Düşməni öz üsulu ilə əzmək

Qarabağa dair daha bir yüksək səviyyəli görüş nəticəsiz bitdi: Moskvada Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşündə simvolik anlaşma belə əldə olunmadı. Əslində hansısa nəticə gözlənilmirdi də. O zaman sual ortaya çıxır ki, belə görüşlər kimə və nəyə lazımdır? Dağlıq Qarabağ konfliktinin həllində əsas söz sahibi olduğunu bir daha göstərmək istəyən Rusiyayamı?

Ola bilər. Amma daha bir hədəf güman ki, Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını dünyaya nümayiş etdirmək idi – hansı məqam ki, hörmətli Şeyxin dilindən məxsusən səsləndi. Bu və digər dərəcədə eyni yanaşma erməni katolikosu və Rusiya patriarxı Kiril tərəfindən də bəyan edildi.

Ancaq hamı bilir ki, Qarabağ – sırf dinlərarası ixtilaf olmasa da, din amilindən xali də deyil. Ermənistanın indiyədək işğalçı kimi tanınıb, ona sanksiyalar tətbiq olunmamasının bir səbəbi məhz Avropa və ABŞ-da ona bəslənən gizli-açıq xristian təəssübkeşliyi ilə bağlıdır. Təsadüfi deyil ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərin arasında Avropadakı xristian-demokrat ideologiyasının daşıyıcıları da az deyil.
Hiyləgər ermənilər, əlbəttə ki, din amilini əsla boyunlarına almaz, qabartmazlar. Çünki 1.5 milyardlıq müsəlman aləmində də özlərinə dost-tərəfdaş axtarırlar. Və tapırlar da əfsus ki.

“Məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Bu sözləri iki gün öncə Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qazaxıstan toplantısında bəyan edib. Ancaq nə yazıqlar ki, məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələri arasında da özünə dost-simsar tapa bilib – İran timsalında. Cənub qonşumuz nəinki işğalçının köhnə dostlarındandır, üstəlik, onun müttəfiqi və xilaskarıdır, sonuncudan ötrü “nəfəslik” rolundadır.

Dəfələrlə yazmışıq, bir daha yeri var qeyd edək ki, əgər müsəlman İran da müsəlman Türkiyə və Pakistan kimi təcavüzkar Ermənistana təcavüzkar kimi münasibətdə olsaydı, sərhədləri bağlı saxlasaydı, Qarabağ məsələsi çoxdan həllini tapar, bunca günahsız müsəlman, körpə Zəhralar qurban getməzdi. Çünki o halda Ermənistan birdən-birə 3 əsas qonşusunun – Azərbaycan, Türkiyə və İranın blokadasına tab gətirə bilməzdi.

Bu mənada islam ölkələrinin əsas təşkilatı kimi İƏT-in üzərinə İranla bağlı xüsusi məsuliyyət payı düşür. Doğru, qurum Ermənistanı işğalçı kimi tanıyıb, ötən il Qarabağla bağlı “Təmas qrupu” yaradıb. Amma və lakin İran kimi iri müsəlman dövləti işğalçı ölkənin himayədarı kimi çıxış edirsə, bu qrup, bütövlükdə təşkilatın özü nə edə bilər ki? Bu, elə İƏT-in Ermənistanla bağlı məlum qərarının sabotaj edilməsi deyilmi?
Nədən İƏT Fələstin məsələsində olduğu kimi, Qarabağ məsələsində də qətiyyət göstərməsin? Məsələn, Tehranı xəbərdar eləməsin ki, İran qurumun işğalçı kimi tanıdığı Ermənistanla əlaqələri dayandırsın? Əks halda təşkilatdan xaric edilsin bu ölkə. Yoxsa ki, İran bir yandan Ermənistanı təcavüzkar kimi tanıyan sənədə səs verir, o biri yandan da həmin təcavüzkara qucaq açaraq, geniş əlaqələr qurur – Fələstin məsələsindəki prinsipiallığa tam əks bir mövqe tutur Tehran.

Ermənistanın isə onsuz da xristian dünyasında da gizli-açıq havadarları var. Əlbəttə ki, burada erməni lobbisinin “əməyi” danılmazdır. Daha bir fakt: Ermənistan 2014-cü ildə Krımın Rusiyaya zorla birləşdirilməsini dəstəkləyən, BMT-də Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verən 9 ölkədən biridir. Azərbaycan isə əksinə, o zaman da, indi də Ukraynanın yanında yer alıb. Di gəl, P.Poroşenkonun hökumətində bu gün nə az, nə çox – iki erməni nazir təmsil olunub: daxili işlər və infrastruktur nazirləri (Avakyan və Omelyan). Azərbaycanlı təbii ki, həmin kabinetdə yoxdur.

Bizcə, bu, tək erməni fərasətinin məhsulu deyil. Eyni zamanda gizli xristian təəssübkeşliyinin növbəti təzahürü, təntənəsidir. Qərbin, ABŞ-ın Krıma görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib, işğalçı Ermənistana yardımlar ayırmasının, onu himayə eləməsinin qayəsində də eyni motiv dayanır – din və lobbi amili…

***

Azərbaycan ətrafında son baş verənlər bir daha göstərdi ki, biz əslində işğalçı Ermənistandan qat-qat çox, erməni lobbisi və onun güclü şəbəkəsi ilə üz-üzəyik. Odur ki, beynəlxalq miqyasda düşməni onun öz üsulu ilə əzməyin təklif edənlər tam haqlıdırlar. Qarabağı qaytarmağın yolu həm də erməni lobbisinin gücünü neytrallaşdırmaqdan keçir – hansı yolla olur-olsun.