Dünya bazarında dollar sürətlə dəyər itirməkdə davam edir. Xəbər verdiyimiz kimi, ötən həftə Moskva birjasında 2017-ci ilin iyun ayının 14-dən sonra ilk dəfə ABŞ dollarının məzənnəsi 57 rubldan aşağı düşdü. Birjanın rəsmi saytında hazırda 1 ABŞ dolları 56,99 rubla satıldı.
Bunun ardınca türk lirəsi dollara nisbətdə dəyər qazanmağa başladı. Türk lirəsi 1989-cu ildə konvertasiya olunduqdan sonra ilk dəfə 7 aydır davamlı olaraq dollara nisbətdə dəyər qazanır. Lirə bu ilin fevral-avqust ayında 8,49 faiz artım nümayiş etdirib. TL-nin güclənməsində ABŞ Mərkəzi Bankının (FED) faiz artımına getməsi ehtimalının getdikcə azalması da rol oynayır. Artıq dollar türk lirəsinə nisbətdə 3,3999 lirəyə düşüb. Bu da 9 ayın ən aşağı göstəricisidir.
Bu gün Asiya sessiyasında avro da dollara nisbətdə bahalaşmaqda davam edib. 1 avronun məzənnəsi 1.2092 dollara çatıb ki, bu da 2015-ci ilin başlanğıcından etibarən avronun dollar qarşısında ən yüksək qiymətidir. Hazırda avro-dollar münasibətləri 1.2070-1.2090 aralığında dəyişməkdədir.
Ekspertlərin fikrincə, təbii fəlakətlər və onların ABŞ iqtisadiyyatına vurduğu zərər, Şimali Koreya ilə bağlı gərginlik, ABŞ-ın dövlət borcu limiti məsələsinin hələ də öz həllini tapmaması, eləcə də ölkədəki siyasi qeyri-müəyyənlik və ən əsası, FED-in ilin sonunadək faiz dərəcələrini artıracağı ehtimalinin azalması dolları zəiflədən başlıca amillər olaraq qalmaqdadır.
“Yeni Müsavat”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, dünyada gedən proseslərlə Azərbaycandakı məzənnə siyasəti arasında hər zaman birbaşa əlaqə olmur. Azərbaycanın daxilində gedən proseslər daha önə çıxır. Daxildə olan proseslərin manatın məzənnəsinə olan təsiri daha ciddidir. Dünyada gedən və dolların ucuzlaşmasına səbəb olan proseslər iqtisadi səbəblərdən daha çox siyasi səbəblərdən qaynaqlanır.
Son zamanlar ABŞ-ın daxili siyasətindəki problemlər, Trampla bağlı araşdırmaların dərinləşməsi, hətta onun ailə üzvlərinin Konqresdə ifadə verilməyə çağırılması, FED rəhbərliyi ilə Tramp administrasiyasının fikirlərinin uyğun gəlməməsi səbəbindən dollar dəyər itirməkdədir. Çünki bütün bunlar dollar indeksinə mənfi təsir göstərir. İqtisadi səbəblərdən daha çox siyasi səbəblər meydana çıxıb. Nəticədə bütün dünyada dolların ucuzlaşması müşahidə olunur.
Dolların indeksi iki ay öncə təqribən 102 punkta qalxmışdı, indi isə 92 punkta düşüb, yəni 10 punkt geriləyib. Bu da son illərdə qısa zaman ərzində dollar indeksinin ən kəskin düşdüyü dövrlərdən biridir. Son dövrlərdə heç vaxt belə qısa müddətdə dollar indeksi kəskin düşməmişdi.
Ekspertin sözlərinə görə, ABŞ-da baş verən təbii fəlakətin “Harvi” və İrma” qasırğalarının dolların məzənnəsinə köklü təsiri olmayacaq: “Bu cür təbii hadisələrin məzənnəyə təsiri çox cüzi və qısamüddətli olur. Nə qədər qəribə səslənsə də, insanlar üçün faciə olan bu qasırğa, təbii fəlakətlər, biznes üçün bir fürsətdir. Qasırğadan sonra orada təmir-bərpa işlərinin aparılması, yeni investisiya layihələrinin həyata keçirilməsi, infrastrukturun yenidən qurulması biznesi canlandıracaq əsas amillərdən birinə çevriləcək. Hazırki dövrdə bu təbii fəlakət dolların məzənnəsinə mənfi təsir etsə də, bir müddət sonra iqtisadi canlanmaya səbəb olacaq faktorlardan birinə çevriləcək”.
Dolların dünya bazarında dəyər itirməsinin manatı möhkəmləndirəcəyi ilə bağlı iddialara münasibət bildirən N.Cəfərli bunun daxildə gedən proseslərə bağlı olduğunu vurğuladı: “Azərbaycanda isə qəribə bir situasiya yaranıb. Manatın məzənnəsi deyiləndə, əhalinin də, hökumətin də, biznesin də ağlına ancaq manat-dollar münasibətləri gəlir. Bu baxımdan hər gün mətbuatda manatın sabit olduğu vurğulanmır. Ancaq manat yalnız dollara münasibətdə sabitdir. Çünki Mərkəzi Bank inzibati qaydada bu sabitliyi qoruyur. Ancaq manat digər valyutalara qarşı ciddi dəyər itirib. Avroya qarşı son aylarda 15 faiz dəyər itirib, funt-sterlinqə qarşı 10 faizdən çox dəyər itirib, İsveçrə frankına, yapon yeninə qarşı dəyər itirib. Yəni, dünyada dollar istisna olmaqla, ilk beşliyə daxil olan əsas 5 valyutaya qarşı manat ucuzlaşıb. Dolların məzənnəsinə münasibət isə fərqlidir. Çünki bu inzibati qaydada tənzimlənir. Manatın məzənnəsinin oynamasına Mərkəzi Bank icazə vermir. Manatın bundan sonra bahalaşacağını güman etmirəm. Çünki bununla bağlı hökumətin və Mərəzi Bankın qırmızı xətti var. Mərkəzi Bank dolları 1.7 manatdan aşağı düşməyə qoymur. Əgər biz qeyri-neft sektorunun inkişafını düşünürüksə, ixrac potensialını artırmaq istəyiriksə, manat daha ucuz olmalıdır ki, ixrac yönümlü məhsullarımız dünya bazarında yer tuta bilsin. Hökumətin də marağındadır ki, manat ciddi şəkildə möhkəmlənməsin. Hökumət həm də ona görə maraqlıdır ki, Neft Fondundan dollarla büdcəyə transferlər olur, manata ucuzlaşdıqca bu daha çox vəsaitin Neft Fondundan çıxmasına səbəb olur. Bu baxımdan da hökumət manatın möhkəmlənməsində maraqlı deyil. Ona görə də mən manatın möhkəmlənəcəyini gözləmirəm”.
İqtisadçının fikrincə, dünyada və daxildə gedən proseslərə uyğun olaraq, manatın dollar qarşısında məzənnəsi ilin sonuna yaxın müəyyən oynamalara məruz qala bilər: “Bu il Mərkəzi Bankla əlavə olaraq 7,5 milyard manat vəsait verilib ki, manatı sabit saxlasın. Bunun hesabına müəyyən qədər sabitliyə nail olunub. Manatın məzənnəsi hərracda müəyyən olunsa da, hərraca da nəzarət olunur. Çünki başlanğıc qiymətlə, son qiymət arasında heç bir fərq olmur. Hərrac bu cür olmamalıdır, ən azından müəyyən qiymət dəyişikliyi baş. Verməlidir. Bu bir daha onu sübut edir ki, Mərkəzi Bank qiymətləri inzibati qaydada tənzimləyir. Bu vəsait yetərlidir ki, ilin sonuna qədər AMB ən azından ilin sonuna qədər dollar-manat münasibətlərindəki indiki sabitliyi qorumağa nail olsun. Gələn il isə daha ciddi problemlər ola bilər. Çünki gələn il AMB-yə əlavə vəsaitin ayrılıb-ayrılmayacağı məlum deyil. Əgər verilməsə gələn il daha ciddi problemlər yaşana bilər”.
Natiq Cəfərli onu da diqqətə çatdırdı ki, əgər FED bu ilki iki toplantıdan birində faizi artırsa, likvitliyi daraltma ilə bağlı qərar qəbul etsə, dünyada indeksin bahalaşmasını müşahidə edəcəyik: “Dünyada dollar indeksinin bahalaşması avtomatik olaraq Azərbaycana da təsir edəcək. Nəticədə ilin sonuna doğru manatın dollar qarşısında az da olsa dəyər itirməsini müşahidə edə bilərik”.
Musavat.com