İşdə yaxşı nəticə gözləyənlər – geyiminizi doğru seçin...

Qovurucu istilər işə gedib-gələnlərin geyim seçiminə ciddi təsir göstərir. İnsanlar istidən maksimum qorunmaq üçün daha rahat və sərbəst geyim tərzindən istifadə etməyə meyl göstərir. Halbuki… iş işdir.

Və burada sərt qaydalar var. Hansısa firmada, mağazada, yaxud redaksiyada çalışan insan birbaşa həmin müəssisəni təmsil edir və bu səbəbdən geyiminə maksimum həssas yanaşmalıdır. Necə deyərlər, müdirlər heç də öz iş yerlərini çimərlik hesab etmirlər. Bu səbəbdən də yayda evdən çıxmadan öncə güzgüyə bir neçə dəfə baxmaq lazımdır. Bəli, adına dress-kod deyilən anlayış bütün böyük iş yerlərində qəbul edilib və işçilər də bir qayda olaraq ona əməl edirlər.

İşçilərin geyimi firmanın məhsuldarlığını artırırmış

Bəzi yerlərdə dress-kod işdə-ofisdə əmək məhsuldarlığının artmasına gətirib çıxaran başlıca faktorlardan biri kimi görülür. Adətən belə deyirlər ki, dress-kodun qadınlara qarşı tələbləri kişilərə nisbətdə daha demokratikdir.

Ofis əməkdaşlarının ciddi işgüzar kostyumların tutqun və bağlı rəng çalarının və geyim tərzindəki yekdillik kampaniyanın nüfuzunu ehmalca ətrafdakıların diqqətinə çatdırır və bununla da müştəridə xoş təəssürat oyadır.

Dress-kod nəinki təşkilatın işgüzar tərzini əks etdirmək imkanı verir, həm də bəzi hallarda ofis işçilərinin libaslarında kampaniya loqotipini və ya firma simvolikasını yerləşdirməyə icazə verir. Bu fənd isə hətta çox da böyük olmayan kampaniyalara öz brendini inkişaf etdirmək və yadda qalan ticarət markasının obrazını yaratmaq imkanı verir.

Bunları oxumadan geyim seçiminizi etməyin

Ümumiyyətlə, “Dress-kod” termini Böyük Britaniyada yaranıb və qısa müddətdə bütün dünyaya yayılıb. Müasir dress-kod qayda və standartların bütövlüyü, işgüzar insanın qəbul edilmiş normalarıdır. Geyim seçimində əsas qayda onu vaxta və şəraitə görə seçməkdir. Axı müasir dünyada nəinki geyimə görə qarşılayırlar, həm də yola salırlar. Ona görə də hadisənin, mərasimin mövzusuna uyğun geyinməlisiniz.

“White Tie” ifadəsi tərcümədə ağ qalstuk deməkdir. Balda, banketdə, diplomatik qəbullarda, cıdırda və toyda ciddi, rəsmi variant hesab edilir. Kişilər: kişilər üçün bu, qara frak, qara şalvar deməkdir. Ağ köynəyi ağ kəpənək qalstuk tamamlamalıdır. Ayaqqabı və corab yalnız qara rəngdə olmalıdır. Qadınlar: məhz belə gecəyə ipəkdən, məxmərdən və ya taftadan paltar geyinmək olar və lazımdır. Açıq dekolte sinə şalla örtülür, bəzək əşyaları ancaq bahalı metallardan olmalıdır, dirsəyə qədər əlcək taxılmalı və kiçik ölçülü çanta götürülməlidir. Saçlar səliqəli şəkildə hündür toplanmalıdır.
“Black Tie”, “Cravate Noire”, “Tuxedo” – dress-kodu ciddi gecə tədbiri, məsələn, teatr üçün nəzərdə tutulur. Kişilər: cüt və ya tək düyməli smokinq geyilir. Köynək isə ağ rəngdə olmalıdır. Kəpənək qalstuk qara rəngdə. Kişilər üçün vacib atribut enli qurşaq, yəni belbağı hesab edilir. Ayaqqabı da qara rəngdə olmalıdır. Döş cibində yaylıq və butonyör (yaxaya taxılan qönçəli sancaq) ola bilər. Qadınlar: donun uzunluğu dizdən yuxarı da ola bilər, döşəməyə qədər çata da bilər. Dəri və ya parçadan incə kəmərli saat və yaxud bahalı daş-qaşlı qolbaq, bilərzik taxmaq olar.

“Black Tie” ifadəsi ilə yanaşı “Invited” sözü yazıla bilər. Bundan başqa dəvətnamədən “Optional”, “Creative” sözləri yazıla bilər. Bu, o deməkdir ki, qaydalara riayət etmək vacib deyil, obrazınıza yaradıcı yanaşa bilərsiniz. Qadınlar kişmir sviterlə uzun ipək yubka geyinə, kişilər isə standart olmayan rənglərdən istifadə edə bilərlər.

“Cocktail Attire” ailə şənlikləri, kokteyl və digər mərasimlər üçün münasibdir. Kişilər: qara kostyumsuz və qalstuksuz. Qadınlar: zərif və məlahətli görünməlidirlər. Bu dress-kod həm ofis, həm gecə üçün yararlıdır. Ona görə ki, həm kostyum, həm də kokteyl üçün donlar geyinmək olar. Özünüzlə kiçik ölçülü çantalar götürə, bijuteriya taxa bilərsiniz.

Formal – rəsmi gecə mərasimi

“Black Tie” anlayışına çox yaxındır. Lakin bəzən geyimə yaradıcı yanaşmaq, dəbli detallardan istifadə etmək olar.

“Semi Formal” – yarı-rəsmi dress-kod. Kişilər: mərasimdən asılı olaraq pencəyin altından nazik cemper geyinə bilərsiniz. Qadınlar: saat 8-ə kimi şalvarlı kostyumlar və ya dəbdəbəli gündəlik don geyinə bilərsiniz. 8-dən sonra kokteyl üçün donlar, tutalım qara qısa don.

“Casual” Kişilər: bu dress-kod ən demokratikdir. Vəziyyətdən asılı olaraq işgüzar kostyumu köynək, sviter və ya jaketlə geyinə bilərsiniz. Cins, pencək, pambıqdan və ya trikotajdan futbolka geyinə bilərsiniz. Təbii ki, işgüzar xarakterli tədbirə daha ciddi variant seçsəniz yaxşı olar. Qeyri-rəsmi görüşlərə isə keyfiyyətli cins də geyinmək olar. Qadınlar: demək olar ki, hər şey geyinə bilər – gündəlik və ya ofis stilində donlar, həmçinin cins, yubka və s. Aksesuarları düzgün seçməklə obrazınızı tamamlaya bilərsiniz. Əsas odur ki, bayağı deyil, dəbli görünəsiniz.

“A5″ (”After five”) Bu dress-kod saat 5-dən sonra restoran və ya kafedəki çağırılmış dəvətlər, mərasimlər üçün münasibdir. Kişilər: işgüzar kostyumla rəngli, parlaq köynək geyinə bilərlər. Qadınlar: mütləq gözəl, bayramsayağı, gündəlik geyimdən fərqli geyinməlidirlər.

Jurnalistlər tədbirə yox, kabab partisinə gəlirmiş kimi geyinirlər.

Bundan bir neçə il öncə Rusiya hakimiyyəti məmurları təhqir etdiyini əsas gətirərək jurnalistlər üçün “dress-kod” tənzimlənməsini təklif etdi. Məmurların fikrincə, ciddi dövlət qurumlarının mətbuat konfranslarına qatılan jurnalistlərin geyimi “dostları ilə kabab partisinə gələn”lərin stilini xatırladır. Onların fikrincə, bu geyim tərzi jurnalistlərin etik norması ilə tənzimlənməlidir. Cırıq cins şalvarlar, bədənə kip sarılmış maykalar, vyetnamkalar, həddən artıq qısa yubkalar… bunların heç biri jurnalistin əynində olmamalıdır.

Moskva merinin mətbuat katibi Serqey Tsoy bildirib ki, məmurlar məcburi kostyum-şalvar və ya uzun paltarlarla bağlı şərt qoymurlar. Yeganə tələb təmiz və etik tərzdə geyinmədir. Hətta bununla bağlı müvafiq göstəriş də verilib. Belə ki, nazirlik binalarının mühafizəçiləri göstərilən normalara müvafiq geyinməyən jurnalistləri tədbirlərə buraxmırlar.

Bəzi tədbirlərdə isə jurnalistlərə qarşı belə yoxlama prosesi olmasa da, onların kimliyi, hansı media orqanını təmsil etməsini asanlıqla müəyyənləşdirirlər. Tədbirlərdəki qeydiyyat vərəqi məhz bunun üçündür. Tədbirin təşkilatçısı həmin vərəqi məhz mətbuat konfransı zamanı verir, hər kəs özünü, çalışdığı media orqanını ora qeyd edir. Son nəticədə isə təşkilatçı qeyri-etik geyimli jurnalisti belə müəyyənləşdirib, redaksiyaya bu barədə şikayətlə müraciət edir, bir daha həmin jurnalistin tədbirə gəlməməsini tapşırır.

Jurnalistlərin geyiminin yaratdığı bir qalmaqala nəzər salaq: rusiyalı müğənni Filip Kirkorovla jurnalist İrina Aroyan arasında qalmaqal məhz sonuncunun açıq-saçıq geyiminə görə baş vermişdi. Mətbuat konfransında müğənniyə sual vermək istəyən jurnalist ondan məhz bu cavabı eşitmişdi: “Mən istəmirəm ki, siz şəklimi çəkəsiniz. Siz məni bezdirmisiz. Sizin çəhrayı, bədənə yapışmış koftanız, onun altından görünən bədən üzvləriniz, eləcə də mikrofonunuz məni qıcıqlandırır. Mən qeyri-professionalları sevmirəm, bura onların yeri deyil. Siz istəyirsiniz mən burdan gedim? Xeyr, digər həmkarlarınıza hörmət etdiyim üçün getməyəcəm. Amma əvəzində siz gedəcəksiz”.

Bu sözlərə əhəmiyyət verməyən jurnalist xanımın növbəti sual vermə cəhdi isə F.Kirkorovun onun üstünə cumması ilə nəticələnmişdi. Nəticədə Rusiya mətbuatında geyim qalmaqallarından biri yaşanmışdı.

Jurnalist müsahibin zövqünə uyğun geyinməlidir?

Elə bu məqamda da jurnalistikanın qızıl qaydalarından biri yada düşür: əgər sən müsahibini danışdırmaq, onu cəmiyyətə yaxşı yöndən tanıtdırmaq istəyirsənsə, onun geyim zövqünü də əvvəlcədən öyrənməlisən. Bu yaxınlarda Amerika qəzetlərindən birində striptizçi bir qadınla olduqca maraqlı bir müsahibə yayımlanmışdı. Müsahibəni götürən qadın jurnalist idi. Məlum olmuşdu ki, ümumiyyətlə, striptiz barda çalışanlar üçün mətbuat işçiləri sevilməyən personalardır. Amma müsahibəni götürən jurnalist bara elə bar geyimində gedib. Orada olarkən pivə içib, siqaret çəkib və müsahibini onun özünə yaxın hiss etməsi üçün əlindən gələni edib. Yoxsa ki, “həyatın dibinə necə düşdünüz” tipli sualla və ciddi geyimlə bu cür şəxsi heç cür danışdırmaq olmaz.

Ona görə də dünya jurnalistləri hesab edirlər ki, geyimləri onlara iş prosesində kömək edə bilər. Jurnalistika bir növ aktyorluq sənəti kimidir, hər an rola girmək, qiyafə dəyişmək bu işin qızıl qaydalarındandır. Geyimlə həmsöhbətə “özümüzünkü” olduğunu göstərmək, onunla eyni dalğada dolaşdığımız mesajını verməliyik.

Qul bazarına dəst kostyumda, rəsmi tədbirə cırıq şalvarda getmə!

Ekspertlər hesab edir ki, jurnalistin vəzifəsi nə qədər aşağıdırsa, qarderobuna bir o qədər çox fikir verməlidir. Təbii ki, əgər bütün ömrü boyu aşağı statusda işləmək istəmirsə. Çünki jurnalistin hər cür situasiyaya uyğun geyimi olmalıdır.

Məsələn, sən hansısa səfirliyin kokteyl dəvətinə dizi cırıq cins şalvar, topik və “şap-şap”la gedə bilməzsən. Bu, öncə özünə, sonra isə təmsil etdiyin media orqanının adına minus sayılır. Amma eyni zamanda bir qul bazarına reportaja da kostyum-şalvarda, qalstukda, dikdaban ayaqqabıda getməyin qeyri-professionallıq sayılacaq. Redaksiyaya gələn şikayətçi ordakı işçilərin geyiminə baxıb, bu media orqanının nə qədər etibarlı, ciddi olmasına qərar verir ürəyində. Yüzlərlə, minlərlə insanın problemindən yazdığını iddia edən jurnalistin geyim seçimi ilə bağlı anormallığı, problemi onun ciddiliyinə də xələl gətirir.

Yaradıcı adamın səliqəli, eyni zamanda fərqli geyim tərzi onun yaradıcı insan kimi qabiliyyətinə də tərif gətirir. Bu mövzuda diqqəti çəkən əsas nüans isə heç şübhəsiz ki, reportyor geyimidir. Ekspertlər birmənalı şəkildə işi daim qaçaqaçda olan reportyorların maksimum rahat geyim tərzinə müraciət etməli olduğunu deyir. Praktik şalvar – bir neçə cibi olsun, içinə qələm, bloknot, müxtəlif aparatlar yerləşdirmək mümkün olsun, krosovka və rükzaq… Reportyorun “qızıl üçlüyü” budur. Xanım reportyorlar üçün də bu qayda keçərlidir. Üstəgəl, heç bir halda dikdaban ayaqqabı geyinməmək. Bu, jurnalist işinin axsadılması anlamına gəlir.

Daha bir detal isə reportyorun öz geyimi ilə diqqət çəkməməsidir. Əgər sən hansısa hadisə yerinə partizan üsulu ilə gedib, ancaq məlumat toplamaq məqsədi daşıyırsansa, geyimin də “qışqırmamalı”dır. Heç kəs səni “həəə, o şortikli oğlan jurnalistdir”, ya da “qısa paltarlı qız bizdən yazmağa gəlib” deyə xatırlamamalıdır.

Ya da reportyor heç bir halda hadisə yerinə xəz dəridə getməməlidir. Tutaq ki, bədbəxt bir hadisə baş verib, jurnalist də onu yazmağa və ya çəkməyə gedib. Axşam xəbərlərində jurnalist son dərəcə bahalı şubası ilə qəza barədə xəbər verir. Bu zaman bütün diqqət avtomatik olaraq onun şubasına yönəlir ki, bu da heç korrekt deyil. Əksinə, vulqar, həyasız görüntüdür.
Musavat.com