“Epiderm” klinikası ilə bağlı qalmaqallar səngimək bilmir.
Musavat.com-a daxil olan məlumata görə, türkiyəli iş adamı Teoman Cem Kadıoğlunun şirkətinin saxtakarlıqla mənimsəməkdə ittiham olunan Bikəxanım Əliyeva intihara cəhd edib. Onun hazırda xəstəxanada yatdığı iddia olunur.
Məlumatı dəqiqləşdirmək üçün B.Əliyevanın həyat yoldaşı, sabiq hakim Elmar Kərimovla əlaqə yaratdıq. O, bu məlumat haqqında danışmaq istəmədiyini bildirdi: “Sizə bu məlumatı kim verib? Mən o məlumatı hələ təsdiq edə bilmərəm”.
Daha sonra E.Kərimov bizimlə əlaqə yaradıb bunları söylədi: “Biz Bikəxanımı neçə saatdır axtarırıq, lakin tapa bilmirik. Mən onun yoldaşıyam. İntihar məsələsini bilmirəm, lakin ondan xəbər ala bilmirik. Bunu sizdən eşidəndə şoka düşdüm. Siz bunu hardan bilirsiz? Belə bir şeyi hardan eşitmisiz? Bəlkə doğrudan bu var. Biz onu neçə saatdır axtarırıq, lakin tapa bilmirik. Evdən gedib, amma düşünmürdük ki, bu dərəcədə nəsə edə bilər”.
Teoman Cem Kadıoğlu və onun həyat yoldaşı Hüsniye Kadıoğlu
Musavat.com xatırladır ki, türkiyəli iş adamı professor Teoman Cem Kadıoğlu dünən saytımıza açıqlama verərək, klinikasının Bakı filialının direktoru Bikəxanım Əliyeva və həmin xanımın həyat yoldaşı Elmar Kərimov tərəfindən aldadıldığını bildirmişdi. Onun sözlərinə görə, sabiq hakim öz imkanlarından istifadə edərək, bir gündə məhkəmə qərarı çıxarıb, sənədlərdə saxtakarlıq edərək klinkanı borclu göstərib. Nəticədə, məhkəmə onların xeyrinə qərar qəbul edib.
Musavat.com