Nə qədər ki, Lenin basdırılmayıb...

Və ya Vladimir Leninlə Vladimir Putinin oxşarlığı haqda

“Nə qədər burdayam, Leninə və Kreml divarları arxasında yatan digər sovet mütəfəkkirlərinə toxunulmayacağına söz verirəm”. Bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov yox, Rusiya prezidenti Vladimir Putin deyib.

Məsələ belə olub ki, Züqanov prezidentlə görüşlərin birində “proletariatın dahi rəhbəri” Vladimir İliç Leninin dəfni məsələsini qaldırılıb. Putin də əmin-arxayın şəkildə ona deyib ki, ürəyini heç sıxma, qəm də yemə, nə qədər ki, mən Kremldəyəm onu heç kim basdırmağa risk etməyəcək. “Mən Kremldə ikən Qızıl Meydanda kimsə barbarlıq edə bilməz, Leninlə yanaşı, Yuri Qaqarin, İqor Kurçatov, Sergey Korolyov və Georgi Jukov kimi görkəmli şəxslər də həmin məkanda əbədi yuxuda olacaqlar”. Bu sitat da Putinindir.

Əlbəttə, bizim Qaqarinlə, Kurçatovla, Korolyovla, yaxud Jukovla işimiz yox. Putin də yəqin qəsdən onların adını bütün zamanların 1 nömrəli bolşeviki Leninlə yanaşı çəkib ki, guya dediyi məsələ ideoloji çalarlı deyil. Amma mövzu təbii ki, Lenindir. Əsas sual da budur ki, niyə proletariatın rəhbəri Lenin “proletariatın əsas dayağı” olan SSRİ tarixə gömülsə də, indiyədək torpağa gömülməyib?

Cavab əslində bəsitdir: çünki bu gün Rusiyanın ən böyük kommunist-bolşeviki heç də bir çoxunun düşündüyü kimi, kommunistlərin lideri G.Züqanov yox, elə cənab Volodya Putinin özüdür.

Bu yerdə yada salaq ki, hakimiyyətə gələn kimi SSRİ-nin himnini yalnız sözlərini dəyişdirməklə Rusiyanın himni kimi təsdiqlədən də yenə Putindir – hərçənd, özündən soruşsanız, deyər, mən nə kommunistəm, nə də sosial-demokrat. Amma idarəçilik dəst-xətti, düşüncələri, başında durduğu Rusiya adına yürütdüyü xarici siyasət kursu kommunist-bolşevik dönəmindən, Stalin dönəmindən ciddi fərqlənməz. Yeri gəlmişkən, Putinin Stalinə rəğbəti də sirr deyil.

Həmin bu, ən böyük gizli bolşevik V.Putin çox yaxşı bilir ki, mavzoleydə saxlanan Lenin, mavzoleyin özü SSRİ-nin, sovet dövrünün əsas ideoloji atributlarından olub. Himn də daxil, bu atributları qoruyub saxlamaqla, o, həm Rusiya cəmiyyətinə və onun millətçi-şovinist çevrələrinə, həm də “Yaxın xaric”in keçmiş sovet ölkələrinə mesaj verir ki, SSRİ ölsə də, hələ dəfn olunmayıb.

Yəni Sovetlər Birliyinin hansısa formada təzədən “zühuru” mümkün hesab edilir. Avrasiya layihələrini yada salın, Putinin hakimiyyətə gəlişi ilə Rusiya ərazisizin Abxaziya, Cənubi Osetiya və Krımın işğalı hesabına genişləndirilməsini yada salın. İlhaq prosesi indi də Donetskdə, “Novorossiya” projesi şəklində davam edir. Vladimir Leninin layiqli davamçısı necə olur ki? Putini hətta çar Qroznının ardıcılı saymaq olar…

***

Belə çıxır, nə vaxt ki, Leninin nəşi torpağa veriləcək, o zaman da SSRİ-nin bərpası təhlükəsi aradan qalxmış olacaq. Aydin məsələdir ki, Putinin özünün də etiraf elədiyi kimi, o vaxt hakimiyyətdə Putin və ya onun təfəkküründə birisi yox, daha müasir düşüncəli dövlət başçısı olacaq. Kim? Hələlik söyləmək çətindir. Yəqin ki, cavab xeyli dərəcədə Rusiyaya qarşı ABŞ başda olmaqla Qərbin tətbiq elədiyi və qarşıdakı illərə hesablanmış yeni və sərt sanksiyaların nəticələrindən asılı olacaq.

Yeri gəlmişkən, bəzi analitiklərə görə, ABŞ-ən son sanksiyalar qanununun bir hədəfi də Rusiyanı Yeltsin dönəminə qaytarmaqdır. O dönəm ki, Rusiya cəmiyyəti daha liberal idi və az qala, Lenin də torpağa gömülmək üzrə idi. Eyni zamanda Rusiya nə həmsərhəd ölkələr, nə də dünya üçün indiki qədər böyük təhlükə kəsb eləmirdi. Hətta ölkədə siyasi-iqtisadi, demokratik islahatlar start götürmüşdü…

***

Qayıdaq mavzoleyə. Əslində Lenini basdırmamaqla bir pravoslav olaraq Putin də günah işlədir, rəhbərin ruhunu incidir. Ona görə ki, islam kimi xristianlıq da tək Allahlı din olaraq, ölən insanın dərhal torpağa verilməsini vacib bilir, nəinki mumiyalanıb saxlamağı və ya yandırmağı.

Bax, nə vaxt Leninin ruhu rahatlıq tapacaq, o zaman indiki Rusiya da imperiya virusundan qurtulub rahatlanacaq. Yəni öz təbii sərhədlərinə, tarixi qlafına qayıdacaq – Şimali Qafqazsız, Tatarıstansız, Başqırdıstansız…