Yaxınları qəzada ölənlərin barışmasının pərdəarxası məqamları; ekspert: “Bu hal bizim milləti yaxşı tərəfdən xarakterizə edir”
Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsinə baş çəkməsi ilə bağlı xəbər yayıldıqdan sonra ictimaiyyətdə fərqli məcrada müzakirələr başladı. Belə ki, ailənin mətbuata açıqlamasında işlətdiyi ifadə çoxlarında qıcıq yaratdı. Vaqif Əsədovun ailə üzvləri ilk növbədə ümumiyyətlə, bu məslə ilə bağlı danışmaq istəmədiklərini bildiriblər. Hansı ki, bundan əvvəl onlar qəzəbli danışmışdılar. V.Əsədovun ailə üzvlərinin son davranışlarından belə aydın olur ki, ailə sanki heç Nail Allahverdiyevi günahkar qismində görmür. Sosial şəbəkələrdə əksəriyyət məsələyə bu cür rəy verdi ki, ailə Əli Həsənovdan pul və ya hansısa vəd aldığı üçün susub…
Lakin bir reallıq da var: Azərbaycanda tez-tez şahidi oluruq ki, avtomobil qəzaları zamanı dünyasını dəyişən tərəfin ailəsi qəzanı törədənləri bağışlayır. Maraqlı məqam ondan ibarətdir ki, bu cür humanistlik məhz avtomobil vurmaları zamanı baş verir. Yəni kimsə əgər kiminsə oğlunu və ya atasını odlu, yaxud da soyuq silahla vurub öldürürsə, ailə onu əksər hallarda bağışlamır. Hətta qan davası yürüdənlər də olur. Avtomobil qəzalarında isə bir qayda olaraq nəslin ağsaqqalları yığışıb, söhbət aparırlar. Daha sonra zərərçəkən ailə, zərər verəni bağışlayır.
Psixoloq Elnur Rüstəmov “Yeni Müsavat”a bildirib ki, bu məsələ bir qədər fərdi xarakter daşıyır:
“Məsələ burasındadır ki, gün ərzində kifayət qədər avtoqəzalar olur. Bu qəzalarda qarşı tərəfi bağışlayan da olur, bağışlamayan da. Sadəcə olaraq bizim haqqında fikir yürütdüyümüz ictimailəşmiş avtoqəzalardır. Ümumən götürdükdə isə kifayət qədər bağışlamayan, təzminat istəyən insanlar da az deyil. Elə avtoqəzalar var ki, sırf ehtiyatsızlıq ucbatından baş verir. Bəziləri də var ki, orada səbəb başqadır. Ona görə də məsələ fərdi xarakter daşıyır. Əgər cinayət varsa, onun cəzası da olmalıdır. İstənilən baş verən hadisəyə üç cür qiymət verilir. Hüquqi nöqteyi nəzərindən, dini və adət-ənənə baxımından qiymət verilir. Bütün toplumlarda belədir. Heç kim etdiyi əməlinə görə cəzasız qalmır. İnsan nə əkirsə, sabah da onu biçir”.
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bu, azərbaycanlıların humanistliyi ilə bağlıdır:
“Bizim insanlar xarakter etibarilə ürəyi yumşaq olurlar. Bu cür tərbiyə sistemi də uşaqlıqdan başlayır. Ona görə də insanların əksəriyyətində qəddarlıq yoxdur. Avtomobil qəzalarından sonra da tez-tez müşahidə olunan haldır ki, ya bağışlanma olur, ya da ”qan pulu” verib məsələni bağlayırlar. Məsələyə əsasən fərdi yanaşmaq lazımdır. Baxır ki, hadisəni törədən kimdir və hansı situasiyada bunu edib. Ümumilikdə isə cinayət cinayətdir. Onun cəzası çəkilməlidir. Bu hal bizim milləti yaxşı tərəfdən xarakterizə edir. Azərbaycanlılar dünyanın hər yerində bu cürdürlər. Səmimi, ürəyi açıq, kövrəkdirlər. Bəzi hadisələrdə cəzanı allahın, taleyin ümidinə buraxırlar və pislikdən çəkinirlər. Bu isə müsbət haldır. Doğrudur, məsələdə dinin də rolu var, ancaq əsas səbəb milli xarakterdən gəlir. Müsəlman olar ki, o, qəddarlıq edə bilər. Düşünürlər ki, ölən geri qayıtmayacaqsa niyə cəza istəyək. Yaxud da baxırlar ki, vuran adamın ailəsi, azyaşlı uşağı var. Ona görə də vəziyyəti nəzərə alıb, geri addım atırlar. Qanun da qanundur. Hər şeyi başlı-başına buraxmaq doğru deyil. Qəzanın səhlənkarlıqdan, harınlıqdan və ya təsadüfdən baş verməsi də əsas şərtdir”.
Musavat.com