Gündəm mövzusu şirnisi getmiş saqqıza dönəndə...

Bilmirəm siz bu “gündəmi dəyişirlər” söhbətini ciddiyə alırsınız, ya yox, amma mənə elə gəlir ki, bu xüsusda cəmiyyətdə, oxumuş adamlar demişkən, paranoidal təbəddülatlar baş verir. Türkün sözü, “keçiləri qaçırırıq”, deyəsən.

Məsələ belədir: bütün başqa ölkələrdə olduğu kimi, hər gün bizim ölkəmizdə də cürbəcür hadisələr baş verir. Bunların içində elə olaylar olur ki, onlar xalqın həssas damarına düşür, ictimai müzakirə başlayır.

Peşəkar mediada, sosial şəbəkədə vay-növsə qopur. Absurda çatan lağlağılar, ciddi-ciddi analizlər baş alıb gedir. Ancaq axırda “çeynənmiş saqqız” effekti yaranır.

Necə ki, çeynənən saqqızın şirnisi gedəndən sonra onu gövşəmək ləzzətsiz iş olur, eləcə də dadı-duzu qaçmış mövzunu gündəmdə saxlayıb müzakirə etmək xalqa ləzzət eləmir.

Üstəlik, gün dəyişib axı. Gün dəyişib və yeni gün öz mövzuları ilə gəlib.

Məsələn, tutaq ki, Elza yeni bir ekssentrik (pis söz deyil) şeir yazıb. Yaxud hansısa deputat bir söz deyib. Və ya daha bir məmur oğlu bahalı maşını ilə camaatın belindən keçib. Yəni bu kimi ictimai müzakirə tələb edən işlər.

Belə olanda camaat dərhal köhnə, dadı-duzu, şirnisi qaçmış söhbəti buraxır, təzə mövzunun üstünə düşür. Sırf şirəli mövzu olduğuna görə.
Bu təqdirdə də yüzlərlə adam başlayır ki, “gündəmi qəsdən dəyişirlər”.

Düzü, əvvəllər mən də şübhələnirdim ki, deyəsən, xoşagəlməz müzakirələrdən bezən hansısa bir dairə ictimai müzakirənin mövzusunu dəyişmək üçün özündən nəsə uydurur, yeni bir olay yaradır.

Bir xeyli izlədim, gördüm, yox, bu gündəm elə şeydir ki, öz-özünə dəyişir, nə qədər dəyişməsini istəməsən də, dəyişməyə çalışsan da, xeyri yoxdur, öz kefi ilə dəyişə-dəyişə gedir.

Hələ ona da fikir verdim ki, hökumətin gündəmi süni şəkildə dəyişməsinə ehtiyac yoxdur. Onsuz da bütün gündəm mövzularının qəhrəmanı özü olur.

Məsələn, cəsur deputat bir qalmaqallı söz deyir, gündəm olur, iki saatdan sonra FB trolları söhbəti çevirirlər iqtidar komandasının üstünə, yazırlar ki, bu cür deputat olan iqtidar elədir, belədir. Ertəsi gün başqa bir məmur daha bir qalmaqallı söz deyir, əvvəlcə hamı deyir, aha, gündəmi dəyişirlər, sonra trollar meydana çıxır, yazırlar ki, mövcud rejimin məmurları belədir, ağızlarının danışığını bilmirlər. Əgər varlı adamın övladı qəza törədibsə, yenə qəzəbli tənqid oxları iqtidara tuşlanır. Kasıb oğlu varlı balasını şapalaqlayıbsa, “harınların cəzalandırılması başlandı” kimi müzakirələr başlayır.

Bu baxımdan, əgər həmişə gündəmdə iqtidar komandası olacaq və söyüləcəksə, daha gündəmi dəyişmələri nələrinə lazımdır, elə köhnə mövzularda tənqid olunsalar, söyülsələr yaxşı olmazmı?

Onu da aydıraq ki, bu gündəm söhbətinə diqqət edən elə bizik – sosial şəbəkədəki 5-6 yüz adam. Xalqımızın öz gündəmi, öz dərd-səri, öz müzakirə mövzusu var.

Bax, o gün Akif Əli “Feysbuk”da hər kəsin dilində-ağzındaykən bir hüzr yerinə getmişdim, camaat oturub Eldar Mahmudovun nazir olduğu vaxt xərac alınan iş adamlarından, aparılıb padvala basılanlardan, milyardların mənimsənilməsindən-filandan danışırdılar. Ağsaqqallar deyirdilər, “pah aponnan, dövləti diricə yeyirmişlər ey”.

Bu auditoriyada heç kəsin xəbəri yox idi ki, Elza təzə şeir yazıb, Akif Əli də böyük alimimiz barədə xoşagəlməz ifadələr işlədib.
Hiss olunurdu ki, bu adamlar gündəmin çox gerisindədirlər. Görün, ləğv edilmiş MTN-in məsələsi nə vaxtdır gündəmdən çıxıb. Hətta bu saat bu məsələni hakimlər belə müzakirə etmir, amma xalq unutmayıb, çünki “dövlətin diricə yeyilməsi” məsələsi balaca məsələ deyil.
Əlbəttə, Elzanın yeni şeir yazması məsələsi də ciddi məsələdir, amma təqaüdü dolanışığına çatmayan ağsaqqal üçün daha vacib məsələ dövlətin bankomatlarda pulun qalıb-qalmamasıdır.

Odur ki, bu “gündəmdəyişmə” söhbətini bağlasaq, yaxşıdır. Camaat yanlış anlayır, elə bilir ki, gündəm dəyişməsə, hansısa mövzu iki gün yox, bir həftə, bir ay müzakirə olunsa, öz-özünə nəsə olacaq və haqq-ədalət yerini tapacaq.

Budur, bu yazı yazılanda Mehman Əliyevi azad etdilər, gündəm dəyişdi, sabah ola bilər, kimisə tutacaqlar, gündəm yenə dəyişəcək. Deputatların da iclasları başlayır artıq, gündəmi dəyişdirə-dəyişdirə gedəcəklər.