi barədə söz vermirlər. Ona görə də regionun köklü dövlətləri “ilanın böyüyüb əjdaha olması”nın qarşısını almağı düşünürlər.
Ancaq bir məsələ də var ki, ABŞ və Avropanın qüdrətli dövlətləri Yaxın Şərqdə yeni bir dövlətin yaranmasına rüsxət və hərtərəfli dəstək veriblər. Kürdüstan qatarının lokomotivi onlardır.
Bəs Kürdüstan dövləti qurularsa, necə bir dövlət olacaq?
Heç nə, o da qurulub başa çatsa, bildiyimiz şərq dövlətlərindən biri olacaq. Əmi prezident, qardaşoğlu baş nazir, yeznə parlament sədri, bacanaq müdafiə naziri…