Bir MTN-çi polkovnik var, xeyli adamı tutub soymuşdu. Üst-üstə 5 milyon dollara yaxın puldur. İndi məhkəmə bu polkovniki uzun müddətə qoduqluğa basıbdır, poqonu-zadı da yolubdur, ancaq həmin pulları alınan qaqaşlar ortalıqda qalıblar. Məhkəmə qərarından şikayət veriblər, deyirlər bəs bizim pulumuz necə oldu. Sən demə, məhkəmə qərarında bunların pulunun taleyi də əks olunubdur. Necə? Əsl şedevrdir. Açığı, dünən bu haqda xəbəri oxuyanda necə güldümsə, içdiyim çay klaviaturaya dağıldı, kompüter xarab oldu, ustaya apardım, o da nə təhər qiymət oxudusa bu dəfə mənim başım xarab oldu.
Zarafat edirəm, vəziyyət yaxşıdır, nisbi sakitlikdir. Sadəcə, istədim xəbərdən aldığım zövqi-səfanın, şövqi-vəfanın, nə bilim, badi-səbanın dərəcəsini təsəvvür edəsiniz. Nəsə, çox çərənlədik, üzrlü sayın, xəbəri yazım: məhkəmə qərarda yazıb ki, bu zərərçəkənlərin MTN polkovnikinə verdiyi ümumən 5 milyon dollara yaxın pul rüşvət sayılsın və geri qaytarılmasın.
Vallah, çox zarafatcıl hakimlərimiz vardır. Bunu çıxardan hakimin məntiqinə görə MTN polkovniki biznesmenləri idarəyə aparıb döyüb pullarını alsa da bu pul rüşvət olduğu üçün qaytarılması vacib deyil. Lap o dindəki məkruh anlayışı fason bir qərar qayırıbdır. Bir az izah edim, oxucularımız da bilsin.
Dində biri var haram, biri də var məkruh. Haram odur ki, bunları eləmək qəti qadağandır. Məkruhu isə eləyə də bilərsən, ancaq bəyənilmir. Misal üçün, məscidə gedərkən sarımsaq yemək məkruh sayılır. Eyni zamanda, məkruhun özü də iki yerə bölünürmüş: təhrimən və tənzihən. Birincisinə aiddir kişilərin ipək köynək geyinməyi. Bu, az qala harama yaxın bəd əməl imiş. Tənzihən məkruh isə halala yaxın sayılır, ancaq bu da pisdir. Misal üçün, dəstəmaz alanda burnunu sol yox, sağ əl ilə təmizləsən olur tənzihən məkruh.
Belə elmləri yazıram ki, gözünüz açılsın, yoxsa gedib hamımız o biri dünyada da Azərbaycan kimi bir yerə düşəcəyik, biabırçılıq olacaq. Təzəlikcə qürbətdən bir dostum link atdı, dedi, bax, gör müsəlmanları bu saat narahat edən qlobal problem nədir. Elə bildim Suriyadakı qardaşlarımızın dərdindən, Afrikadakı aclardan, müsəlman dünyasındakı zülmdən və zalım padşahlardan yazıblar. Ancaq umsuq oldum. Mövzu belə idi ki, üzüm mürəbbəsi haramdır, yoxsa halaldır. Xeyli adam bu tema ətrafında bir-birinə girmişdilər, virtual sabitlik əldən getmişdi.
Nəsə, qayıdaq “öz qoyunlarımızın yanına”. Sözgəlişi, bu ifadənin yaranma tarixini də yazaq, maraqlı olsun. Üstəlik, bu məsəlin yaranması bizim mövzudakı hala çox oxşayır. Bu, 15-ci əsrə aid bir anonim fransız pyesindən (“Vəkil Pyer Patlen” adlanır) gəlmə ifadədir. Həmin pyesdə mahud parça – yun parça yazsam yəqin daha anlaşıqlı olardı, çünki bu “mahud” sözü artıq arxaizmə çevrilmək üzrədir və inanmıram hər on oxucudan heç olmazsa biri bu sözün mənasını bilir – istehsalçısı ilə çoban məhkəmədə üzləşirlər. Mahudçu çobanı məhkəməyə verir ki, qoyunları oğurlayıbdır. Bu dartışma zamanı mahudçu baxır ki, çobanın vəkili Patlen müəllim tanış gəlir. Deyir, adə, bu vəkil də vaxtilə məndən 6 arşın parça alıb, pulunu verməyibdir. Mərəkə qopur, vəkillə mahudçunun mübahisəsi uzanır. Bu zaman bezən hakim deyir: “Gəlin öz qoyunlarımızın yanına qayıdaq”.
Bəli, biz də qayıdaq. Hakim MTN zabitinin aldığı rüşvətin geri qaytarılmayacağı haqda qərar verərkən məncə haqlı olubdur. Çünki bu, pis presedent yaradardı. Gələcəkdə hamı verdiyi rüşvətləri geri istəyərdi. Bəs o zaman respublikamız necə inkişaf yoluna qədəm qoyardı? Hə, sizdən soruşuram, necə olardı iqtisadiyyatımızın axırı? O ondan aldığını qaytarsın, bu buna verdiyini istəsin, o bundan aldığının arxasınca baxsın… Olmaz. Sabitlik pozular. Sürüyə canavar düşər.
Sonra ayılarıq ki, yanına qayıtmağa heç bir qoyun qalmayıbdır.