ABŞ tarixi belə şey görməyib. Dünyanın ən qüdrətli dövlətinin baş sarayında adamlar mühüm postlarda cəmi bir həftə işləyir, sonra qovulurlar.
Bundan qabaq prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn bir həftəlik ağır zəhmətdən, dövlətçiliyə xidmətdən sonra postunu tərk etməli olmuşdu, indi də Ağ Evin kommunikasiya direktoru Antoni Skaramuççini bir həftəlik fəaliyyətdən sonra yola salıblar.
Birinci ilə ikincinin işdən götürülməsi arasında fərq ondan ibarətdir ki, Flinnin maddəsi ağırdır, onu başqa dövlətə işləməkdə, öz görüşləri barədə şefinə xəbər verməməkdə suçlayırlar. İkincinin işdən qovulmasına səbəb isə öz yekəbaşlığıdır, barəsində xəbər yazmış jurnalistin üstünə, rus demişkən, nayezd edib, söyüş söyüb, o da “yüksək vəzifəli adamdır, cavab verməyim” kimi düşüncələrə dalmayıb, söyüşləri peysərə verməyib, söhbəti ictimailəşdirib, nəticədə adamın mitilini qoltuğuna veriblər.
Peysər demişkən, o adamın vəzifəyə təyinatından Şon Speyser (Ağ Evin sabiq mətbuat katibi) də narazıydı və Skaramuççi Tramp tərəfindən vəzifəyə təyin olunanda Şon üzüsuluykən ərizəsini yazıb, işdən çıxmışdı.
Görünür, ser Speyser Skaramuççinin canındakını bilirmiş, başa düşürmüş ki, bu əsəbi italyan gələcək, Ağ Evin mətbuatla əlaqələrinin ortasına zibil qoyacaq.
Bu arada italyanların nə qədər çılğın və təkəbbürlü olduqları bir daha təsdiqlənmiş oldu. Ağ Evdə o boyda vəzifə tutasan, amma özünü Kataniyanın tin uşaqları kimi aparasanE
Xüləs, belə anlaşılır ki, hazırda Ağ Evdə çalışanlar pencəklərinin qoltuq cibində istefa ərizəsi gəzdirirlər, o yan-bu yan olan kimi çıxarıb qoyurlar Trampın masasının üstünə, çıxıb gedirlər.
Əslində bu, yaxşıdır, vəzifəli adamlar bizim ölkəmizdəki kimi 15-20 il boyunca eyni vəzifədə yapışıb qalmırlar, amma bunlar da heç olmasa 15-20 gün işləməlidirlər, yoxsa bir həftə, 10 gün çox az müddətdir.
Təsəvvür edin, adamın nəvəsi bir məclisdə söz-sözü gətirəndə deyir ki, mənim babam Ağ Evdə böyük vəzifə tutub, prezidentin müşaviri olub. Nə vaxt, kimin dövründə, kimdir baban? Ad çəkilir, amma hamı nə billah edir, “prezident müşaviri”nin adını xatırlamır, çünki cəmi bir həftə işləyib, heç böyük vəzifənin kreslosunu qızdırmayıb, o vəzifənin maaşını almayıb.
1992-ci ildə bir il boyunca nazir, İH başçısı olmuş adamlar var, tərcümeyi-halların yazanda yadlarından çıxır o boyda vəzifədə çalışdıqlarını yazmırlar.
Yeri gəlmişkən, cəbhəçi kadrlar da ciblərində istefa ərizəsi gəzdirərdilər. Özüm görmüşəm. O vaxtlar bir dəfə elə oldu ki, İH başçısının birinci müavini ilə söhbətləşəsi olduq. O da yazı-pozu adamıydı, söhbətimiz tutdu, beş-on dəqiqədən sonra cibindən istefa ərizəsini çıxarıb göstərdi, dedi, bezmişəm, çıxıram işdən. Adamın İH başçısının birinci müavini postunda fəaliyyətinin 100 günü hələ tamam olmamışdı, amma ərizəsi artıq cibindəydi. Sonradan o vəzifəni tutmaq üçün 100 min verib, 3 il növbə gözləyənlər oldu. Hətta bəzilərini nə vəzifəyə qoydular, nə də pullarını qaytardılar.
Əslində Elçibəy iqtidarının devrilməsinin bir səbəbi də məmurların cibində istefa ərizəsi gəzdirməsiydi. Kimi bir balaca tənqid edirdilər, ərizəni masanın üstünə qoyub deyirdi: “Alın, bu da mənim istefa ərizəm. İşləmirəm daha. 5 manat qazancım yoxdur, amma arada bu qədər danlanıram, xeyirdirmi?”
Belə məlum olurdu ki, 5 manat qazanc olmayanda danlanmaq heç kəsə ləzzət eləmir. Amma babat pul-para qazananda adam danlaq,
töhmət-təhniz kimi şeylərə tablaşa bilir. Sonradan elə oldu. Sonrakı İH başçıları büdcənin pullarını dartıb-dağıdan, xalqın cibinə girən məmurlara var-yox söyüşü söyürdü, amma onlar bu söyüşləri gülümsər çöhrə ilə peysərə atıb işlərinə davam edirdilər.
Düzdür, Trampın kadrları pul-para sarıdan korluq çəkmirlər, heç prezident də onları “qurumsaq”, “dəyyus” adlandırmır, amma iş elə gətirir ki, bir yerdə işləmələri alınmır. Çünki media həmin şəxslərə görə prezidenti danlayır, o da söz götürmək istəmir, ona görə də həftədə bir kadr dəyişir.
Biz isə 15 ildən çoxdur Abutalıbovla işləyirik. Hər dəfə təşəbbüs qaldırıb onu işdən çıxartdırmaq istəyəndə əksinə olur, adam yerində bir az da möhkəmlənir. Dəyməsək, bəlkə də 10 il öncədən yola salacaqdılar.