Загрузка...

AzTV-yə təzyiqlərə son qoyulsun!

Ortalığa maraqlı, ekzotik bir cinayət işi çıxıbdır. Ekzotik adlandırmağım bunun ölkəmizə yaraşmayan, analoqu olmayan inkişafımızla uyuşmayan cinayət olmasıdır. Oxuyursan, adamın tükü ürpəşir. Dağda maşını vurub dərəyə salmaq istədilər, güllə ilə vurdular ölmədi, nə bilim, betona qarışdırıb “Yeni Həyat” yaşayış massivində divara hörmək fikrinə düşdülər…

Elə bil biz regionun lider dövlətində yox, hansısa feodal Siciliya adasında yaşayırıq, rayonun icra hakimi də Təfəkkür Universitetinin hüquqi-beynəlxalq-politologiya-münasibətlərinin kommersiya iqtisadiyyatı fakültəsinin məzunu Gülbala müəllim yox, “Koza Nostra” mafiya təşkilatından Vito Korleone müəllimdir. İddia olunur ki, kimlərsə mütəşəkkil quldur dəstəsi yaradaraq AzTV sədri Arif Alışanovu öldürmək istəyibdir. İstəsən bunu söz azadlığına təzyiq sayıb “Sərhədsiz reportyorlar”ın illik hesabatına salmaq olar. Mehman Əliyevin qəfil tutulub-buraxılmasından sonra bu, bizim media bataqlığı aləmində ən böyük qalmaqaldır.

Quldurlar Arif müəllimin telekanalda Azərbaycan həqiqətlərini dünyaya, həmçinin uca millətimizə və sevgili xalqımıza çatdırmasından narahat olubmuşlar. Bunların bir ucu hakimiyyət daxilindəki klanlara, mafiyalara, dövlətçiliyə zidd qüvvələrə gedib çıxırmış. O biri ucu isə xaricdəki ermənipərəst dairələrə. Ən son dəfə Arif müəllim AzTV-nin “Xərəblər”… üzr istəyirəm, “Xəbərlər” proqramında ofşor hesablarda milli pullarımızı gizlədən məmurlar, devalvasiyadan əziyyət çəkən bank kreditçiləri, qul bazarında dilənçilik edən zəhmətkeşlər haqda süjetlər verdikdə artıq bunların (Cəlal əmi demişkən, “bınnar”; rəhmətlik bunu çox şirin söyləyərdi, sanardın cəbr elmindəki binar münasibətlərdən bəhs edir, əlbəttə, alim adam ayrı şeydir) səbr kasası daşıb, gizli toplantıda qərar verilib ki, Alışanovun başı gətirilməlidir. Killer dəstəsi yaradılıb. Onlar qabaqca Arif müəllimi Şamaxıya növbəti jurnalist araşdırmasına gedərkən maşınla vurub dərəyə yuvarlatmaq istəyibdir. Lakin Arif müəllimin “Toyota”sı quldurların “Niva”sının taran zərbələrində mətanətlə sinə gərmiş, heç cür aşmaq istəməyibdir. Deyilənə görə Arif müəllim bu anda canlı bağlantı ilə AzTV-nin “Dərələrdən, təpələrdən” verilişinə qatılıb, bildirib ki, əlindəki son reportajı hazırlamadan əcələ can verməyəcəkdir.

Sonra güllə ilə vurmaq istəyiblər. Bu niyə alınmayıb, doğrusu, məhkəmə reportajının həmin yerini oxumağa həvəsim olmadı. Üstəlik, müttəhimlər iddia edir ki, bu əhvalat başdan-ayağa quraşdırmadır, guya heç kim Alışanova sui-qəsd etmək istəməyibdir. Ay hay… Siz dediniz, biz də inandıq. Keçən ay bir informasiya agentliyinin müdirini tutub zindana salanda da deyirdilər guya xəbərimiz yoxdur. Axırda rəhbər işə qarışdı, müdir azadlığa çıxdı.

Burada bir haşiyə çıxım. Əslində hər sahədə jurnalistlər öndədir, canlarını vətənə fəda edirlər. Elə bu son agentlik şefinin həbsi əhvalatını götürək. Qərbdən hökumətə təzyiqlər gözlənilirdi, hökumət agentliyin şefini türməyə saldı. Sonra buraxdı, nəticədə Qərb hadisəni alqışladı, təzyiqlər də yaddan çıxdı. Bir növ, Molla Nəsrəddinin yorğan əhvalatı kimi. Bir gecə Molla evdə arvadı ilə yatarkən küçədə səs-küy qopur. Hava soyuq olduğundan yorğanı da çiyninə atır. Küçədə oğrular yorğanı qapıb qaçır. Evə qayıdanda arvadı deyir o nə səs-küy idi. Molla deyir: “Heç nə, arvad, dava yorğan davası imiş. Yorğan getdi, səs də kəsildi”.

Qayıdaq Arif müəllimin əhvalatına. Əlbəttə, bayaq yazdığım ssenarilər hamısı, necə deyərlər, xəyal ürünü idi. AzTV sədrinə sui-qəsd isə biznes üstündə imiş – kimsə onun pullarına göz dikibmiş. Bizi xarici ölkələrdən fərqləndirən də elə budur. Orda jurnalisti söz üstündə vurmaq istəyirlər, bizdə pul üstündə. Çünki bizdə söz qalmayıb, çoxlu pul var ancaq. Orda jurnalistika var, bizdə zurnalistika. Orda KİV dördüncü hakimiyyətdir, bizdə KİV dördayaqlı məxluq yerinə də qoyulmur. Orda qanun şahdır, bizdə…

Çox da uzatmayım, bunu 167 il qabaq Axundov yazıb qoyubdur: “ Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız uzun libas geyər, onların arvadları gödək libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”.