Bütün zamanlarda batil inanclara tapınmaq, cadu etdirmək, fala baxdırmaq mövcud olub. Elmin, texnikanın inkişaf etdiyi dövrdə yaşamağımıza baxmayaraq, hələ də falçıların qapılarında saatlarla yaranan növbələr, məzar daşlarının altından qıfıl tapan insanlar mövcuddur. Bir çoxları problemlərinin həllini, varlanmağın, işdə qabağa getməyin, şansının bol olmasının açarını falçılarda, onların yazdıqları dualarda, cadularda görürlər. Xüsusilə də gəlin-qayınana münasibətlərinin tənzimlənməsində, məşhurlaşmaqda, kiminsə ailəsinə müdaxilə etməkdə bu vasitədən istifadə geniş yer alıb. Hətta bu yaxınlarda sosial şəbəkələrdə sancaqlanmış bir kişi şəkli yayıldı və bildirildi ki, ona cadu etmək üçün bu vasitədən istifadə ediblər.
Bununla yanaşı mətbuatda yer alan məlumatlardan aydın olur ki, şou-biznes nümayəndələri arasında da cadu və fal geniş yayılıb. Evindən, həyətindən, maşınından, paltarından cadu tapdığını iddia edən xeyli sayda sənət nümayəndələri var.
Maraqlıdır ki, onların əksəriyyəti bu caduları onlara məhz sənət yoldaşlarının etdiyini düşünür. Elə bu mövzu ilə bağlı Ailem.az bir neçə şou-biznes nümayəndəsinə müraciət etdi.
Müğənni Roza Zərgərli deyir ki, ona günün 24 saatı cadu edirlər: “Amma mən bunlara inanmıram. Bilirəm ki, bütün olanlar Allahın əlindədir. Əgər mənə nəsə olacaqsa, bu, caduya görə olmur. İndi də mənə deyirlər ki, sənə cadu edirlər. Mən isə buna gülürəm. Çünki nə fala, nə caduya inanıram. Amma elmi baxımdan astrologiyaya, numeralogiyaya inanıram. Mən özüm uşaqlıqda 40 gün yataraq ayılmamışam. O zaman ətrafdakılar anama deyiblər ki, sənin qızına vergi verilib, bunu qəbul et. Anam deyib, məni başqa şey maraqlandırmır, sadəcə qızımın sağlamlığını istəyirəm. Halbuki bu, vergi deyildi, latergeya yuxusu olub və bunun da elmi izahı var”.
“Cadu etdirmək pis əməldir. Bu cür əməllərlə məşğul olanların elə özlərinin başına pis əməllər gəlir. Özü-özünə edən pisliyi el-aləm yığılsa, heç kim edə bilməz”, – deyən əməkdar artist Elza Seyidcahan bildirir ki, bu cür inanclar hər zaman olub. O, bəd nəzərdən qorunmaq üçün üzərlikdən istifadə etdiyini açıqlayıb: “İnsanlar var ki, falın azarkeşidir. Deyirlər fala baxma, faldan da geri qalma. Xalq inanclarında olan fallar bəzən düz çıxır. Qızım nişanlı bir qızın toy xonçasından götürdüyü konfeti yatanda yastığının altına qoymuşdu və yuxuda indiki həyat yoldaşını görmüşdü…
Mən özüm də əvvəllər kartla fala baxdırırdım. Bir rəfiqəm var idi, həmişə əlində kart olardı. Mənim də xoşum gəlirdi, evlərinə gedəndə deyirdim ki, kart aç. Amma sonra gördüm ki, mən nəyi istəyirəmsə, o olmur. Daha bundan vaz keçdim. 20 ilə yaxındır ki, falçıya getmirəm, karta baxdırmıram…”.
Elza Seyidcahan falla bağlı uşaqlıqda başına gələn bir əhvalatı da xatırlayır: “Məktəbdə oxuyan zaman qızlarla yığışıb getdik bir falçı qadının yanına. O zaman mənim bacım universitetə hazırlaşırdı. Mən də falçıdan bu barədə soruşdum dedi ki, bacın universitetə qəbul olmayacaq. Mən də gəldim anama dedim ki, bacım bu il ali məktəbə girməyəcək. O zaman anam məni danladı. Doğrudan da həmin il bacım universitetə qəbul olmadı, baxmayaraq ki, çox yaxşı hazırlaşırdı. Mən yenə həmin falçıya getdim, dedi, ikinci il də qəbul olmayacaq. Bu dəfə isə anam məni möhkəm döydü. Yenə bacım kəsildi. Sonra həmin falçı bildirdi ki, bacının bir paltarı var, onun ətəyindən kəsib yandırsanız düzələr. Amma o dedi ki, mən yalnız fala baxıram, cadunu təmizləyə bilmirəm. Gedin bir qaraçı arvad var, Nadejda xala ona deyin təmizləsin. O, mənim bacıma su verdi, paltarını yandırdı. Qəribədir ki, bacım əvvəlki illərə nisbətən daha az hazırlaşsa da, həmin il ali məktəbə qəbul oldu”.
Bir müddət əvvəl ona və həyat yoldaşı Musa Musayevə qayınanasının cadu etdirdiyini deməsi ilə gündəmə gələn müğənni Təranə Qumral isə bildirdi ki, artıq caduya inanmır: “Düşünürəm, hansı əsrdə yaşayırıq ki, cadu, filan olsun. Caduya bu işlə məşğul olanlar inanır. Onlar elə bilir ki, cadu yolu ilə nəsə etmək mümkündür. Vaxtilə mənə qarşı da cadu olub. Amma ən çox Musa müəllimə cadu edirdilər və o, özü də buna inanırdı. İndi mən Musa müəllimi də fikirlərindən daşındırdım ki, daha belə şeylər barədə düşünməsin”.
Müğənni Afaq Aslan deyir ki, fala baxdırmır, çünki falçıya getmək ona düşmür. O etiraf etdi ki, vaxtilə cadunun qurbanına çevrilib və bu vasitə ilə ona təsir ediblər: “Keçmiş həyat yoldaşım mənə elçi gələndə onu sevmirdim. Onunla ailə qurmaq fikrim qətiyyən yox idi. Düşünürdüm ki, mənim kimi bir qız ona necə “hə” deyə bilər? Aramızda dağlar qədər fərq var idi. Lakin biixtiyar olaraq birdən-birə onu sevməyə başladım. Hətta o dərəcədə sevirdim ki, deyirdim, ya onunla ailə quracam, ya da heç vaxt heç kimə ərə getməycəm. Daha sonra mənə məlum oldu ki, ərim onu sevməyim üçün mənə cadu etdiribmiş. Bunu sonralar özü mənə etiraf etdi”.
Müğənni Günel Məhərrəmovanın sözlərinə görə, cadudan təmizlənməyin yolları var və ondan azad ola bilirsən: “Mən caduya da, fala da inanıram. Nəinki biz müğənnilər, ümumiyyətlə, çox insanlar falçıya müraciət edir. Yalandan da deyirlər ki, getmirik. Amma falçıya gedəndə də növbədən içəri girə bilmirsən. Mən tanıdığım çox məşhurlar var ki, bütün günü yatıb qalırlar falçıda. Amma bunu gizlədirlər, danışanda deyirlər ki, nə fal, nə cadu?! Mən şəxsən falçıya gedirəm. Bu, mənə maraqlı gəlir. Məsələn, filan işim necə olacaq? Təbii, bilirəm, bütün olanlar Allahın əlindədir və bəndə nə karədir ki, onu dəyişsin. Sadəcə kiçik maneələri aradan qaldırmaq olur”.
G.Məhərrəmova düşünür ki, ona cadu edənlər çoxdur: “Mənə o qədər cadu edirlər ki… Amma cadu edənlər sənətçilər deyil. Mən bəyəm bir nömrəli müğənniyəm, ya elə oxuyuram ki, bütün konsert salonları dolub-daşır? Yaxud mən elə pullar qazanmıram ki, sənətçi gedib paxıllıqdan ayağımın altını qazsın. Yox… Mən bilirəm də vaxtı ikən o qədər adamlar olub ki, onlara çörək vermişəm, indi mənə bədxah olublar.
Öz inandığım bir falçı var, ona müraciət edirəm. Hansısa işlərimlə bağlı mənə xəbər verir. Düzdür, dediyi 100 faiz eyni olmur, amma haradasa təsəlli tapıram. Bunun üçün stabil məbləğ ödəyirəm. Bəzən xoşuma gələn bir şey olanda bir az artıq ödəyirəm. Falçılarla bağlı bir xatirəmi də paylaşım. Bir dəfə qızlarla qoşulduq getdik bir falçı kişinin yanına, hamımıza ruzi duası yazdı. Hamı pullandı, amma mən, əksinə, müflis oldum. Sadəcə olaraq kartla, ən çox da kofe ilə falıma baxdırıram. Kim mənə nəsə edirsə, onların qarşısını alıram”.