Ermənistanın baş naziri 3 gündür Azərbaycandadır. Karen Karapetyan 72 saatdır Qarabağdadır! İcazəsiz-filansız, saymazyana suveren ölkənin hüdudlarına daxil olub, işğal altındakı ərazilərdə “at oynadır”.
Bu günlərdə bir beynəlxalq təşkilat, bir həmsədr ölkə, nəhayət, Qarabağda hər atəş səsindən diksinərək bəyanat verən bir diplomat “Karen, sənin Azərbaycan ərazisində nə ölümü var” deməyib. Elə demədiyi üçün Karapetyan Kaəlbəcərdə su zavodunun təməlqoyma mərasimində iştirak elədi, Azərbaycanın sərvətlərinin talanması istiqamətində daha bir layihənin əsasını qoydu.
Beynəlxalq aləmin riyakarlığı səbəbindən Karapetyan Ermənistandan Azərbaycanın içərilərinə – Ağdərəyə açılan ikinci magistral yolun asfaltlanması işinə tamaşaya getdi!
Bunlar ilk 48 saatda olmuşdu. Karapetyan görəndə ki, onun Azərbaycanda peyda olmasına heç kim reaksiya vermir, “rədd ol” demir, həyasızlığını davam etdirdi, Əsgərana gəldi, oradan Xocavəndə keçdi, ardınca Ağdərə ərazisinə başını soxdu və Azərbaycan əsgərinin ovcunun içindəki Talış kəndinə qədər gəldi, buradakı ev tikintilərinə, su çəkilişinə, tütün sahələrinə baş çəkdi, sonra da katerə minib su dəryaçasında cövlan elədir.
Haqlı olaraq deyə bilərsiniz ki, burada Azərbaycan əsgərinin bir raket zərbəsi bəs edərdi. Təbii ki, hər birimizin arzusu-istəyidir. Ancaq aprel döyüşlərindən sonrakı vəziyyət də göstərdi ki, beynəlxalq şərtlər hələlik Azərbaycanı ehtiyatlı davranmağa vadar edir. Azərbaycan ordusu növbəti döyüşlərə başlasa, hər kəs anlayır ki, bu, ölüm-qalım savaşı olacaq, bölgədə fəlakətlər yaşanacaq. Odur ki, Bakı məsələnin dinc yolla həll olunmasına çalışır və vasitəçiləri də Ermənistana təzyiq göstərməyə çağırır.
Amma bunun əvəzində Ermənistanın baş naziri Kəlbəcər meşələrində gəzir.
3 il əvvəl Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərə, doğmalarının məzarını ziyarət etmək, yurd-yuvalarına baş çəkmək üçün getmişdilər. Erməni işğalçıları Həsəni qətlə yetirdilər, “məhkəmə” qurub Dilqəmə ömürlük, Şahbaza isə 22 illik həbs verdilər.
O hadisədən illər keçib, amma bu insanlar Şuşada işgəncə altında saxlanıldığı halda, heç bir beynəlxalq təşkilat onların azad olunmasını ermənilərdən tələb eləmir.
Dilqəmin dədə-baba yurdunda qandallanmasına susan dünya Ermənistanın baş naziri Karapetyanın Kəlbəcərə səfərinə də susur.
Uzun fasilədən sonra ötən həftə Şahbazdan ailəsinə məktub gəldi. Bacısı deyir ki, anası hələ də elə bilir Şahbaz Rusiyadadır. Dilqəmin anasına da eyni sözü deyiblər. Dilqəm Əsgərovun atası dünyasını dəyişdi, ailəsi çalışdı ki, xəbər oğula çatmasın. Kəlbəcər girovu hələ də “atama yaxşı baxın” yazır.
Bunlar dəhşətli məsələlərdir. Adamlar öz torpağında girovdur, işgəncə altındadır və səsləri heç yerə çatmır.
Qarabağa qanunsuz getdiyi üçün həbs edilən bloger Aleksandr Lapşin eyni zamanda üç ölkənin vətəndaşı olsa da, ona Rusiya sahib çıxmağa çalışdı, çeşidli təzyiqlərə əl atdı. Amma Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovun girovluqda saxlanılması barədə jurnalistlərimizin suallarına belə cavab verməyib bu günədək.
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə dərhal sərt etirazını bildirdi. Bəyanatı xatırladaq: “ABŞ Rusiya Federasiyası prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Gürcüstan ərazisi Abxaziyaya səfərini qəbuledilməz və Moskvanın iştirakçısı olduğu Cenevrə beynəlxalq müzakirələrinin prinsiplərinə zidd sayır”.
Vaşinqton Rusiyadan öz qoşunlarını əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa da çağırdı.
Amma Ermənistanın baş naziri neçə gündür Qarabağdadır, ABŞ Dövlət Departamenti bu müdaxiləyə məhəl qoymur. Səbəb nədir? Necə olur Putinlə üz-üzə gəlməyə qərar verən ABŞ Karapetyan qarşısında aciz duruma düşür? Çəkinəcəkləri bir şeylərmi var? Bəlkə Ağ Ev administrasiyasını erməni lobbisi idarə edir? Desinlər, işimizi bilək.
ABŞ Rusiyaya sanksiya tətbiq edir, Krımı Ukraynaya qaytarmağa çağırır, amma Ermənistana “Qarabağı azad et” demir. Avropa ölkələri Rusiya baş nazirinin müavini Roqozinin təyyarəsini separatçı Dnestryanıya enməyə qoymur, amma Ermənistan baş nazirinin Qarabağda veyillənməsinə göz yumurlar…
Bu, nə siyasətdir, nə ikiüzlülükdür?!