Mobil telefonlara Günəşlə bağlı mesajlar göndəribmişlər. Guya Ay Yerə yaxınlaşacaq, bununla Günəşin maqnit dalğaları güclənəcəkmiş. Nəticədə insanlar ölə bilərmiş, gərək telefonu gecə filan saatdan filan saata qədər söndürsünlər.
Eyni vaxtda bir filoloq alim də araşdırıb tapıbmış ki, sən demə, Abdulla Şaiqin “Xoruz” şeiri plagiatdır. Guya şair bunu hansısa rus şairindən tərcümə edibdir. Guya bizim üçün çox böyük fərqi vardır. Xoruz hər yerdə xoruzdur da bə. Suyunu-dənini, toyuğunu ver, banlasın özü üçün. Siz bundan danışmayın. Ondan danışın ki, “Tülkü həccə gedir” kimi dahiyanə poeması olan millət niyə təzədən fırlanıb gəlib bu vəziyyətə düşübdür. Böyük Mirzələrdən biri demişkən, “təzədən palçığa giribdir”. Xüsusən indiki zəmanədə o əsər necə böyük görünür, ilahi! (Tanrıya müraciəti qəsdən yazdım, gəlib başımızı kəsməsinlər). “Tülkü olub peşiman, Tökməyəcək bir də qan. Mömin olmuş bu kişi, Bizimlə yoxdur işi” – gözəlliyə baxın. İddia edirəm ki, nəinki Şərqdə, heç Qərbdə də belə mənalı şeir, tragikomediya yazılmayıbdır. Satira deməyə də dilim gəlmir, çünki bu nəsə başqa mərhələdir. Onu yazanda sanki sirlər aləminin qapısı Abdulla Şaiqin üzünə açılıbmış.
Hə, başqa şeydən yazırdıq. Məntiqlə, Ay Günəşin şüalarını əks etdirir, Yerə yaxınlaşanda da güzgü effektiylə bizə istini daha çox vuracaqdır. Keçən həftə asteroid Yerə yaxın keçdi, pomidorların hamısı qorxudan qurdlamışdı.
Bax həmin o telefon mesajı yayanlar bu elmi məntiqdən çıxış edirlər. Gərək özümüzü yaxşı aparaq, hökumətin qayğısı üzərimizdə olsun. Odur, görmürsünüz Amerikanı tufan nə kökə saldı? Ard-arda gəlir, hamısının da zənən adları var. Çünki Allahın xoşuna gəlməyən işlərə giriblər, dünyanı qarışdırıblar, Suriyanı burulğana salıblar, zənən xeylaqlarına vəzifə veriblər, hətta biri az qalmışdı prezident olsun, tövbə əstəgfürullah… Bizdə isə qurd quzu ilə, timsah dəvə ilə, icra hakimi jurnalistlə yanaşı göyərti yeyir, maşallah, göz dəyməsin. Bizi istəməyənlər ölsün. Gözləri kor olsun, Valeh müəllim demişkən. Hansı? Əcəb unutqan millətsiniz, vallah. Deputatlarımızın vitse-spikeri Valeh müəllimi deyirəm.
Hələ bir vitse də var, ancaq o Baş nazir Artur müəllimin müavinidir. Adını tərs yazsan müğənni alınır, başlayır “Ağabala Çaykovski” mahnısı oxumağa. Tapın görək o kimdir. Düzgün cavab yazan ilk üç nəfərə 3 milyard kupon veriləcək, “Gilas səbəti” marketlər şəbəkəsindən pulsuz fen mükafatı ala bilərsiniz, sonra başınızı rahat qurudun, yaş başa axmaq fikirlər, müxalif düşüncələr asan girirmiş. Zarafat edirəm, tapmayın, nəyinizə lazımdır? Belə tapmacalarda heç bir xeyir yoxdur.
Ta kosmik mövzu düşmüşkən, bir dənə də “Marslı” kinosundan çıxan nəticəni yazaq. Mett Deymonun çəkildiyi, Barak Obamanın çox xoşladığı Hollivud filmini deyirəm. Orda Marsda tək qalan astronavt yaşamaq üçün kartof əkirdi, torpağı isə öz nəcisi ilə gübrələyirdi. Əks halda, orda kartofun bitməsi mümkün deyilmiş. Oxuduğuma görə o film tam elmi əsaslarla yazılmış bir kitab üzrə çəkilibdir. Yəni kartofu öz nəcisində becərmək Marsda doğrudan hansısa nəticə verərmiş. Bəs biz niyə dağa-daşa düşüb, itdən-qurddan yardım əli gözləyirik? Niyə özümüz öz aramızda əkinçiliklə məşğul olmayaq? Onsuz ortalıq yetərincə bulaşıqdır. Nə səpsən bitəcəkdir.
Sonda yenə sözü Abdulla bəyə verirəm. Səni unutmaq olarmı, böyük insan?
“Uçdu hərə bir yana,
Düzə, çölə, ormana
Çölü basdı qışqırıq,
Qopdu böyük fısqırıq”.