Lənkəranda bütün toylar təxirə salındı

Bu gün Lənkəranda paralel dünyanın (“cinayət” aləminin) ən yüksək səviyyəli işlətmələrində, araşdırmalarında və hökmlərində mühüm söz və əməl sahibi Rövşən Lənkəranskinin İl mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri yazıçı-publisist Hafiz Mirzə Rövşən Lənkəranski haqqında yazarkən qeyd edib. O, “böyük qardaş”a ehtiram əlaməti olaraq Lənkəran şəhərində bütün toy mərasimlərinin təxirə salındığını qeyd edib:

“Hüzr mərasiminin çadırı 50 metri keçər. İçəridə olduğu qədər insan bayırda içəriyə daxil olmaq üşün növbə gözləyir. Bunlar əsasən 20-35 yaş arası gənclərdir. Mərasim çadırına 1-ci növbədə şəhərin və ətraf rayonların yaşlı, tanınmış, hörmətli və ziyalı insanları daxil olur. Ehsan süfrəsi və xidmət ən mükəmməl və yüksək səviyyədə təşkil olunub. İmkansız ailələrə ehsan bağlamaları paylanılır. Şəhərin Kiçik Bazar nahiyyəsində bütün gələnlərə qarşı ən yüksək səviyyədə hörmət, ehtiram göstərilir. İnsanlar öz istəkləri ilə, fərdi qaydada Kiçik Bazar qəbristanlığına, Böyük qardaşın məzarı üstünə gedir. “Yasin” sürəsi oxunur, ruhuna fatehə verilir. Bizim iştirak etdiyimiz bu saatlarda ərazidə bir neçə min insan toplanmışdı. Hamı başqalarına mədəniyyət və ehtiram göstərməyə köklənib. Ərazidə adi günlərdə olduğundan daha sakitlik və təmizlik hökm sürür. Mərhumun Azərbaycan naminə etmiş olduğu böyük işlərin kiçik bir qismi indi-indi məlum olur. Allah rəhmət eləsin! Rövşən Lənkəranski Böyük azərbaycanlılardan və Böyük lənkəranlılardan biri idi”.