Siyasətdə bir qayda var: beş il öncənin rəqibləri beş il sonra müttəfiq, dünənin müttəfiqləri bu gün rəqib ola bilir. Keçmişdə bir-birinə düşmən kəsilən, bir-birinin haqqında kəskin mənfi fikirlər söyləyən şəxslər, gün gəlir, silahdaş olur, eyni blokda seçkiyə gedirlər.
Ya da əksinə, vaxtilə bir partiyanın rəhbərliyində təmsil olunmuş şəxslər parlament seçkilərində ayrı-ayrı siyasi qüvvələri təmsil edərək bir-birinə eyni seçki dairəsində rəqib olurlar.
Düşərgəsini dəyişənləri də çox görmüşük. Odioz nazirlərdən biri olduğu halda sonradan, postundan götürüləndən sonra müxalifətə keçib qatı iqtidar əleyhdarı olanlar da var, alovlu iqtidar təbliğatçılığından od püskürən müxalifət funksionerliyinə transfer edənlər də olub, radikal müxalifətçi kimi ad çıxaran bir çoxları isə mandat aldıqdan sonra loyal deputata çevrilib.
Bütün bunları aşağı-yuxarı “siyasət işləri” hesab etmək olar. O da istisna deyil ki, bu gün müxalifət qüvvələrinin “milyarder oliqarx” adlandırdığı və mövcud iqtidar komandası üçün əsas “baş töhməti”nə çevirdiyi hansısa nazir gələcəkdə müxalifətə keçsə, hazırda onu söyənlərin gözünün işığına dönəcək.
Amma bu ölkədə elə bir şəxs var ki, öz kinetik enerjisi ilə göyə də çıxsa, ağzıyla quş da tutsa, heç kəs onunla müttəfiq, hətta rəqib də olmaq istəmir. Hamı onu düşmən sayır – xalqın, millətin, demokratiyanın düşməni.
O şəxs Surət Hüseynovdur.
Onun əli Azərbaycanın ən igid, say-seçmə oğullarının qanına batıb. 1993-cü ilin iyununda Gəncədə baş verən hərbi qiyam zamanı öz vəzifələrini, əsgəri borclarını yerinə yetirən qvardiyaçıların, silahlarını təhvil verdikləri halda, avtobusda, xaincəsinə güllələnməsinin məsuliyyəti bu adamın üstündədir.
Silahını yerə qoymuş adamı heç ən qanlı müharibələrdə, səngərlərdə də güllələmir, əsir götürürlər. Əliyalın düşməni güllələmək hərbi cinayətdir. Bu bağışlanmaz hərbi cinayəti öz xalqının igid oğullarına qarşı törədən isə bu adam idi – Surət Hüseynov.
Prezident Qvardiyasının zabit və əsgərlərinin “igid döyüşçülər” adlandırılması heç də boşuna deyil. O əsgərlər 4 iyundan 63 gün əvvəl işğal təhlükəsi qarşısında qalan Füzulinin artıq düşmənin əlinə keçmiş Məngələnata yüksəkliyini ermənilərdən azad etmiş, rayonu işğal təhlükəsindən qurtarmışdılar.
Bu cür düşmən çəpəri oğullar Surətin qaldırdığı qiyamın qurbanı oldular.
Sonradan o qədər məhkəmə prosesləri getdi, heç cür ortalığa çıxarılmadı ki, silahsız qvardiyaçıların güllələnməsi əmrini konkret kim verib, kim icra edib.
1994-cü ildə keçirilən məhkəmədə bu epizod ona görə üstüörtülü qaldı ki, o zaman bu bədnam polkovnik baş nazir kürsüsündə otururdu və məhkəmənin gedişinə təsir göstərirdi. O zaman qvardiyaçıların ailə üzvlərinin harayı eşidilməz oldu, verdikləri ifadələrə, səsləndirdikləri tələblərə əhəmiyyət verilmədi.
Bir neçə ildən sonra Surəti 3 oktyabr (1994) çevrilişinə görə mühakimə etdilər. Ancaq onun 4 iyun cinayətləri araşdırılmadı. Onun ikinci çevriliş cəhdinin uğursuzluqla başa çatması göstərdi ki, adamın içi boş imiş, yalandan hay-küyü, bir də ən çoxu bir mağar dolusu tərəfdarı varmış.
Maraqlıdır ki, o tərəfdarların, Surətin qırğı komandasının üzvləri çox qısa zamanda qırılıb getdilər. 5-6-sı elə iyun qiyamından 10-15 gün sonra bir-birini güllələdi, 3-4-ü türmədə öldü, 7-8-i türmədən çıxandan sonra öldü və s. Deyəsən, axıra bircə Surət qalıb.
Əslində uzun müddətdən bəri idi ki, çoxları onu da ölmüş bilirdi. Fəqət adam özü haqqında işarə verdi, “bu yandayam, hələ sağam” dedi.
Müstəqilliyin ilk illərinin ağır dövrünü, Qarabağ müharibəsinin ən şiddətli vaxtını xatırlayanlar onu unutmayıblar, unutmayacaqlar.
Bu 24 ildə millət olaraq başımıza gələn müsibətlərin ən böyüklərinin iki müəllifi varsa, biri budur: Surət Hüseynov.
Onun türmədə keçirdiyi 10 il törətdiyi əməllərin bir faizinin belə cəzası deyil. Əslində onu yenidən mühakimə etmək lazımdır. Hər şeyi keçmək olar, bir itirilmiş, düşmənə qəsdən verilmiş torpaqlara görə, bir də qvardiyaçıların güllələnməsi epizoduna görə onu yenidən haqq divanına çəkmək lazımdır.
Kim edəcək? Kimsə etməlidir…