Nazirin nəvəsinin qəzası əhvalatında hər gün yeniliklər ortaya çıxmaqdadır. Sözgəlişi, burada “filankəsin qəzası” ifadəsi çoxmənalı alınır. Türkiyədə görürsən kimsə bir qəhrəmanlıq-zad eləyəndə camaat deyir ki, qəzan mübarək, paşam-filan. İndi bu da bizim qəhrəmandır, neyləyə bilərik. Elçibəy demişkən, gedib İsveçrədən xalq gətirməyəcəyik ki. Olan budur. Bir ata sözü də yazım, qoy desinlər nə müdrik adamdır: “Malımız budur, Yarısı sudur, Alsan da budur, Almasan da budur”.
Bu ata sözünün xiyar tərkibli variantı da var, ancaq onu burda yazmaq milli mentalitetimizə ziddir, bilənlər bilməyənlərə danışsın. (Bu da bir qəribə şeydir ki, millətin ata sözü və məsəlləri onun milli mentalitetinə, mənəviyyatına uyğun gəlməyib ayıb sayılır. Əcəb milli problemdir).
Uzun sözün qısası, indi də qəza günü nəvənin ortadan qeyb edilməsi, qəza anının videoregistratordan silinməsinin xırdalıqları ortaya çıxmışdır. Sən demə bir deputat var, həmin nazirin yerlisidir, həmişə onu müdafiə edir – bax o deputatın qardaşı oğlu yol polisində həmin video-mideo işinə baxırmış, götürüb zapisləri silibdir. Başqa qardaşoğlu da narkoman tutmağa, bir əmiuşağı “Gəlinvaqen” bəzəməyə, bir baldıznəvəsi xəstəxanadan adam qaçırtmağa yarayırmış. Qısası, hər yerdə bunların adamları var imiş, hətta dəqiq məlumat var ki, İsrail-Fələstin münaqişə bölgəsində aranı qatanlardan biri də Əli müəllimin bacısı qızının əridir. Axırda Üsəma bin Laden bunların qohumu çıxacaq, görərsiniz. Elə bu da terrorçuların “Galenvaqen”i idi, adı qafiyə səslənirdi.
Bu arada “Gelandevagen” maşınları başqa tema yaradıbdır. Bakıda küçədə bu maşından 4 dənəsi gəlin maşınının qabağınca, saatda 30 kilometr sürətlə gedirmiş. Nəticədə camaat tıxaca düşübmüş.
Əcaib maşındır. Bərk sürəndə də camaat narazı qalır, yavaş sürəndə də. Almanlar bunun istehsalını tamam dayandırsa yaxşı olardı. Hələliksə dövlət yol polisinin sözçüsü Vaqif müəllimdən tükürpədici açıqlama gəlibdir, deyir o maşınları axtarırıq, tutub cəza verəcəyik.
Göründüyü kimi, yol məsələsi, yol əhvalatları xalqımızın taleyində ciddi rol oynayır. (Bunun kinosu da var, adı elə “Yol əhvalatı”dır). Yol mədəniyyət deməkdir – bunu uşaq vaxtı eşitmişəm, ancaq düzü bilmirəm kimin afyorizmidir. Bəlkə Lenin deyibdir, bəlkə Brejnev. Ya da elə qaçqınkom sədri Əli müəllim. Nə biləsən. O qədər müdrik adamlarımız var ki. Məsələn, dünən beynəlxalq avtovağzalda bizim avtobusa (marşrut açmamışam, göz qaytarmaq üçün belə yazıram) bir nənə hücuma keçmişdi, sürücünü yarım dəqiqəyə az qala infarkt edəcəkdi. Təkidlə soruşurdu ki, bu avtobus “Çənlibel” restoranına, “Azadlıq prospekti” metrosuna gedirmi, getmirsə niyə getmir, heç axırda da getmirmi və nəhayət camaatın hamısını düşürdəndən sonra da ora getməyəcəkmi. Dəhşət müdrik ağbirçək idi, qarşısında baş əyirəm. Elçiliyə aparsan qız evini yarım saata çərlədib genosidə uğradar, sənin də canın dincələr.
Bəli, yol əhvalatları, “Gəlindabəvaqen”dən qorunmaq üsulları, yolda bunların gəlin korteji qabağımıza çıxsa nə etməliyik, bərk gedəndən necə qorunmalı, yavaş gedəndən necə ötüşməli – bunlar hamısı orta məktəb dərsliklərinə salınıb millətin burnufırtıqlı uşaqlarına öyrədilməlidir. Bir filoloji kəşfimi də yazım bu arada: əgər Dədə Qorqud o vaxt gəlinə ayran adı qoysaydı, bəlkə gəlin maşınlarımız indi Sitroen-dən seçilərdi. “Galendavegen” – almanca “evimizə gəlin gəlir, sığallayıb telin gəlir” mənasını verir. Özünə hörmət qoyan gəlin mütləq bu maşında gəlməlidir. Yolda hansısa yetimin belindən keçmək də uğurlu sayılır. (Kasıb gəlinlər bu məqsədlə boşqab qırır). Adam tanıyıram, köhnə toy videosundan “Jiquli”ni çıxarıb ora “Gəlinvaqen”i montaj edibdir. Bu işə baxan xüsusi videostudiyalar var. Pərdə tikdirmək qədər vacib iş sayılır.
İndi söz əlaqədar təşkilatlarındır.