Manera.az saytının TeleManda layihəsinin qonağı teleaparıcı, aktrisa, müzakirələrə səbəb olan yazılar müəllifi Mələk Heydərovadır.
“Hərə öz istədiyini eləsə, bu cəmiyyət uçuruma gedər”.
– Televiziya insanlardan nələri ala bilər? TV-nin cəmiyyətə bəxş etdikləri nələrdir?
– Televiziya insanların şəxsi həyatını ala bilər, bir də yalnız vaxtını və zamanını- yalnız bunlara müdaxilə edə bilər. Televiziyada bəzən insanların bilmək istəmədiyi və şəxsi həyatımıza aid olan nüansları ortaya çıxarmalı olursan və əlbəttə ki, bu da müəyyən zaman alır. Bir tərəfdən belə bir fikir də var ki, televiziyada gedən informasiyalar insanların beynini passivləşdirə bilir. Bəzi insanlar var ki, 12 saat televizorun qabağında oturur, ancaq televiziyada baş verənlərlə yaşayır. Televiziya insanları maarifləndirir. İnsanları dünyadan xəbərdar edir. Onun cəmiyyətə bəxş etdiyi töhfələrin başında da bu dayanır.
– Teleaparıcılıq sənin üçün məqsəd idi, ya reallaşdırmaq istədiyin arzu?
– Hər şey əvvəlcə arzudan başlayır. İnsanın arzusu daha sonra məqsədə çevrilir. Aparıcılıq yiyələnmək istədiyim peşə idi. Arzum reallaşdı və mən teleaparıcı oldum. Məqsədim öz sözünü demiş aparıcılardan olmaqdır. Daha yaxşı yerlərə çatmaq istəyirəm, bunun üçün də mübarizəyə davam edirəm. Məqsədsiz yaşamaq mümkün deyil.
– Efirə yaraşdırırsanmı özünü? Tamaşaçı niyə səni izləməlidir?
– Efirə özümü yaraşdırıram təbii ki. Efirə yaraşmasam, efirdə olmazdım. Efirə yaraşan simalardanam. Efirdə özümü çox bəyənirəm, fikirləşirəm ki, insanlar da bəyənir və bəyəndikləri üçün də mənə baxırlar. Özümü gözəl deməzdim, amma şarmlı sayıram, bu şarmıma görə də insanlar məni izləməlidir. Sima gözəl olmasa, insanlar baxmazlar. Öz intellektual səviyyəmə çox güvənirəm, aparıcı danışanda onun səsləndirdiyi fikrin çəkisi çox önəmlidir. Deməyə və danışmağa sözüm var, cəmiyyətin problemlərinə susmuram.
– Televiziyalara edilən tənqidlərlə nə qədər razısan?
– Tənqidlərlə mən də razıyam. Tənqid olmasa, bir işdə inkişaf da olmaz. Televiziyalarda verilişlər, proqramlar və sair bəzən çox bənzəyir bir-birinə, tənqidləri nəzərə almaq mütləqdir.
– Telekanalın cəmiyyəti maarifləndirmək öhdəliyi varmı?
– Telekanalın elə birinci öhdəliyi budur. Televiziyalar nəyə görə var? Cəmiyyəti formalaşdırmalıyıq və media, telekanallar istənilən halda bu öhdəliyi götürürük. Bunun məsuliyyətii bizim boynumuzdadır. Hər xəbəri, hər informasiyanı da çatdırmaq olmaz insanlara. İnsanlar hansı sosial statusdan asılı olmayaraq informasiyanı adətən televiziyadan alırlar, buna görə də, informasiyanın çatdırılma forması çox önəmlidir. Cəmiyyət nəzərə alınmalıdır, biz gələcəyi nəzərə almalıyıq. Hərə öz istədiyini eləsə, bu cəmiyyət uçuruma gedər.
– İlk kitabın yaxşı qarşılandı. Kitab mətbuatda dərc olunan yazılarının toplusundan ibarətdir. Gələcəkdə əsər yazmağı düşünürsənmi?
– Mən bəlkə bu il ikinci kitabımı çıxartdım. Yazmağa artıq başlamışam, yəqin ki, bu kitab roman olacaq. İkinci kitabımda da ilk kitabımdakı mövzuları qorumağa çalışacağam. Mən qadınlarımızın, qızlarımızın maariflənmə prosesində onlarla bir olmaq, onların yanında olmaq istəyirəm, bu haqda yazmağı düşünürəm. Romanım da feminist ruhlu olmasa da, orada da qadın haqları əsas məsələ olacaq. Boş-boşuna sevgi romanı istəmirəm, onu oxuyan kişi, qadın- hər bir insan ordan nəsə götürməlidir. Necə ki telekanallar, eləcə də bizim yazdıqlarımız, nəşr etdiklərimiz cəmiyyət üçün çox önəmlidir.
– Nəzm, nəsr, dramaturgiya- Bunlardan hansı sənə daha doğmadır?
– Daha doğma nəsrdir təbii ki.
– Həqiqətən bizim ölkədə mütaliəsizlik probleminin olduğuna inanırsanmı?
– Xeyr. Bu məsələdə biz çox şişirtmələrə varırıq. Fikirləşirlər ki, hamı elm adamı olmalı, hamı diploma yiyələnməlidir. Hamı yetərincə kitab oxuyur, hər şeydən də yetərincə məlumatı var. Azərbaycan gəncləri mütaliəlidirlər.
– Yazılarında qadınlarla bağlı məişət problemlərinə toxunursan. Yeni yazılar yazırsanmı? Kösə yazısı azad olduğun məkandırmı?
– Köşədə mən özümü tapıram. Oldğum Mələk oluram, insanların dərdinə qaçan, insanları düşünən. Öz dərdimi də utanmadan, çəkinmədən insanlarla bölüşürəm. Hələ yeni yazılar üçün vaxt olmur, amma gələcək aylarda köşə yazılarına yenidən dönmək istəyirəm. Həm kitab yazmaq, həm də paralel köşə yazılarına davam etmək istəyirəm.
– Aktrisa kimi də fəaliyyət göstərirsən. Seriallar, filmlər və teatr gələcək planlarında harada dayanır?
– Bir seriala artıq çəkilirəm. Serial da olacaq, film də. İstədiyim bir tamaşa olsa, teatrda da oynayaram. Yaxşı bir təklif olarsa, dəyərləndirməyə həmişə açığam.
– Filosoflar daha xarizmatik olur yoxsa elm adamları?
– Filosof və elm adamları ilə yaşamaq mənə çətin gələr.
– Qadın gözəlliyi səncə nə deməkdir?
– Qadın gözəlliyi hər şeyi həll edən nüansdır. Qadının gözəlliyi onun əlavə bir şansıdır. Gözəllik hər bir işdə uğur deməkdir. Qadın səliqəsiz ola bilər, kobud olar bilər, amma qadın mütləq gözəl olmalıdır.
– Ölüm sənə görə sondur?
Yox. Məncə, hər ölüm yeni bir həyatın başlanğıcıdır. Mənim ölümüm də heç kim üçün son olmamalıdır. Kiminsə ölümü kiminsə həyatının sonu deyil.