Bir qocaman yazar var, vaxtilə bu hakimiyyətin qalib gəlməsi, AXC-nin isə yıxılması üçün canını qoyubdur. İndi isə yapçı yoldaşlar onun pensiyasını kəsiblər. Sən demə yazar dostumuz indiki deputatlardan birinin oğlununun çirkin biznesi haqda yazılar verib. Deputat bunu məhkəməyə çəkib. Hakim “böhtan” maddəsiylə yazara 2 min manat cərimə kəsibdir. Deyir getdim 180 manat pensiyamı almağa, kartda cəmi 80 manat çıxdı. 100 manatı cərimə üçün elə kartdan, hesabdanca çırpışdırıb aparıblar. Hələ 20 ay da kəsəcəklər. Ağsaqqal deyir dərman içib intihar edəcəyəm, çünki ayda 80 manata heç cür yaşamaq olmaz, bu heç dərman pulu eləmir. Ona təskinlik vermək üçün bir söz tapmadım. Mənası da yox idi. Özü vəziyyəti məndən yaxşı başa düşür. Maşallah, 80-dən çox yaşı var.
Keçən həftələrdə bir pensiyaçı qadın da kredit borcunu ödəmədiyi üçün Cəlilabadda məhkəməyə verilmişdi. 80 yaşlı bu qarı isə məhkəmənin pilləkənlərində yıxılıb aldığı zədədən ölmüşdü.
Bu adamların yaşıdları sivil ölkələrdə yay tətilinə, dünya səyahətinə, nə bilim, müxtəlif əyləncələrə qatılıb dincəlir. Bizim yaşlılara isə dinclik yoxdur. Onlar ömürləri boyu saysız işlər görüb dövlətə, cəmiyyətə xeyir veriblər. Cəmiyyət və dövlət isə hazırda onlara qara qəpik verir, bəzən heç onu vermək istəmir – son qərarda pensiya yaşını qaldırıb hardasa 300 il elədilər. Yapist yoldaşlar bununla “Hər kəs qarğa olub qarıldamasa, Günah onun özündədir” demək istəyirdilər. İnsanın illər boyu pensiya fonduna ödədiyi faizlərin heç olmazsa yarısını geri almaq imkanı olmalıdır, bizdə isə buna əcəl və hökumət icazə vermir. Bu yaxında bir tanış pensiyaçı ilə ərinmədik, hesabladıq, onun dövlət pensiya fonduna ödədiyi pulun ümumi miqdarı hardasa 25-30 min manata yaxın eləyirdi. Ancaq 150 manata yaxın təqaüd alır.
Bəlkə bu da “Allahın cəzasıdır”, “öz cəzandır çək, Balaş” silsiləsindən növbəti epizoddur? Qəddar, insafsız, zalım görünmək istəməzdim. Ancaq təbiətin, cəmiyyətin başqa qanunları yoxdur, əks-təsir təsirə bərabər olmalıdır, nə əksən onu biçməlisən. Hələ biologiya elmi elə bir kəşfə imza atmayıb ki, pıtraq əkəsən, buğda çıxsın. Hərçənd, istifadə eləyə bilsən pıtrağın da öz faydaları vardır, dərman bitkisi, bioyanacaq və sairədə yararlanırlar. Yəni, baxır kimin əlinə düşür. Yaşadığımız bu sosial eksperimentdən çıxarılan məşhur nəticədəki kimi: “Əbülfəz Elçibəy Balıq Hafizdən adam düzəltmişdi, bu hakimiyyət isə onu təzədən balığa döndərdi”.
Bir marketlər şəbəkəsi də məşhur azərbaycanlı şairin misrasını “El bilir ki sən mənimsən, Alış-veriş mərkəzimsən” formasına salıb reklam qurubmuş. İndi şairin nəvə-nəticəsi üsyana qalxıb, reklamın və marketin qarasıyca söylənir. Halbuki, bu da şairin taleyidir, karmasıdır. Öz nəslini, yaşıdlarını NKVD cəlladlarına satıb xaniman qursan, o elə bazar piştaxtasında dağılmağa məhkumdur. Yalan və yaltaqlığa nə qədər istedad donu biçirsən biç – axırda lüt qalmalısan.
Bu arada telefonuma gələn mesajdakı təxribata etirazımı bildirmək istəyirəm: “Tənhalıqdan bezdin? Özünə sevgili tap! Filanfilanşey.az saytı”. Saytın adını reklam olmasın deyə yazmıram. Ancaq bu, açıq diversiyadır. Evli, ailəli adamlara bu cür mesaj göndərməklə nə demək istəyirlər? Ayıb deyilmi? İndi biz susuruq deyə başımıza hər cür corab hörməlisiniz? Susma, susduqca sıra sənə gələcək!
Axırda bir pritça da yazım, qoy oxucular desin nə ağıllı müəllifimiz vardır: “Sular qalxanda balıqlar qarışqaları yeyir. Sular enəndə qarışqalar balıqları yeyir. Qoy heç kim özünün bugünkü üstünlüyünə çox da güvənməsin”.