İnternetdə, Youtube saytının, necə deyərlər, rus sektorunda qarşıma bir video çıxmışdı. “Stalinin vaxtında rüşvəti necə alırdılar” adlanırdı. Maraqlı gəldi, çünki bizdə, xüsusən homo sovetikus-lar arasında belə daşlaşmış mövqe var ki, guya Stalinin vaxtında SSRİ-də ümumiyyətlə korrupsiya olmayıbdır. Repressiya olub, buna da haqq qazandırmaq guya mümkündür – dövlət qururdular, xarici müdaxilə-zad… Ancaq kişilər əsas odur təmiz işləyiblər. Videoda həmin dövrün araşdırmaçısı, gənc tarixçi xanım danışırdı. Söhbəti hərlədi-fırladı, faktlar sadaladı və bir də gördüm Azərbaycandan danışır. Əlbəttə… Deyir arxivlərdə işlərkən 30-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində yuxarı vəzifə tutmuş Əzizbəyov soyadlı bir nəfərin əhvalatına rast gəlib. Əzizbəyovu vəzifə səlahiyyətlərini aşdığı, rüşvətxorluq elədiyi üçün partiyadan qovmağa hazırlaşırmışlar. Ancaq bu vaxt həmin tipin bəxti gətirir, köhnə tanışı Beriya mərkəzdə yüksəlir. Nəticədə Əzizbəyovu cəzalandırmağa hazırlaşan müstəntiqlərin özlərinə cinayət işi açılır. Hətta adam onu yoxlayan Xalq Nəzarəti Komitəsini darmadağın elətdirir.
Təzəlikcə bizdə bir alim maaşının azlığından şikayətlənmişdi, dövlət başçısına müraciət yazmışdı. Üstündən az keçmədi ki, başqa alimin evindən oğrular 1 milyon manat apardılar. Kəşfiylə, hansısa patentiylə qazansa deyərdik normal vəsaitdir. Ancaq bu alim qədim əlyazmalar institutunda rəhbər vəzifə tuturdu. Dərhal ağıla gələn budur ki, əlyazmaları satıb. Azərbaycanlıyıq axı. Ağlımız bu cür kəsir.
Yaxud, hansısa generalın kürəkəni keçən həftə yarı gülməli, yarı ağlamalı hadisə törətmişdi: onun villasına soxulub həyətdəki 3 bahalı avtomobilin təkərlərini dəlmədeşik eləmişdi. Sən demə generalın qızı bundan boşanmaq istəyir, bu isə etiraz aksiyasını belənçik edibdir. Gülməli cəhət hadisənin törədilmə üsulu idisə (hər halda biz yaxın tariximizdə generalların ailəsi ilə bağlı çox tragik əhvalatlara şahid olmuşuq, bu baxımdan maşın təkəri deşmək məzəli qisas cəhdidir və pis çıxmasın, alqışlanası addımdır, qan tökməkdən bu yaxşıdır), ağlamalısı maşınların markaları idi. Çünki orda sadalanan 3 maşının ortalama qiyməti hardasa elə 300 min manatdan yuxarı qalxırdı.
Bəs o maşınları generalın hansı pulla aldığını soruşan oldumu? Nə dövlət orqanları, nə cəmiyyət belə informasiyalardan qəti narahat olmur. Təəssüf ki, vəziyyətimiz bu cürdür.
Ancaq sevindirici hadisələr də var. Məsələn, artıq “Xankəndi” adlı gəmimiz istehsal olunubdur, özü də birbaşa Araz çayı ilə üzüb gedib qəddar düşmənin canını alacaqdır. Zarafat edirəm, indi qədim dövr deyil, heç vikinqlər də Kürlə üzüb Bərdəni yağmalamağa gəlmirlər. “Xankəndi” gəmisi Xəzərdə qaz yatağında işə yarayacaqdır. “Şuşa”, “Cıdır düzü” restoranı var, “Laçın” univermaq, “Füzuli” mebel dükanı, “Kəlbəcər” də yəqin hardasa kafe şəklində əlimizdədir. Daha insana nə lazımdır? Heç məşhur “Lazım” müəllim də lazım deyil. Fikir versəniz, “Lazım gəlsə filan yeri geri alarıq” söhbəti daha səngiyibdir. Çünki almışıq! Təzə dərs ili də məktəblərdə “Cocuq Mərcanlı – böyük qayıdış” dərsi ilə açılacaqdır. Hərçənd, bu böyük qayıdışın neçənci sezonudur, hansı seriyasıdır, artıq mən qarışdırıram. Çünki görənlər bilir, hazırda Haramı düzündə və yaxın ərazilərdə bəlkə 10 dənə “Qayıdış” adlı qaçqın qəsəbəsi vardır. Ötən illərdə tikilib istifadəyə verilibdir. Adları da elə bu cür nömrələnib: Qayıdış-1, Qayıdış-2, Qayıdış-3.., Qayıdış-10 və sairə. Bəs o qayıdışlar necə oldu? Köhnə bir televiziya tamaşasından səhnə yadıma düşdü: “Bədbəxt Məcnun təzədən gəlir”…