Загрузка...

Versiyanın təkərləri

“Övladda nəvə, dövlətdə qəza, baş nazirin müavinində qoza”

(qəttəzə ata sözü)

“Gədə plyajdan çıxandan onu izləyiblər. Ötüşmədə iştirak eləyən ikinci maşın da qəsdən bu işə qoşulub. Ki, gədəni qızışdırıb avariyaya salsınlar”. Bu versiyanı məlum nəvə-qəza əhvalatının səhərisi günü jurnalist olduğumu bilən bir tanış qaçqın irəli sürdü, özü də elə sürdü ki, mən bu versiyanın təkərləri altında qaldım. Çün, yetərincə kamil adamdır, tənqidi fikirlidir, üstəlik, öz deputatlarına “Məstan” adı qoyub.

Başqa bir tanış iddia elədi ki, bəs, sən deməyəsən bu məmuru sevməyən başqa məmur qruplaşması vardır. Onlar istəyirlər həmişə bunlara qalib gəlsinlər. Onunçün də yazqabağı ordumuzun baş qərargah rəisinə qarşı təxribat qayırıblar. Kişini “paçti çto” vurublar, ayaqları göydədir. Özü də bu köhnədən vurulan məmurla indi vurulan məmur bacanaq kimi bir şey imişlər. Pomidorun qiyməti, dana ətinin kilosu da bu üzdən bahalaşırmış.

Axırıncılar mənim versiyalarımdır, elə boş-boşuna dayanıb o cür önəmli siyasi analizə qulaq asası deyildim ki? Gərək belə işlərdə özünə hörmət edən hər kişinin müəyyən versiyaları olsun. Kim kimin qudasıdır, kim kimin yeznəsidir, nə bilim, filankəsin qoduğu hansı behmənkəsdir – bunları bilməlisən. Mən uşaq vaxtından eyzən belə diskussiyalar eşidirəm: “Brejnev elə getdi, Çurbanov belə gəldi, Qamboy müəllimi filan cür vurdular, Telman müəllimi behman cür tutdular” və sairə. Kitabını yazıb bazara çıxartsan istənilən siyasi triller yazarı həsədindən intihar edərdi.

Yaxşı yadıma düşdü, bu vurhavurda bir əski deputat da indiki deputata söz atıb, deyib gərək o, nəvəsi qəza düzəldən məmura yaltaqlıq etməzdi. Sitat: “Yaltaqlığın, simasızlığın, şərəfsizliyin də sərhədi itib”. Maraqlı itkidir. Demək bu işlərin də müəyyən ölçü-biçisi, normaları, türklər demişkən, sınırları varmış. Yaltaqlıq edəndə hansı sözləri işlətmək olar, şərəfsiz əməllər hansılara qədər normativlərə uyğundur, simanı itirəndə üzünə hansı orqanını tutmalısan – bunları əski deputatlara yaxşı öyrədirmişlər, təzələrə isə çatdırıb öyrədə bilmirlər. Sürət əsridir, qarışıq zəmanədir, kasıbçılıq da bir yandan. Dünən bir dostumuz dedi ki, 92 markalı benzin bahalaşandan maşını problemlə üzləşir. Sən demə daha bahalı “Premium” benzini çox satılsın deyə işbaz məmurlarımız 92 markalıya nəsə zibil qatmağa başlayıbdır: “Premium tökən kimi maşın asqırdı, fınxırdı, düzəldi”. Alman “Mercedes” maşını qayıranda indən belə bunları da düşünsün.

Hə, millətimizin komplo teorilərindən, sui-qəsd nəzəriyyələrindən danışırdıq. Deyir gədə həmin gün baş nazirin müavini babasına söyüb, acıqlanıb ki, siz nə təhər kişisiniz, Qarabağı geri almadınız, biz gənc nəslə bu cür miras qoyub gedirsiniz, vabşe tüpürüm sizin… Zarafat edirəm, bunlar əlbəttə, tamamən xəyal ürünləridir, üst-üstə düşən adlar da sırf təsadüfdür. (Guya ad çəkə bilirdik elə).

Elə bu momentdə bir nəfər məcburi köçkün yaxınlaşıb məktubunu qəzetdə dərc etməyimi istədi. Bəbirov Dünyamin Hüseyn oğlu adlı qardaşımız Cəbrayıl rayonundan köçkündür. Qaradağda, Lökbatanda, 1-ci massiv, 3-cü küçə, ev 45 ünvanında ailəsinə iki otaqlı ev tikibmiş birtəhər. Ancaq bu ilin 7 iyununda ev içindəki əşyalarla yanıb. Dünyamin bəy yazır ki, elə o vaxtdan bəri ailəlikcə qapılara düşüblər, hər gün bir qohumun evində gecələyirlər, çörək pulu axtarışlarına indi qalmaq üçün hansısa ev axtarışı da əlavə olunub. Yazır çox çətin gündəyik, hökumət bizə yardım eləsin, köçkünlər üçün tikilən binalardan bir mənzil versinlər. Məktub belə geopolitik analizlə bitir: “Bu cür inkişaf etmiş ölkədə bir məcburi köçkün ailəsini mənzillə təmin etmək və yaxud fövqəladə hadisə nəticəsində yanmış yaşayış yerini və avadanlıqlarını (ev əşyalarını) bərpa etmək inkişaf etmiş dövlət maliyyəsinə əsla təsir göstərməz”.

Son məlumatıma görə Qaçqınkomun sədri bu köçkünü çağırıb, öz villasının birini bunlara bağışlayıb, deyib onsuz nəvəm neçə il ayrı yerdə yaşamalı olacaq, halal xoşunuz…

İndi söz məcburi köçkünündür.