Ələt-Astara yolunda ağır qəza: 4 ölü, 3 yaralı

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-muğan bürosunun xəbərinə görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan mağıstral yolun istismara verilməyən hissəsində baş verib.

***

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

***

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb.