Cilovlama mexanizmi olmayınca...

Sovet dövrünün idealizə edilməsi yanlışdır. O vaxtlar hər şey nəinki ideal, heç normal da deyildi və “dünyanın düz vaxtı” deyə tövsif olunması düzgün deyil.

Zatən, bugünkü neqativliklərin – məmur özbaşınalığının, tamahkarlığın, yerlibazlığın, müxtəlif maxinasiyalarla dövlə büdcəsini, xalq malını talamağın, haqsızlığın, ədalətsizliyin kökü ordan gəlir.

Adi bir kənd zəhməkeşi öz halal haqqını almaq, ixtisasına uyğun iş tapmaq üçün mütləq Moskvaya, Kremlə çamadan-çamadan məktublar yazmalıydı.

Ərzaq məmulatlarının, trikotaj mallarının qıtlığı, tikinti materiallarının yoxluğu böyük problem idi. Təsəvvür edin ki, evlənmək yaşına gəlmiş yeddi oğulun atası ən böyük oğlunu evləndirib ev-eşik emək üçün günlərlə dəmiryol sansiyasında gecələməli idi ki,120 ədəd şifer alacaq, tikdirməkdə olduğu evin üstünü örtəcək.

Harın, qudurğan məmur övladlarıyla bağlı problem o vaxtlar da vardı. O dövrün, xüsusilə də ötən əsrin 70-80-ci illərinin ədəbi əsərlərinə baxın, hamısında mütləq “kolxoz sədrinin harın oğlu”, “prokurorun ədabaz, modabaz qızı”, “ispolkomun tamahkar qardaşı” kimi obrazlar görəcəksiniz. Bu sırada sadəcə “raykomun qudurğan oğlu” obrazı ola bilməzdi, çünki partiya müqəddəs elan edilmişdi, sovet senzurası bu cür obrazların yaradılmasına yol vermirdi, kommunist ailəsi nümunəvi olmalıydı.

Gerçəkdə isə bir az pulu, vəzifəli qohumları olan minlərlə gənc tay-tuşlarından üstün mövqedə olduqlarını hər addımda göstərirdilər. O vaxtlar “Porşe”, “Mersedes G” kimi bahalı avomobillər yox idi, amma o dövrün harın gəncləri də VAZ-2106 markalı avtomobillərdə lotuluq eməyə çalışırdılar.

Təbii ki, qəza törədənlər, adam öldürənlər, özləri ölənlər də olurdu. Amma bu barədə xəbərlər ictimailəşmirdi, ictimailəşsə də lokal səciyyə daşıyırdı. Məsələn, yalnız bir kəndin,bir rayonun camaatı bilirdi ki, bu gün trest müdirinin oğlu dostlarıyla birlikdə ağır qəzaya uğrayıb, yanındakılardan ikisi ölüb, ikisi də ağır yaralanıb. Vəssalam. Heç bir mətbuat orqanı bu barədə yazmazdı. Sosial şəbəkələr də yox idi deyə, ictimai müzakirə olmurdu, nəticədə o boyda hadisədən hamı bixəbər qalırdı.

Hazırda isə vəziyyət başqadır. Harınlıq-qudurğanlıq halları birə on artıb, bu faktlara dair xəbərlərin yayılması, ictimailəşməsi arealı və tezliyi də ona identikdir.

İndi biz ölkənin ən ucqar kəndində baş verən istənilən hadisədən anındaca xəbər tuta bilirik.

Nə qədər bəyənlməsə də, pislənilsə də, vaxtaşırı yerdən-yerə vurulsa da, indi medianın hər şeydən yazmaq imkanı sovet dövründə olduğundan qat-qat genişdir. Beşi yazmayanda üçü yazır, son nəticədə heç nəyi ictimaiyyətdən gizlətmək olmur.

Bir də sovet məmurlarının gözütoxluğu məsələsini mütləq qeyd emək gərəkdir. O zamanlar bir xeyli tamahkar məmur sovet qanunlarının qorxusundan öz tamahını cilovlayıb bir dürüst (indikilərlə müqayisədə) işləməyə məcbur idisə, idealist kadrlar da çox idi, onlar özlərini əqidəli kommunist sayır, marksizm-leninizm təlimlərini əldə rəhbər tutur, fəaliyyətlərində neqativ hallara yol vermirdilər.

Belə adamların sovet dövlətinin sütunlarını qoruyan orqanlarda çalışması tamahkar məmurların əl-qolunu bağlayırdı. Onların sayəsində atasının vəzifəsi və puu hesabına əhlikeflik etmək istəyən, şəhər küçələrində avtomobil oynatmağa çalışan gənc oğullar, yaxud qızıl-brilyant əşyaları tədarük edərək rəfiqələrinin önündə forslanmaq istəyən gənc qızlar özlərini yığışdırmağa məcbur idilər. Çünki mütləq onların bu iştəkləri, pəstəhaları barədə yuxarı orqanlara məlumat verənlər olacaqdı və məsələsi büro iclasına çıxarılan istənilən yüksək mənsəbli şəxs canını, partiya biletini xilas edə bilməyəcəkdi.

İndi sovet dövründəki cilovlayıcı, çəkindirici mexanizmlər yoxdur. Hətta ləğv edilmiş MTN-in korrupsiya bataqlığına batması göstərdi ki, dövlətin əsaslarını qorumalı olan orqanın özü dövlətin sütunlarının sarsıdılmasına rəhbərlik edirmiş, bütün korrupsiya maxinasiyalarını öz əlinə cəmləşdirərək mərkəzləşdirməyə çalışırmış.

Bu halda harınlığın, qudurğanlığın zirvəyə dırmaşması qaçılmaz idi. Göründüyü kimi, elə də olub. İndi idealist, kristal məmurlar da yoxdur, sadəcə, çox tamahkar və bir qədər insaflı rüşvətxor məmurlar var. Onların övladlarının qudurğanlıq edib-eməməsi isə sırf ailə tərbiyəsinə bağlıdır. Əslində normal təhsil alan, müəyyən postlarda çalışan məmur balaları da qudurğanlıq edə bilərlər, onların əlini-qolunu tutan yoxdur, heç bir cilovlayıcı mexanizm mövcud deyil. Amma onlar ona görə özlərini sakit aparır, gözə batmırlar ki, ata-anaları onlara “parlayıb önə çıxıb özlərini yandırmamağı” tövsiyə ediblər.