Təvazökarlıqdan Ştutqart qədər uzaq olsa da, deməliyəm ki, illər öncə sosial-siyasi mövzularda yazdığım yazılar, gün gəlir, gündəmlə elə səsləşir ki, özüm də mat qalıram. Vaxtaşırı elə hadisələr olur ki, dostlara deyirəm, a kişilər, mən bunu 5 il əvvəl yazmışam. Müasir dövrdə də arxiv adamın əlinin altındadır axı, iki dəqiqəyə yazının elektron variantını açıb göstərirəm, görürlər ki, düz deyirəm.
Dünən gündəmdə olan hadisə – yüksək mənsəbli şəxsin nəvəsinin bahalı maşınının ağır qəzaya uğraması olayı barədə xəbəri oxuyanda yadıma düşdü ki, harın sürücülər, ərköyün züryətlər mövzusunda da bir hekayəm var. O hekayəni 2012-ci ildə yazmışdım və kulis.az-ın unudulmaz redaktoru Qan Turalıya göndərmişdim, o da saytın 7 iyul 2012-ci il buraxılışında, saat 11.50-də dərc etmişdi.
Olmuş əhvalat əsasında yazdığım hekayənin qısa məzmunu belədir: Yüksək vəzifəli şəxsin övladı bahalı maşında qəza törədir, bir kasıb adamın köhnə və ucuz maşınını vurub əzir. Hər iki maşın metalloloma dönür, gənc və harın sürücü ilə yaşlı və kasıb sürücü düşüb dalaşırlar. İş polisə düşür, oğullar və atalar işə qarışır. Axırda gənc sürücünün vəzifəli atası ərköyün oğluna deyir ki, evə piyada getməsin, getsin avtosalona, əzilmiş avtomobilin nömrəsini həmin markadan olan yeni avtomobilin üstünə bağlasın, evə heç nə olmamış kimi qayıtsın.
Elə də olur. Məqsəd odur ki, qonşular, dost-tanış uşağın bir ay əvvəl alınmış maşınla qəzaya düşdüyünü bilməsinlər. Cəhənnəmə olsun 30-40 min dollar…
Bəli, hörmətli soydaşlar, həmvətənlər və şəhərimizin qonaqları, ölkəmizdə bu cür düşünən və hərəkət edən yüzlərlə, yox, “yüzlərlə” az oldu, minlərlə adam var və onların hamısı ard-arda övladlarına bahalı avtomobillər alır, onların harınlamasına, qudurmasına birbaşa şərait yaradırlar.
Biz onlar haqqında nə vaxt xəbər tuturuq? Bu cür qalmaqallı hadisələr törədəndə, adam vurub öldürəndə, kimisə şapalaqlayanda, özləri qəzaya uğrayanda.
Bu da o vaxt olur ki, hadisə yerinə jurnalistlər polislərlə eyni vaxtda çatır və ikincilər isti-isti birincilərə məlumat verirlər, xəbər mediaya çıxır və dildən-dilə, saytdan-sayta keçərək yayılır, heç cür ört-basdır etmək mümkün olmur.
Əmin olun ki, medianın xəbər tutmadığı və yaymadığı N qədər bu cür hadisələr də baş verib və verməkdədir, amma onlardan ictimaiyyətin xəbəri yoxdur.
O, “yol keçən piyadaları vurub qaçan naməlum avtomobillər” var ha, heç də naməlum deyillər, sadəcə, hadisə yerindən vaxtında uzaqlaşıblar və nəyə görəsə ətrafdakı müşahidə kameraları onları çəkə bilməyib.
Təkcə Bakıda bir milyon iki yüz otuz dörd min beş yüz altmış yeddi müşahidə kamerası var, onların obyektivindən işıqforun qırmızı işığının üstünə zıl atan quş da yayına bilməz, amma nə işdirsə, bəzən “naməlum avtomobillər” yayına bilirlər.
Bütün bunların hamısı harın oğullar, harın nəvələr böyüdən vəzifəli, pullu ataların üzündəndir.
İndi bəziləri zarafatla, bəziləri də ciddi-ciddi deyirlər, yazırlar ki, adamın atası (babası) vəzifəlidir deyə, onun övladı “Galendevagen” əvəzinə “Zaporojye” sürməlidirmi?
Məntiq var. Ona qalsa dədəsi-babası ulaq minib “toş-toş” edə-edə əkin-biçinə gedənlərin nəvələri “Ferrari” minirlər, amma sadəliklərindən qalmırlar, bunlar da elə edə bilərlər. Qoy “Maybax” sürsünlər, “Qolfstrim” sürsünlər, belə lap “Boinq” alıb özləri də pilotluq eləsinlər, kim nə deyir ki? Amma bir az yavaş sürsünlər, asta olsunlar, camaatın belindən keçməsinlər.
Avtomobilin bahalı və qaçağandır deyə sən onu şəhərin içində 250 ilə sürməli deyilsən.
Hətta tutaq ki, maşın sürmək xüsusunda Şumaxerdən, Alonsodan daha ustasan, ötəsən, üstünsən, amma bu o demək deyil ki, sən sürət həddinin maksimum 80-90 olduğu yollarda 200-lə şütüyüb kiminləsə ötüşməlisən.
Çünki o yolda başqaları da var və o mərdiməzar adamlar sizin yolunuza çıxır, qanqaraçılıq olur, özləri ölüb-gedirlər, amma sizə o maşını peşkəş edən atanızın, babanızın üzünə söz gəlir. Dəyərmi?
Bir də sizin üzünüzdən artıq o məşhur prospektə çıxmayanlar var, alternativ yollardan istifadə edirlər, bilirlər ki, günün istənilən saatında sizin kastadan olan bir qudurğan gədə o prospektə çıxacaq və şütüyüb gedəcək. Belə davam etsəniz, inşallah, o yolda özünüzdən başqa maşın sürən olmayacaq. Bax, onda istədiyiniz kimi ötüşərsiniz.