Загрузка...

Cırcıramalara qarşı haqsızlıq

Bir az qabaq bəzi abituriyentlər universitetə qəbulda yüksək bal toplasalar da ödənişli ixtisaslara düşmüşdülər, deyirdilər oxumaq üçün pul verməyə imkanımız yoxdur, yəqin sentyabrda heç məktəbə getməyəcəyik. O zaman müdrik zəhmətkeşlərimiz də varlı adamlarımıza məsləhət görürdülər, müsahibələr verir, status yazır, ən az imkanı çatan isə qaranlıq küçədə-dalanda, yaxınlıqda hüquq-mühafizə orqanı əməkdaşı olmadığına əmin olandan sonra öz-özünə donquldanırdı, deyirdilər kaş bu varlılar hərəsi 5-10 imkansız tələbəni oxudaydı. Guya beləcə millətin gələcəyinə investisiya qoyular, dövlətimiz inkişaf edər, həmin bu varlı məmurlar üçün də yaxşı olarmış.

Gülməli söhbətlər idi. Bir az da şit idi. Şəxsən mən uşaq vaxtı baxdığım “Komediyalar aləminə səyahət” televiziya verilişini xatırladım. Əslində o verilişdə gülməli heç zad olmurdu, ağlamalı süjetlərə camaat oturub baxırdı, gülürdü. Alternativimiz yox idi. Neyləmək olardı. İndi də “Bozbaş Pikçers” verilişi var imiş, ona gülənlər saysızdır. Mən bir dəfə güclə özümü məcbur eləyib bunun 5 dəqiqəsinə baxdım, millətimizdən nə qədər uzaq düşdüyümü, yadlaşdığımı, hətta manqurta döndüyümü anladım. Əgər millət bu səviyyəsizliyə və bambılılığa gülürsə, mən gülə bilmirəmsə, demək mən yadam. Mənəvi albinosluq da demək mümkündür. Ayrı cür ola bilməz. Yaxşı bir “Gələnvaqen” maşını olsa özümü altına atardım. Bu cür yaşamağın bəlkə də heç bir mənası yoxdur.

Məna, ümumiyyətlə, ciddi məsələdir. Örnək üçün, biz məmurlara nəfslərinə hakim olmağı, uşaqlarına, nəvələrinə düzgün tərbiyə verməyi, nə bilim, humanizmi, vətənpərvərliyi-zadı məsləhət görə bilərik. Ancaq onlar bunu başa düşürmü? Onlar üçün bu anlayışlar tamam başqa dünyanın, başqa ölçü sistemlərinin detallarıdır. Bu yaxında köhnə dostum, riyaziyyatçı, Türkiyədə uzun illər dərs demiş İsmixan Yusuf özünün bir kitabını mənə bağışlamışdı. Kitabda riyaziyyatın, fizikanın, elmin populyarlaşması üçün bölmələr vardı, bir də İsmixan müəllim heyvanların həyatından müşahidə elədiyi maraqlı əhvalatları yazmışdı. Bax, mən kitabı oxuyanda (deyilənə görə burada “bax” sözündən sonra vergül qoymaq lazım deyilmiş, çünki bax sözü ədat imiş; guya mənə ədat çox lazımdır elə, nəsə çox ədabaz söhbətdir) gördüm riyaziyyata aid, içində çoxlu rəqəmlər olan bölməni anlamıram. Ancaq heyvanlar haqda olanları çox yaxşı anlayıram. Çünki o məşhur lətifədə deyilən kimi, “hərənin öz kruqu vardır”. Riyaziyyatı qoy getsin Qriqori Perelman oxusun, lap elə Məzahir Pənahovla Elman Rüstəmov öyrənsin. Biz heyvanların içində yaşayırıq, heyvanların həyatını da öyrənməliyik.

Misal üçün, mən İsmixan müəllimin kitabından cırcırama haqda bir dəhşətli həqiqəti öyrəndim. Sən demə biz uzun illərdir bu böcəyə qarşı ədalətsizlik edirmişik. ( Bəlkə də Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu bu ədalətsizliyə görə prezident qoya bilməmişdik). Ortada “Cırcırama və qarışqa” adlı bir təmsil vardır. Rus şairi Krılov yazıbdır. Əslində süjeti fransız Lafontendən çırpışdırıbdır, o isə Ezopdan, Ezop allah bilir kimdən… Maraqlıdır ki, Ezopun vaxtında qarışqa ilə dialoqu bir böcək aparır, konkret cırcırama söhbəti yoxdur. Lafonten isə bunu rusların “tsikada”, Anadolu türklərinin “aqustos böcəyi” adlandırdığı başqa böcəklə təsvir edib. Bu böcək isə cırcırama deyil. Açığı heç bilmirəm o milçəyə və eşşəkarısına oxşar böcək bizim dildə necə adlanır. Krılovda isə cırcıramadır.

Uzun sözün qısası, İsmixan müəllim kitabında yazıb ki, əslində cırcıramanın qışda qarışqadan yemək istəmək imkanı təbiətən yoxdur, çünki cırcıramanın ömrü elə 3-4 aylıq yay boyuncadır. Həm də cırcırama çox xeyirli həşəratdır, zərərli cücüləri qırır, kənd təsərrüfatına, insanlara, elə o axmaq qarışqanın özünə də böyük kömək edirmiş! Necə? Ölərək. Sən demə cırcırama ömrünü bitirəndə qarışqalar xeyli müddət onun cəsədiylə dolanırmış.

Bizə isə təbliğat gəliblər ki, mahnı oxuma, yoxsa qışda ac qalarsan.