Hindistanın bir çox regionlarında avqust ayının sonlarına qədər ənənəvi qaydada festivallar keçirilir. Bu festivallar içərisində ən maraqlısı və bir o qədər də təhlükəlisi məhz “Daş atma” festivalıdır.
Publika.az xəbər verir ki, hər il minlərlə insan bu festival üçün Hindistanın Pandxurnan və Savarqaon kəndlərinin kəsişməsindən keçən çaya yığışır. Çayın hər iki sahilində dayanan əhali əlinə keçən daşları var gücü ilə bir-birinin üstünə atır. Hər il keçirilən festivalda yüzlərlə insan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilir. Polis vətəndaşları dayandırmağa çalışsa da, müvəffəq ola bilmir.
Təhlükəli idman və ağlasığmaz ənənə
Çayın ortasında qurumuş ağac üzərində asılan bayraq festivalın əsas anlamıdır. Festival şərtləri ondan ibarətdir ki, daş-qalaq edilən tərəflərdən hansı ilk olaraq bayrağı götürsə, qalib olur. Hər iki tərəf çalışır ki, rəqibi bayraqdan uzaq saxlasın. 2017-ci ildə keçirilən festivalın qalibi isə Pandxurna olub.
Festival musiqinin müşayəti altında saatlarla davam edir. Kəndlilər xəsarət almamaq üçün döyüşün mərkəzindən uzaq durmağa çalışsalar da, şikəst olanların da sayı az deyil.
Uçan çay daşları bu il 500 iştirakçının kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə sona çatıb. 10 nəfər ölüb, 3 nəfər isə komaya düşüb.
Statistikaya görə, bu il xəsarət alanların sayı ötən il ilə müqayisədə 200 nəfər çox olub. 2015-ci ildə bu rəqəm 110 olub. 2013-cü ildə keçirilən festivalda ölənlərin sayı 17 nəfəri keçib. Hər il bu festival minlərlə insanı əlil edir.