Bizi başqa dünya dövlətlərindən fərqləndirən detallar çoxdur. Misal üçün, iki gün öncə bir başdan xarab Hacıqabulda 4 nəfəri güllələyib öldürüb. Ölkəmizdəki ictimai-siyasi sabitlik şəraitində belə hadisələr qəribə görünür. Axı silahlı basqınlar, gecə küçəyə çıxa bilməmək AXC-Müsavat-Feto üçlüyünün (axırıncını təzə əlavə eləmişəm ki, daha maraqlı olsun) vaxtında qalmışdır. O zamanlar avtobus şoferləri də 6 tələbəni birdən öldürürdülər. Pis vaxtlar idi, getsin gəlməsin. Deputat Arif Rəhimzadəni neçə dəfə vurmuşdular. Vah-vah…
Nə isə, sözüm ondadır ki, bizdə qətliam olanda bunu heç bir dünya qəzet-məzeti yazmır. Biz isə İndoneziyanın Sulavesi adasında hansısa camış bir uşağı ayaqlasa, dərhal öz qəzetimizdə dərc edirik. Bəlkə dünyanın bizə marağı yoxdur, fikirləşirlər cəhənnəmə olasınız? Qətiyyən. Hazırda Bakı-Tiflis-Qars-London-Reykyavik-Toronto dəmir yolu xətti və Ələt-Qazıməmməd-Saloniki-Qdansk-Odessa-Brodı-Roma qaz kəməri lahiyələrimiz (bəlkə də layihələrimiz – bu lənətə gəlmiş sözün əsl həqiqətdə necə yazıldığı, ümumiyyətlə, fərqli yazılsa, dünyada hansı hadisələrin baş verəcəyi məni həmişə düşündürmüşdür, hələlik bu suallara cavab tapa bilməmişəm) bütün planetin diqqət mərkəzindədir. Sadəcə, bizim dünya qarşısında məsuliyyət hissimiz daha güclüdür. Elə dünən bir azərbaycanlı təyyarədə ermənini xilas etməyə çalışıb, ancaq erməni ölübdür. Yaxud başqa azərbaycanlı dədəsinin ehsanı üçün Kambocada bulaq tikdiribdir. Hələ nə qədər adalarda ofşor hesablarımız vardır.
Fərqdən yazırdım, deyəsən. ABŞ-da prezident Tramp Skaramuççi adlı bir nəfəri özünə kommunikasiya üzrə müdir qoymuşdu. Əcəb kommunikasiya oldu amma. Muç ləqəbli bu tip vəzifəyə gələn kimi aləmi qatdı bir-birinə, Ağ Evi puç elədi. Mətbuatla dalaşdı, Trampın mətbuat katibi Spayserlə yola getmədi və Spayser istefa verdi. Hələ bu harasıdır, Ağ Ev administrasiyasının şefi Rayns Pribusu da təhqir eləmişdi, Pribus da istefa vermişdi. Nəhayət, cəmi 10 gün sonra bunu işdən qovdular. İndi özünüz fikirləşin: bu kommunikasiya vəzifəsinin bizdəki alternativi kimdir? Mətbuat katibimiz kimdir? Heç kim tapa bilməyəcək. Qüdrətli dövlət belə olmalıdır. Ağzına su alıb oturursan, düşmənlər də bilmir orda nə edirsən.
İdmançılar, güləşçilər maaş davası eləmiş, piketə çıxmışdılar. Az qalmışdı sabitlik pozulsun. Güləş Federasiyamız isə indi açıqlama verir, deyir bizim güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur, sponsorlar pul ayırırdı, indi onların da texniki maliyyə problemi-zadı yaranıbdır, inşallah, düzələcəkdir, səbrli olun, xarici qara qüvvələrin maliyyələşdirdiyi dəyirman su tökməyin və sairə.
Doğrudan da sivil dünyada dövlət güləşçiyə maaş vermir, bu işi sponsor firmalar edir. Eyni zamanda sivil dünyada heç yerdə dövlət pulundan idmançıya “get medal qazan, sənə 500 min manat ənam verəcəyəm” vədi olmur. Heç nazirləri idman federasiyasına sponsor qoymaq adəti də normal dövlətlərdə yoxdur. Pis öyrəşdiriblər, indi də tərgitdirə bilmirlər.
Federasiyanın günahı sponsorlara yükləməsi isə yumşaq yazsaq, gülməlidir. Axı hamı bilir ki, bizim idmançıların heç vaxt sivil dünyadakı kimi sponsorları, reklam müqavilələri-zadı olmayıbdır (ona görə də “sponsor təşkilatlar” yazırlar, ad çəkmirlər). Elementar sübut internetdə doludur: Azərbaycan idmançılarının, o cümlədən güləşçilərin fotolarını axtarıb baxın, orda geyim, idman forması üzərində hər hansı brendin loqosunu görməyəcəksiniz. Səbəb aydındır, çünki bizim saxta, adətən arxasından dopinq çıxan idman “uğurlarımız” kimsəyə lazım deyil. Bizim idmançıların formasında həmişə yalnız bir loqo olub, o da Azərbaycan bayrağının kiçik şəklidir. Elə bu da sponsorun dövlət olmasının əlamətidir. Hazırda bu sponsor bankrot vəziyyətindədir, federasiya bunu etiraf eləmək istəmir. Ancaq vaxt var idi bu sponsorun adını xarici futbol komandalarının yaxasına yazırdıq. Şirkət-dövlətimizi qoruyaq! (Son cümləni sponsorun xahişi ilə yazdım).