Çində alimlər yeni mühərrik kəşf elədiklərini açıqladılar. Guya burada kənar impuls olmadan maşın işə düşəcəkdir. Sadə desək, indiki mühərriklərin hər birində fizika qanunları işləyir: enerji yanır, hərəkət yaradır. Avtomobildən tutmuş qatara, gəmidən raketə qədər hər şey bu cür işləyir. Lap elə insan özü də. Kainatda bütün hərəkətlərin əsasında impuls, enerji dayanır. Çinlilərin “qayırdığı” isə mikrodalğa sobaya oxşar bir zaddır, guya bunun içində elektromaqnit dalğası öz-özünə hərəkətə səbəb olur.
Bütün fizika elmini şübhə altına salmaq kimi bir şeydir, o üzdən ciddi alimlərdən kimsə bu söhbətə inanmadı. Ancaq çinlilərə nə var… İndiyə qədər dünyada hər şeyin saxtasını, necə deyərlər, “kitayskisini” düzəltmiş adamlardır, istəsələr təzə fizika elmi də düzəldərlər. Həmin fizikada əks-təsir təsirə bərabər olmaz. Alma Nyutonun başına yox, ağzına düşər. İşıq sürəti tısbağa sürəti ilə eyni olar və sairə.
Örnək üçün, bunun bir modelini bizim Azərbaycanda çoxdan düzəldiblər. Cəmiyyətə nə qədər təsir edirsən et – xeyri yoxdur, əks-təsirin qığını da görməzsən. O cümlədən, dəli şeytan deyir ki, impuls olmadan, kənar enerji, yanacaq istəmədən daim qabağa gedən o mexanizmi bizdə çoxdan kəşf ediblər, adı da Azərbaycan xalqıdır. Yaxşı mənada. O arada-bərədə, ildə intihar edən 500 nəfər, ölkədən qaçan 5 min nəfər də hesab elə cəmiyyət maşını cartacurtla irəlilədikcə vintlərdən, dişciklərdən-zaddan qopan qığılcımlardır.
Bu yaxında bir rayon polisindən yazı çıxmışdı. Müxbir bəh-bəhlə yazmışdı ki, polis rəisi kimsəsiz ailələri himayəyə götürübdür. Hətta bir ailənin 3 ay ərzində bütün xərcləri qarşılanıbdır. Sitat: “Rəisin tapşırığı əsasında həmin ailənin üç aylıq ərzaq tədarükü qarşılanıb. Bu ərzaq səbətində ailənin qida ehtiyaclarından tutmuş, uşaqların istəklərinə, məişət ləvazimatlarından, gündəlik tələbat mallarına qədər əhatə edib. Eləcə də Qurban bayramında rayonda yaşayan şəhid ailələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə yardımlar edilib”.
Gördünüz? Adam heyran qalır. Rayonun adını qəsdən yazmıram, yoxsa hamınız qaçıb orda yaşayarsınız, basabas olar… Bəs rəis bu fəaliyyətin maliyyəsini hardan alır? Çinlilər düzəldən maşından!
Anar müəllimin sözü olmasın, mən gərək hər yazımda AYB-nin fəaliyyətinə də toxunum. Son kafe davasında (bizim yazıçıların adı ədəbi qovğada hallanası deyildi ki?) idarə Bakının şefi Hacıbala müəllimi “reyder” adlandırmışdı. Reyder – bir obyekti polislə basıb almaq, başqa adamın adına keçirtməkdir. Əsasən Rusiyada geniş yayılmış fəaliyyət növüdür. Mən bəyanatda bu sözü görən kimi dərhal başa düşdüm ki, onu ora Çingiz Abdullayev dürtüşdürüb. Rusdilli orda əsasən odur axı. Yoxsa bizim sabitlik şəraitində reyderlə nə işimiz? Bizdə obyekti qabaqcadan kim lazımdırsa o da açır. Sonra tutub almağa nadir hallarda ehtiyac yaranır.
Yaxud, Anar müəllim deyir toxun acdan xəbəri yoxdur, yazıçılar acından ölür, bəzi şairin anası öləndə yası yola veririk, bunun hamısı həmin o kafenin icarə pulu ilə olurdu, indi ölü düşsə ehsanı necə verəcəyik və sairə.
Birincisi, bizim qanunvericiliyə, Allahşükür müəllimin isə fətvasına görə gecə klubunun, qadınların çəkdiyi qəlyanın pulu ilə ehsan vermək caiz deyildir. (Bəlkə də məkruhdur, deyə bilmərəm. Ola bilsin sidsuhdur. Hər halda, bunlar üləma hökmünə daxildir, biz bisavadlar qanmarıq).
İkincisi, yenə həmin idarələrin hökmüylə ehsan süfrəsinin sadəliyi ölkəmizdə tətbiqatını tapıbdır. Şairin anası, yazıçının qaynanası öldüsə süfrəyə bir xurma, iki əbədi konfet (bunları da çinlilər düzəldir, daim qənd qabında fırlanırlar, kim risk edib yesə cəhənnəm odunda yanır), uzağı plastik qabda dovğa qoyulsa bəsdir. Bunun üçün də hər il AYB-yə dövlət büdcəsindən ayrılan 1 milyon manat bəs eləməlidir. Bəs siz niyə qanunsuz iş tutub bahalı ehsan vermək istəyirsiniz? Adam beşmərtəbəli evin altıncı mərtəbəsini gecə klubuna icarəyə verəndə hər cür qanunsuz hərəkətə haqq qazanır?
Hələ o aclıq məsələsi lap siyasi təxribata bənzəyir. Yəqin o cümləni də bəyanata AYB üzvü Cəmil Həsənli əlavə edibdir.
İndi söz əlaqədar təşkilatlarındır.