BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakıya gəlibmiş. Nazir Elmar Məmmədyarovla görüşdə o, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu bildirib. Buna görə ona balaca, bir mini-təşəkkür. Ona görə “mini” ki, keşkə bu sözləri o, baş katib olanda, dünyanın və ermənilərin gözü qabağında bəyan edərdi.
Bax, bu olardı Azərbaycana yaxşılıq, kişi hərəkəti? M[t’b’r bir addım. O zaman Pan Gi Mun gözümüzdə yüksəyə ucalar, düşmən ermənilər isə əməllicə dilxor olardılar. Amma vəzifədən gedəndən sonra, indi bunu söyləməyə nə var ki. Bəd ayaqda sözünə düzəliş edib deyə bilər ki, bu, mənim şəxsi mövqeyimdir.
Olsun. Dünyada daha bir tanınmış əcnəbi siyasi xadim Qarabağ məsələsində yanımızdadırsa, buna da şükür. Fəqət, vurğulandığı kimi, sabiq baş katib bunu BMT-yə rəhbərlik elədiyi illərdə dilə gətirsəydi, bu, olacaqdı bütöv bir təşkilatın mövqeyi – özü də belə mövqe sərgiləmək üçün P.G.Munun özünü dağa-daşa salmasına lüzum yox idi, BMT TŞ-nin erməni işğalı ilə bağlı 4 məlum qətnaməsindən yapışsaydı, kifayət idi.
Əfsus ki, cənab Pan Gi Mun 10 illik baş katibliyi dövründə bunu etmədi. O, hətta ötən il Bakıda keçirilən BMT tədbirinə qatılmağa da özündə cürət tapmadı. Halbuki, gələcəyi gözlənirdi. Amma Rusiyaya, başqa ölkələrə məmnuniyyətlə getdi – baş katib qismində. İndi müstəqil şəxs olaraq əlbəttə ki, Azərbaycana gəlməyə nə var?
Özünün dediyinə görə, bu, onun ömrü boyu Bakıya etdiyi ikinci səfərdir. İlk dəfə Cənubi Koreyanın xarici işlər naziri qismində ölkəmizdə olubmuş. Maraqlıdır, bəs nədən bir də Azərbaycanı ziyarət eləməyə ehtiyac duyub? Bəlkə vicdan əzabı onu rahat buraxmayıb? Yəni ki, baş katib postunda ikən Qarabağ həqiqətini etiraf edə bilmədiyi üçün indi bir növ Azərbaycanın könlünü almaq qərarı verib.
İstənilən halda ölkəmizə bu səpkidə rəğbətə görə də ona minnətdarlıq düşür. Hər necə olmasa, Azərbaycanın nə qədər çox dostu olsa, bir o qədər Qarabağımız üçün də yaxşıdır. Düşmənlərimiz və rəqiblərimiz onsuz da çoxdur.
Əslinə qalsa, Pan Gi Mun kimi Qarabağ gerçəyini, Azərbaycanın haqlı mövqedə olduğunu bilib də dilə gətirməyə ehtiyatlanan, vəzifədə ikən bunu ürəyində daşıyan əcnəbi tanınmışlar, diplomatlar az deyil. Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun Amerikadan olan sabiq həmsədrləri – Metyu Brayza və Ceyms Uorlik də məhz vəzifədən gedəndən sonra Qarabağ məsələsində daha ədalətli və obyektiv mövqe sərgiləməyə başlayıblar.
Odur ki, Azərbaycanın bir dövlət olaraq, onun Xarici İşlər Nazirliyinin isə bir dövlət qurumu olaraq bir mühüm görəvi də bizə qarşı ürəyində gizli simpatiyası olan əcnəbi siyasi xadimlərin həqiqəti zamanında dilə gətirməsinə nail olmaq, Dağlıq Qarabağla bağlı təbliğat savaşında Ermənistanı, erməni lobbisini üstələməkdir.
Beynəlxalq hüququn bizim tərəfdə olması bu işin uğurunu şərtləndirən mühüm faktorlardan biridir. Yerdə qalanlar – müxtəlif köməkçi vasitələr və ələ alma üsulları da öz yerində. Biz bu işdə hətta ermənilərin öz təcrübəsindən də yararlana bilərik və yararlanmalayıq. Çünki düşmənlə, işğalçı ilə istənilən mübarizə üsulu məqbuldur. Yaxud niyə də “dəmiri dəmirlə” döyməyək?..