İstər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə xalqımızın qüsurları, çatışmazlıqları, yanlış düşüncə stereotipləri, kompleksləri barədə vaxtaşırı yazılar dərc olunur, qeydlər edilir.
Kənardan baxanlar elə öz yazılarımızı oxuyaraq, bizə qeyri-kafi qiymət verər.
Əslində özümüzün özümüzə verdiyimiz qiymət də bundan artıq deyil.
Nə yazıq ki, belədir: biz neqativ hallarımızı şişirtməyi sevirik. Öyünüləsi tərəflərimiz isə mübahisəli məsələdir.
Məsələn, hansısa bir rayonda doğulmuş, vəzifə pillələri ilə irəliləyərək gəlib, tutaq ki, nazir olmuş bir şəxsin dürüstlüyü, qanunpərəstliyi ilə fəxr etmərik, bunu ona minus sayar, orda-burda dalınca danışar, “yaralı barmağa tibbi yardım göstərən adam deyil” deyə pisləyərik. Halbuki o, dürüst adam olduğu üçün öyülməli idi.
Bu kimi çox nümunələr gətirmək olar. Düzəldilməsi, yonulması vacib olan qüsurlarımz çoxdur.
Amma bir də xalqımızın gerçəkdən də alicənablığı, yardımsevərliyi, mərhəmətliliyi, qonaqpərvərliyi kimi mühüm müsbət cəhətləri var.
“Qonaqpərvərlik” məsələsi hər kəsin dilinə düşdüyü üçün, bəlkə bir az çeynənmiş kimi görünə bilər, amma bu ifadənin altında “tolerantlıq”, “dözümlülük”, “xoşməramlılıq” kimi keyfiyyətlər də var.
Bəli, bizə düşmən kəsilmiş ermənilərdən fərqli olaraq biz gerçəkdən də qonaqpərvər xalqıq, hamıyla yolaşıb yola getməyi bacarırıq. Yüz illərlə öz bağrımızda başqa millətləri, etnik azlıqları yerləşdirmiş, barındırmışıq, qaynayıb-qarışmışıq.
Bəs ermənilər kiminlə qaynayıb-qarışıb, yola gedib? Heç kimlə. Bu gün Ermənistan regionun, eləcə də dünyanın ən monoetnik ölkəsidir. Orada ermənilərdən, bir də az sayda erməniləşmiş yezidi kürdlərdən başqa heç kəs yaşamır. İkincilər də zamanla ya sırf erməniləşəcəklər, ya da onları bir gün qırıb-çatıb qovacaqlar.
Bu günlərdə Tbilisidən Moskvaya uçan soydaşımızın təyyarədə yanında oturan və halı pisləşib ölən ermənini xilas etməyə çalışması, başarısız olduğu zaman hissə qapılıb kövrəlməsi hadisəsi də bizim ermənilərdən fərqimizi göstərir.
Bu hadisənin qəhrəmanını qınayanlar da var. Onları başa düşmək olar, amma biz ermənilərlə savaşa-savaşa onlar kimi olmalı, onlara birəbir oxşamalı deyilik. Bizə yaraşan müsbət mənada böyüklüyümüzü qorumaq, insani dəyərlərə önəm vermək hissimizi itirməməkdir.
İki gün öncə xalqımızın nə qədər duyarlı, mərhəmətli olmasını büruzə çıxaran bir hadisə də oldu. Test imtahanında 662 baş toplayaraq BDU-nun tələbəsi olmaq şansı qazanmış zərdablı qızın maddi imkansızlıq üzündən təhsilini davam etdirə bilməyəcəyinə dair xəbər (sonradan təsdiqlənmədi, ailə yardımdan imtina etdi) çıxanda minlərlə adam bu duruma biganə qalmadı, yüzlərlə ailə yardım göstərmək istədi.
Özlüyündə bu fenomendir. Bu qədər ailə heç tanımadığı bir qızı öz bağrına basmaq, ona sahib çıxmaq, yaşayış yeri vermək, oxutmaq təşəbbüsü göstərdi. “Öz balam kimi baxaram, qızım da tələbədir, universitetə bir gedib, bir gələrlər” yazanlar, redaksiyaya zəng edənlər, ailənin əlaqə nömrəsini axtaranlar vardı.
Bir bu deyil. Bəzən bahalı müalicəyə ehtiyacı olan uşaqlar, yeniyetmələr olur, əzizləri müraciət edir, biz də elan veririk. Duyarlı və imkanlı insanlar ailəylə əlaqə saxlayır, onların problemini həll etməyə çalışırlar.
Ancaq pis olan odur ki, bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də mövcud olan qazdan ayıq dələduzlar xalqımızın bu mərhəmət damarından sui-istifadə etmək, “yalançı xəstələr”in adına saxta bank hesabları açaraq, qısa müddətdə asanca varlanmaq yolu tuturlar.
Onlar bu hərəkətləri ilə həm gerçəkdən maddi yardıma ehtiyacı olan şəxslərin şansını oğurlayır, həm də yardımsevərləri, xeyriyyəçiləri aldadaraq peşman edirlər. İnsanlar var ki, yüz min manatından keçər, bir körpəni xilas etməsi ilə qürur duyar, həmin pulu itki saymaz, amma kiminsə onu yüz manat aldatmasına təhəmmül etməz.
Bu baxımdan biz cəmiyyət olaraq gərək qüsurlarımızı görək, deyək, bundan çəkinməyək, amma xeyirxahlıq, yardımsevərlik, qonaqpərvərlik, tolerantlıq kimi keyfiyyətlərimizi də “avamlıq”, “əfəllik”, “səfehlik” kimi qələmə verməyək.