Bir ovuc düyü, “ovucdakı Qarabağ” və ovçunun ovcunda qalanlar

Bir neçə gün öncə yazıçı-publisist Əlikamal Həsənzadə kiçik bir yazı yazmış və maraqlı bir video paylaşmışdı.

Video Hindistanda meymun (söhbət pəzəvəng qorilladan yox, makaka tipli kiçik meymunlardan gedir) ovlanmasından bəhs edir. Lentdən görünür ki, ovçu böyük bir ağacın gövdəsini oyur, bir meymun əli girəcək qədər oyuq açır və oraya düyü, dən, yeməli bir şeylər töküb, aralanır. Meymun cəld ağacdan enir, pəncəsini oyuğa salır, ovcunu yeməli şeylərlə doldurur, oyuqdan çıxarmaq istəyəndə, təbii ki, yumulub yumruğa dönmüş pəncə oyuqdan çıxmır. Ovçu yaxınlaşır. Meymun görür ki, ovçu onu ənsələyəcək, özünü göyə qaldırır, yerə çırpır, fəqət heç cür ovcunu açıb dəni buraxmır ki, pəncəsi oyuqdan çıxsın. Nəticədə ovçu onu tutub aparır – yəqin ki, zooparklara satmağa.

Kənardan baxanda qəribə görünür. Axı digər heyvanlarla müqayisədə meymunun müəyyən “intellektual” potensialı var, oğurluq edə, siqaret çəkə, velosiped sürə, geyinib-soyuna, butulkanın qapağını açıb su içə bilir, bəs nədən şüuru kəsmir ki, pəncəsini oyuqdan çıxarıb qaçmasa tutulacaq?

Pəncəsi oyuqda ikən çırpınmasından görünür ki, meymun bunu anlayır, tutulacağını bilir və qorxur, amma ovcunda xışmaladığı dəni, düyünü buraxmaq istəmir. Yəni meymunun tamahkarlığı, acgözlüyü olub-qalan şüurunu elə dumanlandırır ki, ovcundakılardan vaz keçməsinə, özünü ovçunun ovcuna düşməkdən xilas etməsinə bəs etmir.

Yazıçı-publisist Əlikamal Həsənzadə bu mənzərəni usta şəkildə ermənilərin Qarabağ münaqişəsində tutduqları şüursuz mövqeyə proyeksiya etmişdi.

Gerçəkdən də ermənilər hərc-mərclikdən və sovet-rus qoşunlarının dəstəyindən istifadə edərək tutduqları Qarabağı ovuclarında elə bərk-bərk xışmalayıblar və elə ehtirasla əllərində saxlayırlar ki, böyük ovçuların ovcuna düşdüklərini fərq etmirlər. Nəticədə Rusiya Ermənistanı öz quberniyalarından birinə, məsələn, Həştərxana çevirib.

ABŞ və Fransa da Ermənistana məhz ermənilərin Qarabağ məsələsindəki həssasiyyətlərini nəzərə alaraq yanaşırlar, erməniləri ələ almaq, özlərinə daha da yaxınlaşdırmaq üçün onlara “ovucdakı Qarabağ”dan vaz keçmək çağırışı etmirlər.

İndi Azərbaycan da 95-100 il (hətta 27 il) əvvəlki Azərbaycan deyil, özünü müdafiə edəcək, gövdəsini qoruya biləcək gücə malikdir və ermənilərə, eləcə də onların qüdrətli havadarlarına müqavimət göstərir, Qarabağı vermir. Bu üzdəndir ki, ermənilər xışmaladıqları Qarabağı götürüb pəncələrini münaqişə oyuğundan çıxara bilmirlər və 25 ildir ki, çabalaya-çabalaya qalıblar.

Bu, ermənilərin təkcə qüdrətli pəncələrin ovcuna düşməsinə, dövlət müstəqilliklərini itirmələrinə səbəb olmayıb. Ümumilikdə, Qarabağı heç cür özününkü edə bilməyən Ermənistan çox şey itirir: regional layihələrdən kənarda qalır, dövlət büdcəsinin mühüm hissəsini işğal etdikləri torpaqlarda ordu saxlamağa sərf edir, iki yaxın qonşusu (Türkiyə və Azərbaycan) ilə ticarət dövriyyəsi aça, milyonlar qazana bilmir və sair və ilaxır.

Əgər Ermənistan Qarabağı ovcundan vaxtında buraxsaydı, hətta onu heç qamarlamağa çalışmasaydı, bu gün regionun ən inkişaf etmiş ölkələrindən biri olardı. O zaman Bakı-Ceyhan neft kəməri Ermənistandan keçərdi (bu daha səmərəli marşrut idi), Bakı-Qars dəmiryol xətti də Tiflisdən, Borjomidən dolanmazdı, Ermənistandan keçməklə qat-qat az məsrəflə və qat-qat qısa müddətə Türkiyənin dəmiryol xəttinə birləşərdi. Nəticədə Ermənistan bu meqa-layihələrdən öz payını götürər, böyük bir ticarət dövriyyəsinə qoşular, böyük maliyyə vəsaiti qazanar, çiçəklənərdi.

Eyni fikri Ermənistanın turizm potensialı üçün də demək olar. Hələ sovet vaxtı hər il minlərlə qarabağlı Ermənistandakı Cermuk kurortunda dinclərdi. İndi Cermuka kimlər gəlir ki? 3-5 yüz nəfər. Ancaq iki xalq arasında sülh olsaydı, sovet dövründəki mehribanlıq qalsaydı, bu gün hər iki dövlət turizmdən yüz milyonlarla pul qazana bilərdi. Təkcə Qarabağın səfalı guşələri, müalicəvi suları keçmiş SSRİ məkanından yüz minlərlə turisti cəlb edə bilərdi.

… Fəqət bəs Hindistandakı meymun nə etdi? Bir ovuc düyüyə, dənə görə pəncəsini koğuşa saldı və onu əlindən heç cür buraxmaq istəmədi deyə peysərindən yapışıb apardılar qəfəsə salmağa.