Jurnalist Mehman Əliyevin ev dustaqlığına buraxılması ölkəmizdə demokratiyanın inkişafı baxımından irəliyə doğru mühüm addım oldu. Biz hamımız artıq Mehman müəllim kimi optimist olmağa meyllənirik. Demək o nəsə bilirmiş. Yoxsa nikbinliyin nəticəsini cəmi 1 ayda görməsi çətin olardı. Qədim Çin müdrikləri də bu haqda deyiblər ki, əgər sən dünyaya qara gözlə baxsan dünyanı qara görərsən, mavi gözlə baxsan mavi, qəhvəyi baxsan qəhvəyi. Polad Alemdarın da yaxşı fikri var bu temada: “Sonunu düşünən qəhrəman olamaz”. Danimarkalı filosof Seren Kyerkeqor isə deyibdir: “Xoşbəxtliyin qapısı bayıra açılır”. Futbolçularımız danimarkalıları yaxşı mələtdilər.
Qapı demişkən, nəyə inanırsınızsa ona and olsun ki, mən elə srağagün ev dustaqlığı haqda düşünürdüm, heç ağlıma da gəlmirdi sabah açılacaq və Mehman müəllim ev dustağı olacaqdır. Əslində heç düşüncəmin istiqaməti Mehman müəllimə aid deyildi. Özümü, bir çox yaxın adamları yada saldım, gördüm biz özümüz də Azərbaycan adlı məkanda yavaş-yavaş ev dustağına çevrilib gedirik. Bax misal üçün, qabaqlar biz jurnalistlərin, fərqli düşünən insanların toplaşdığı müxtəlif məkanlar var idi. Filan qəzetin redaksiyası, nə bilim, beşməkan jurnalın çayxanası, iks partiyasının qərargahı, gənclərin kafesi və sairə. İndi müxtəlif repressiyalar üzündən – siyasi, iqtisadi təzyiqlər – bunların hamısı bağlanıbdır. Bəzisini dibindən söküblər, daşı daş üstdə qalmayıb. Həmfikirlərimizin qaça biləni qaçıb, qaça bilməyənini tutub qazamata salıblar. Nəticədə biz də olmuşuq bayırda ev dustağı. Bu, oksümoron deyil, həyat həqiqətidir. (Oksimoron – zidd anlayışların bir ifadədə cəmləşməsidir. Misal üçün, soyuq ocaq, ölü can, yeniləşən Azərbaycan və sairə).
Arada dükan-bazara çıxmaq, nə bilim, uşağı parka aparmaq hələ azadlığa dəlalət etmir. Çünki ev dustaqlığının hüquqi prosedurunda elə sutkada bir-iki saat küçədə gəzmək imkanı da nəzərdə tutulurmuş.
O cümlədən, azərbaycanlıların hansısa kontora, məktəbə, xəstəxanaya gedib-gəlməsi azadlıq sayılmır. Biz millət olaraq ev dustağıyıq. Burada ev həm də simvoldur. Biri evlənib dustaq olur, başqası evlənməyib. Biri hökumətdən ev alıb özünü tora salıb, başqası ala bilməyib həmişə bunu fikirləşərək dustaqdır. Nəsə, çox fəlsəfəyə getməyək, yoxsa bütün planeti ev dustağına çevirəcəyik. Qayıdaq Mehman müəllimin yanına. Ta keçib, bir simvol da Mehman müəllimin adından qoşaq. Onun adı qonaq anlamını verir. Qonağı ev dustağı yapmaq isə bizim tarixi adətlərimizə yaraşmaz. Biz qonağa həmişə evin ən yaxşı otağını ayıran millət olmuşuq.
Düzü xəbərləri çox izləmədim, ümidvaram hər kəs dünənki hadisələrdən sevindiyini bəyan eləmişdir, ABŞ səfiri isə daha narahat olmamağa söz vermişdir. Əslində dünən doğrudan nəsə qəribə gün idi. Bilmirəm 11 sentyabrın havasında nə var idi, demokratik addımlar dalbadal atılırdı, hətta gorbagor Bin Laden bu havanı udsa bəlkə 16 il qabaq o qələti eləməzdi. Lapşini əfvə salırdıq, Nardaran kəndinin yarısını türmədən buraxdılar, Mehman müəllimi də ta bilirsiniz. Bəlkə də Günəşin Yerə yaxınlaşması və Ayın burcutması haqda o məşhur Vatsap mesajlarının təsiri idi. Bir gündə o qədər demokratik addım atdıq ki, hətta arada Avropadan, Amerikadan arxamızca qışqırıq qopmuşdu, deyirdilər yavaş gedin, sizə çata bilmirik.
Ancaq millət gərək bundan çaşmasın, şadlığına şitlik eləməsin. Sevinməliyik, lakin müəyyən qədər. Çünki bu iş belə qalmayacaqdır şübhəsiz. Yenə hansısa “Mehman” tutulmalıdır. (Biri hələ də türmədədir – bloqçu Mehman Hüseynov. Dəli şeytan deyir 12 sentyabrda da onu əfvə salasan, dünya sevindiyindən Qarabağı qaytara). Kimsə tutulmasa bəs biz demokratiya yolunda necə addımlayarıq? ABŞ bizim hansı hərəkətimizi alqışlayar, Avropadan gələn məruzəçilər kürü yaxmacını nəyə görə alarlar? Bu proses bizim milli “Cırtdan” nağılında əksini tapıbdır. Cırtdan div müəllimə deyirdi ki, nənəm mənə yatmazdan öncə yaxmac verirdi.
Deyəsən orda qayğanaq idi, ancaq yola verin getsin. Ev dustağında səhv tutmazlar. Üstəlik, gecə qayğanaq yemək Cırtdanın səhhətinə ziyandır. Sonra uşaq böyüməz. Sonra gəl Cırtdana verilən işgəncələr üzrə hesabatın rüşvətini ödə…