“Ave, Caesar, morituri te salutant”
(Qədim Romada qladiatorların şüarı. Tərcüməsi “Sevin, şahım, ölümə gedənlər səni salamlayır” deməkdir).
Bir lətifə var, haçansa oxumuşam. Deyir, oğrular adamın toyuğunu oğurlayırlar, sonra onu qonaq çağırırlar. Adam toyuğu utancaq yeyəndə isə deyirlər: “Çəkinmə, iştahla ye, öz malın kimi ye”. Bu niyə yadıma düşdü, heç anlayışım yoxdur. Əbülfəz Elçibəyin adına çıxılan, əslində isə cəbhə hakimiyyəti dönəmi Gömrük Komitəsinin sədri İbrahim Vəliyevin dediyi məşhur (bəlkə də məhşur – bunun önəmi nədir ki, ş əvvəldə oldu, ya h?) aforizmin üzərində oynamaq ehtiyacı da duydum: “Tankın və pulun qabağında dayanan oğlanlar topun qabağında dayana bilmədilər”.
Yüz il qabaq da it boğuşdurub, xoruz döyüşdürürdük. Hansısa inkişaf varmı? Yoxdur. Əsas odur çörək və tamaşa olsun. İnsana başqa nə lazımdır ki? Dəyərlər yoxdur, oyuncağı olsun. Torpaq yoxdur, adı bizdədir. Bayraq qabaq iki zolaqlı idi, indi üç zolaqdır. Gördün? Bir zolaq qabağıq. Sovet vaxtı raykom katibi işləyən adam da indi su idarəsinin böyüyüdür. Demək, inkişaf vardır. Yuxarıdakı cümləmi pozuram. Necə deyərlər, qabaqkı yazılarımdan imtina edirəm. Yadınıza gəlirsə bir ara belə trend, moda var idi. İndi xınayaxdı əsas trenddir, hansı şadlıq sarayının, restoranın böyründən keçsən, xınadan tatu eləyən bir sürü işsiz-gücsüz zənən və kişi xeylaqları görərsən. Ta yazı-pozunu yunan qozu yerinə qoyan yoxdur. Mən də bazarın tələblərini nəzərə alıb bütün həyat və yaradıcılığımdan (bəh-bəh) deyil, yalnız bu cızmaqaradakı bir cümlədən imtina elədim.
2007-ci ildə Kann kino festivalının 60 illik yubileyi olanda dünyanın 25 ölkəsindən 36 məşhur (yenə zəhləmgetmiş söz gəldi) kino rejissoru yığışıb hərəsi 3-4 dəqiqəlik qısametrajlı filmlər çəkdilər. Kino sənətini tərənnüm etməyə həsr olunan, hamısı bir yerdə “Hər kəsin öz filmi” başlığı altında toplanan bu filmlər Federiko Fellini-nin xatirəsinə ithaf olunmuşdu. Takeşi Kitano, Abbas Kiarostami, Vonq Kar Vay, Devid Linç, Ken Louç, Konçalovski, Leluş, Çimino və başqaları – bu cür ünlü sənətkarların birgə çəkdiyi filmə mütləq baxmaq lazımdır, məsləhət görürəm. Ancaq indi məqsədim film təbliğatı aparmaq deyil, qoy bu işlə Mədəniyyət Nazirliyi məşğul olsun, başları mədhiyyə təbliğatı aparmaqdan açılsa… Bax həmin qısa filmlər toplusunda danimarkalı (yenə məhşur yazsam yəqin rejissorun qəzəbinə gələrəm) Lars fon Triyer-in də bir filmi var idi. “Peşələr” adlanan 3 dəqiqəlik filmdə Triyer özü də rol alıb. Tamaşaçı rolunda. Bir kinoteatrda Triyer oturub filmə baxır. Deyəsən səhnədə elə öz filmi “Doqvill” gedirdi, dəqiq xatırlamıram. Onun yanında oturan orta yaşlı kişi qurcalanır, filmdən darıxdığını göstərir. Başlayır Triyerin zəhləsini tökməyə. Onun çiyninə toxunur, bizneslə məşğul olduğunu, çoxlu pul qazandığını (“Mənim çoxlu pulum var” – elə belə də deyir), özünün yeddi-səkkiz maşını olduğunu və sairəni üyüdüb tökür. Bərkdən gülür. Camaata kinoya baxmağa mane olur. Nəhayət, Triyerin lap zəhləsini töküb, ondan soruşur ki, bəs siz nə işlə məşğulsunuz. Triyer ayağa qalxıb hardansa bir çəkic çıxardır, sakitcə deyir: “Mən? Mən öldürürəm”. Sonra çəkiclə zəhlətökən tipin başını əzik-əzik edir və oturub təzədən filmə baxır. Tamaşaçılar da yüngülvari ah-uf edib heç nə olmamış kimi yerlərinə əyləşib kinoya baxmağa davam edirlər.
İndi mən düşünürəm ki, Triyer nə qədər böyük rejissordur. Axı bir filmin, sənət əsərinin gücü həyatın hansısa anlarında, hansısa kütləvi orqazmı, eyforiyanı görəndə onu xatırlamaqdır.
Özünüzə yaxşı baxın, imkan tapanda kinoya da baxın.