Azərbaycanlı astronomlardan ŞOK AÇIQLAMA: Dünyaya 525 km/san sürətlə təhlükə gəlir

Sentyabrın 12-dən etibarən növbəti geomaqnit qasırğası başlayıb.

BAKU.WS-in AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla verdiyi məlumata görə, hal-hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir). Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq). Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur).

Hal-hazırda Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur. 10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının “günahkarı” olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib). Hal-hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib ki, cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 525 km/san-dir və getdikcə artmaqdadır.

Hal-hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.
Qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltlarının (“Aurora borealis”) şəkilləri yenə də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur.

Kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.