Təxminən 9 il öncəydi, bir dostum futbol totalizatorunda bir neçə dəfə ard-arda 60-70 manatlıq uduşlar qazanmışdı və təbii olaraq qızışmışdı, yeni-yeni mərclərə girirdi. Bir gün o, xəbər verdi ki, bəs, bu dəfə fərqli bir mərcə pul qoyuluşu edib. Nəymiş? “Şevçenkonun, Raulun, Ronaldonun və Adebayorun qollarına stavka qoymuşam. Toplamda 22 əmsaldır. 10 manat qoyuram, 220 manat qazanıram”, – dedi həmkarım.
Çox real mərc idi. Uduş ehtimalı böyükdü. Həmin vaxt Şevçenko da, Raul da, Ronaldo və Adebayor da, demək olar ki, hər oyunda qol vururdular, bu dəfə də vursaydılar, dostum 220 manat qazanacaqdı.
Ertəsi gün oyunların bəzilərinə baxdım, bəzilərinin də nəticələrini öyrəndim. Məlum oldu ki, Şevçenko da qol vurub, Raul da, Ronaldo da. Qalırdı bircə Adebayor. Onun oynayacağı matç isə çox gec başlayırdı.
Ertəsi gün işə gedəndə gördüm, dostumuzun qanı qaradır. Soruşdum, nə olub. Dedi, hessad, alçaq Adebayorun üzündən 220 manat uduzdum. Zarafatla dedim, Adebayorun boyu 2 metrdir, nə alçağı…
Heç demə, oyun başlanana qədər artıq o, bu pulu cibində hesab edirmiş, deyirmiş, hər oyunda qol vuran Adebayor bu zəif komandaya da, əl-əlbət, bir qol vurar. Ancaq boyu iki metr olan “alçaq” Adebayor onun etimadını doğrultmayıb, zəif oynayıb, hətta deyəsən, ayağına top dəyməyib.
Sözü nəyə gətirirəm? Srağagün Adebayorun oynadığı bir oyuna baxdım. İstanbulun “Başakşehir” komandası ilə İspaniyanın “Sevilya” komandası qarşılaşırdı, Adebayor da meydana “Başakşehir” tərəfdən çıxmışdı. İnsafən, o, bir neçə dəfə fərdi ustalıq nümayiş etdirdi, yorulmadan ora-bura qaçdı, driblinq etdi, rəqiblərini qorxu altına saxladı və s. Amma mən ona fikir verdim ki, iki metrlik adam azı 15 dəfə hava mübarizəsinə qoşuldu, cəmi bircə dəfə başına top dəydi, qalan neçə dəfə topa tullandısa, bir dəfə də, türkün sözü, başarılı olmadı.
Amma heç kəs onu fitə basmadı. Hətta bir neçə dəfə ustaca hərəkətlər edəndə azarkeşlər tərəfindən alqışlandı. Bununla belə, bu,o demək deyil ki, Adebayor bir-iki oyunda da belə oynasa, yəni komandasına faydalı olmasa, qol vurmasa, azarkeşlər yenə onu alqışlayacaqlar. Xeyr. Elə olmayacaq. Azarkeşlər onun uzun boyunu yerin dibinə soxacaqlar və klub rəhbərliyindən tələb edəcəklər ki, Adebayor qovulsun.
Hazırda Əfranın azarkeşlər tərəfindən tənqid (hətta təhqir) olunmasına bu kontekstdən yanaşmaq lazımdır.
Qol vurmur deyə adamı konkret qaralayıblar. O, heç də digər komanda yoldaşlarından pis oynamır, hey irəli-geri qaçır, hücuma keçir, müdafiəyə kömək edir, ona verilən ötürmələri qəbul edib, işləyib, qol vəziyyəti yaratmağa çalışır. Ancaq Adebayordan artıq oyunçu olmadığı üçün o da hər dəfə başarılı ola bilmir. Guya Messi top itirmir ki?
Yeri gəlmişkən, 5-6 il əvvəl hansısa bir oyunda Əfran Messivari hərəkətlər, driblinqlər etmişdi və mən bir köşə yazısında onu “Azərbaycanın Messisi” adlandırmşdım. O sözə görə peşmanammı? Əsla. Hər futbolçunun bir enişi-yoxuşu olur.
İndiki gənclər bilməz, amma Gəncədəki məhəlləsində “Maşdı” ləqəbiilə tanınan Maşallah Əhmədov “Neftçi”də altı-yeddi il eləcə top dalınca sprinter kimi qaçmaqdan (bəzən topa çatır, ötürdü də) başqa bir iş görmürdü, gün gəldi, necə forma yığdısa, bir müddət SSRİ çempionatının bombardiri oldu, “Sovetski sport” qəzeti ona “Molodets Maşalla” başlıqlı xüsusi məqalə həsr etdi.
Yaxud elə oyunçular (məsələn, Ronaldinyo) da olur ki, gəncliklərində çox parlaq oynayırlar, meydançada xarüqələr yaradırlar, amma yaşlaşanda sönükürlər.
Ortada 7 il futbol oynamayan Banişevski təcrübəsi də var. Rəhmətlik yaşlı vaxtında 15-20 dəqiqə meydana çıxırdı, bir qol vurub “Neftçi”yə qələbə qazandırırdı.
Əfran isə hələ gəncdir. Onun meydançada tufan qoparacağı günlər qabaqdadır. Yetər ki, adamı fitə basmasınlar, pisikdirməsinlər, hoydu-hoyduya götürməsinlər. Guya başqa komandalardakı başqa futbolçular ağızları ilə quş tuturlar? Elə şey yoxdur. Onlar da elə Əfran kimi oynayırlar. Hətta daha zəif. Belədirsə, nədən bir nəfər dilə-dişə düşməlidir? Haqszlıqdır.
Mən Əfrana inanıram. Düşünürəm ki, o, elə bu il ortaya elə bir oyun qoyacaq ki, sonalar gölünə daş atılacaq və onu pisləyənlər peşman olacaqlar (hərçənd onda da deyəcəklər ki, “tənqid etməsək, yaxşı oynamazdı”).