Uzun illər öncəydi, 10-cu sinifdə oxuyurduq. Bir gün xəbər gəldi ki, qonşumuzun oğlu Rusiyada ölüb, gətirirlər. O, bizdən 5-6 yaş böyük, idmançı cüssəli, həvəskar şəkildə boksla məşğul olan, əlindən rəssamlıq da gələn bir oğlan idi. Hərbi xidmətini bitirəndən sonra Omsk tərəflərdə qalmış, özünə iş tapmışdı.
Bəs 22-23 yaşlı bu gənc nədən ölmüşdü? Onun meyiti kəndimizə gətiriləndən sonra aydın oldu ki, cəsədin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Yəni onu bıçaqlamayıblar, güllələməyiblər.
Meyiti kəndə gətirənlər demişdi ki, guya qonşumuz dəm qazından boğulub ölüb.
Sonra danışdılar ki, onun yaşadığı evdə qalan otaq yoldaşlarına – öz rayonumuzdan olan gənclərə heç nə olmayıb, o birilər salamatdır, ölən yalnız budur.
O da bəlli oldu ki, qonşumuzun bir neçə il ərzində boğazından kəsə-kəsə topladığı 5 min rubl pul da yoxa çıxıb.
Heç demə, o beş min rubl pul yığdığını hadisədən bir həftə qabaq kənddə yaşayan qardaşına yazıbmış. Nakam gənc kəndə yeni aldığı “Jiquli”də gəlmək istəyirmiş.
Bu kimi detalların açıqlanmasından sonra gənclin ailəsi və qohumları ona sui-qəsd edilməsi barədə danışmağa, şikayət etməyə başladılar. Qətlin motivi da vardı: yoxa çıxan pul.
Bu işdən bir şey çıxmadı. Qonşumuzun otaq yoldaşları – qonşu kənddən olan iki xalaoğlu heç nəyi boyunlarına almadılar.
Omska gedib hadisəni yerindəcə araşdırmaq mümkün olmadı və işin üstü bağlandı, getdi.
Ondan sonrakı illərdə minlərlə gənc Rusiyadan bu cür ölüb, öldürülüb göndərildilər.
Bir ara bu cür ölümlər çox intensivləşmişdi. Hətta güzgüsünə, anteninə qara lent bağlanmış, keçmişdə təcili yardım maşınları olmuş RAF markalı avtomobillər, meyit daşımaq üçün uyğunlaşdırılmış “QAZel”lər aeroportda gözləyirdilər. Çünki sürücülər bilirdilər ki, günə Rusiyadan azı beş meyit gələcək və onları rayonlara daşımaq lazımdır.
Ən müdhiş gerçəklik o idi ki, Rusiyada öldürülən soydaşlarımızın yüzdə 95-nin qatili öz soydaşlarımız çıxırdı. Çoxunun da öz rayonluları, həmkəndliləri, hətta öz qohumları tərəfindən öldürüldüyü məlum olurdu.
Qətllərin əksəriyyətinin motivi eyni idi: maddiyyat, tamahkarlıq, ortaqlığın pozulması, borc alıb qaytarmamaq.
Hətta kənddə kasıbçılıq çəkən qohumunu aparıb uzaq Sibirin hansısa şəhərində yaşayış yeriylə, işlə təmin edən kişinin sonradan həmin qohum tərəfindən öldürüldüyünə dair çoxlu faktlar vardı.
Belə anlaşılırdı ki, bir tikə çörək dalınca ölkəni tərk edərək, uzaq diyarlara yollanmış həmvətənlərimiz ya çox qazanmaq üçün, ya da uğursuzluğa düçar olub vətənə əliboş qayıtmamaq üçün riskə gedir, yaxından tanıdığı birini öldürərək, onun varidatını ələ keçirmək istəyirlər.
Bu baxımdan əminliklə demək olar ki, xaricdə, xüsusilə də Rusiyada yaşayan həmvətənlərimizin əsas düşməni ultramillətçilər, “dazbaş”lar-filanlar deyil, özümüzünkülərdir.
Hacıqabulda baş verən, hələlik motviləri tam açıqlanmayan, 5 nəfərin ölümü ilə nəticələnən qətliama bu prizmadan yanaşmaq lazımdır.
İndilikdə əldə olan informasiyaya görə, qətlə səbəb olan münaqişənin qaynağı Rusiyadadır. Qatil və onun qurbanlarının ailə üzvü arasındakı münaqişə Rusiyada başlayıb, qətl isə Azərbaycanda baş verib.
Bu, həm də onu göstərir ki, birinin hiddətlə dilə gətirdiyi “nəslini kəsərəm” hədəsinin cavabı heç bir halda “heç nə edə bilməzsən, etməyini belə-belə olsun” olmamalıdır. Çünki gerçəkdən də insanlarda bunu edə biləcək potensial var.
Təəssüf ki, bir çox adamlar bir-birinin qəddarlıq potensialını düzgün dəyərləndirə bilmir, özünü bir balaca güclü görən kimi hesab edir ki, heç kim ona bata bilməz.
Zorluya gücü çatmayan zəif isə qisasını özündən zəiflərdən, əliyalın ahıl adamlardan alır.
Bəs bu zorakılıq, qəddarlıq tendensiyasının qarşısının alınması mümkündürmü? Belə görünür ki, çox çətindir. Maddi sərvətlər uğrunda gedən amansız, gündən-günə şiddətlənən tamahkarlıqla müşayiət olunan çarpışma, nəfəs kəsən marafon davam edir və o hər gün yeni-yeni qurbanlar aparır.