“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə qarşılaşır. Ağdam klubu matçın 25-ci dəqiqəsində hesabda önə keçib. Mahir Mədətov topu rəqib qapısından keçirib.
Bu, Azərbaycan klublarının ÇL-in pley-off mərhələsində ilk qolu kimi tarixə düşüb. Mahir Mədətov, həm də “Qarabağ”ın avrokuboklarda yubiley- 85-ci qolunun müəllifi olub.
Təmsilçimiz sonuncu – 84-cü qolu ÇL-də cari mövsümün III təsnifat mərhələsinin “Şerif”lə (Moldova) cavab qarşılaşmasında vurub. Tiraspolda keçirilən görüşdəki son qolun müəllifi Miçel olub.
Avrokuboklarda ən çox fərqlənən Azərbaycan klubu olan “Qarabağ” 1996-cı ildə debüt etdiyi qitə səhnəsindəki qollarını 4 müxtəlif turnirdə vurub. 61 qolu Avropa Liqasına təsadüf edən ağdamlılar, Çempionlar Liqasında 20, İntertoto kubokunda 2, Kuboklar Kubokunda isə 1 dəfə fərqlənib.
Adıçəkilən sonuncu yarışdakı yeganə qol “Qarabağ”ın qityəmiqyaslı turnirlərdə ilk sevinci olub.1996-cı ildə “MüPA” ilə Finlandiyadakı görüşdə Bəxtiyar Musayev fərqlənib.