Kerenski haqda yazı oxuyurdum təzəlikcə. Rusiyada 1917-ci ildəki Müvəqqəti Hökumətin şefi, sən demə, 1970-ci illərə qədər hələ sağ imiş, ABŞ-da yaşayırmış. Onun ölüm xəbəri çıxanda Sovet İttifaqında çoxları təəccüblənibmiş. Mənim indi təəccübləndiyim kimi. Sovet camaatı da Kerenskinin çoxdan öldüyünü zənn edirmiş.
O yazıda bir məşhur məsələyə də toxunulmuşdu. Yəqin hər bir homo sovetikusun yadında olar, bizə tarix dərsində öyrədilirdi ki, Kerenski Qış sarayından qaçanda bolşeviklərin əlinə keçməsin deyə qadın paltarı geyinibmiş. Guya bu yolla Kerenskini ələ salır, lağ edirdik. Ancaq yalan imiş. Kerenski 1960-cı illərdə Amerikada bir məclisdə sovet jurnalisti Henrix Boroviki yaxalayıb deyir ki, o yalanı bəsdir tirajladınız, mən ümumiyyətlə qaçmamışam, sarayı avtomobillə tərk etmişəm.
Bunu yazmaqda məqsədim tarixi eşələmək deyil. Sadəcə, dünən xəbər lentində “Turan” informasiya agentliyinin bağlanmaq təhlükəsi qarşısında qaldığını, vergi orqanlarının (ya da hansısa başqa hüquq-mühafizə orqanı idi – dəqiq yadımda deyil, həm də bunun önəmi varmı başı nə ilə kəsirsən?) orada yoxlamalara başladığı, agentliyin sənədlərini yığıb apardığını oxuyanda ağlıma gələn ilk cümlə bu cür oldu: “Bəyəm ”Turan” hələ açıq imiş…”
Səmimi, şişirtmədən söyləyirəm, doğrudan da elə bilirdim “Turan”ı çoxdan bağlayıblar. Bu təəssüratın yaranmasında agentliyin bülletenlərinin yalnız pullu abunə yoluyla yayılması, hər kəsə açıq saytının-filanının olmaması da rolunu oynayıb. Biz jurnalistlər və oxucular “Turan”ın xəbərləri, analizləri ilə adətən mətbuat səhifələrində tanış olardıq. İndi söz azadlığı qalmadığı üçün görünür agentliyin xəbərini yayan da yoxdur. Daha bağlanmaq necə olur? Necə deyərlər, tısbağanı ya öldür, ya tərsinə çevir…
Ola bilsin “Turan”ın abunəçiləri arasında xaricilər, iri neft şirkətləri, səfirliklər-filan hələ qalır. Ancaq bundan mənə nə? Biz Azərbaycan vətəndaşlarını bizim üçün xəbər yayan agentlik maraqlandırır.
“Turan” isə Azərbaycanın müstəqillik dövrünün yanılmıramsa, elə ilk müstəqil informasiya agentliyi idi. Ona təzyiqlər, bu hala salınması acınacaqlıdır. Ancaq biz hansı müstəqillikdən dəm vururuq ki? Bizdə bir məşhur siyahı var: 1991-ci ildə deputatxanada Azərbaycanın müstəqilliyi səsə qoyulanda bunun əleyhinə səs verənlərin adbaad siyahısı. Hər dəfə ölkədə nəsə axmaq bir iş törəyəndə, hansısa qalmaqallı cinayət olanda adamlar dərhal o siyahıya baxırlar və heç vaxt da yanılmırlar: həmin hərəkətdə adı hallanan məmurun o vaxt müstəqilliyimiz əleyhinə səs verdiyi ortaya çıxır! Son “Gəlindabəvaqon” qəzasında adı hallanan məmurun da müstəqillik əleyhinə səs verdiyi məlumdur. Ta bunun nəyi müstəqillikdir? Əleyhinə səs verdiyin müstəqillikdə baş nazirin müavini olursan… “Nə gözəl İstambul bə” – Çakır demişkən… Əleyhinə səs verənlər, onu istəməyənlər müstəqillik uğrunda savaşanlardan və həlak olanların qohumlarından yaxşı yaşayırsa, elə müstəqilliyin… (Hər kəs ürəyindən keçəni nöqtələrin yerinə qoya bilər).
“Turan” informasiya agentliyinin əbədi, daimi və dönməz rəhbəri, hamımızın əziz dostu Mehman Əliyev isə öz optimizmi, nikbinliyi ilə tanınır. Bəlkə 20 ildir biz Mehman müəllimdən belə açıqlamalar eşidirik: “Az qalıb, hakimiyyət islahata gedəcək”, “Bu seçkidən sonra yenilənmə qaçılmazdır” və sairə. Özü də biri var bunu hansısa ehtimal şəklində deyəsən, biri də var administrasiyada əmr, sərəncam və fərmanları gözüylə görüb gəlmiş adam kimi. Mehman müəllimdə ikincisi olurdu. O boyda optimist islahatların axırında “Turan”ın bağlanması heç yaxşı olmadı. Bəs indi islahat xəbərlərini kimdən eşidək? Ümid edək, islahat nəhayət, başlasın və “Turan” açıq qalsın. Yoxsa biabır olacağıq.
Bu məqamda yadıma bir lətifə düşdü, həm də Mehman müəllimin 1980-ci illərdə sularda xilasedici işləməsinə uyğun bilib yazıram. Deyir, bir gəmi həkimi varmış, həmişə matroslara suyun min bir dərdin dərmanı olmasından danışarmış. Bir gün həkim göyərtədə gəzəndə sürüşüb dənizə düşür, başlayır batmağa. Matroslardan biri deyir: “He-he, baxın, həkim öz dərmanında boğulur”.