Bakıda daha bir yol polisi humanist addım atıb.
Teleqraf.com xəbər verir ki, bu gün rayondan Bakıya gələn avtobusda sərnişinlərdən birinin səhhəti qəfil pisləşib. Sürücü avtobusu Nəvai polis postunun yanında saxlamağa məcbur olub.
Sərnişinlərin müdaxiləsi nəticə vermədiyi üçün təcili tibbi yardım çağırılıb. Amma tibbi yardım gecikib, bu zaman Anar adlı yol polisi inspektoru xəstəni anası ilə birgə maşına əyləşdirərək 1 saylı Kliniki Tibbi Yardıma çatdırıb. Polis yolda iki dəfə halı pisləşən xəstəyə ilkin yardım göstərib. Xəstəxanada xəstəni həkimə təhvil verəndən sonra polis 1 saata yaxın nəticəni gözləyib. Xəstə yaxşılaşandan sonra polis xəstəxananı tərk edib.
İnspektor Anar fotoda gördüyünüz avtomobillə xəstəni xəstəxanaya çatdırıb.