Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyent Aytən Şirinovanın repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib təhsilini davam etdirə bilməməsi ilə bağlı məlumat yayılıb.
Virtualaz.org xəbər verir ki, yayılan məlumatlarda 650 bal toplayan qızın paytaxtda qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığı bildirilir. Qeyd olunur ki, bu səbəbdən o, ali məktəbdə oxumaqdan imtina edib.
Abituriyentin hazırlığa getmədən belə yüksək nəticə göstərməsi sosial mediada böyük marağa səbəb olub. Artıq sosial şəbəkələrdə A.Şirinovaya kömək üçün kampaniya başladılıb və yayılan paylaşımlardan sonra abituriyentə köməklik etmək istəyən xeyli şəxs tapılıb. Bəzi sosial şəbəkə istifadəçiləri ona ayda 200-300 manat maddi yardım etməyə hazır olduqlarını, bəziləri isə onu qalmağa evlə və geyimlə təmin etməyi öhdələrinə götürüblər.
İmtahanda yüksək nəticə göstərən abituriyentlə bağlı xəbərə Zərdab Rayon İcra Hakimiyyətindən də münasibət bildirilib və qeyd olunub ki, abituriyentin ailəsi tərəfindən maddi kömək üçün icra hakimiyyətinə müraciət olunmayıb.
Aytən Şirinova isə “bakupost” saytına açıqlama verərək maddi köməkdən imtina edib. O, həmçinin imkansızlıq ucbatından təhsilini davam etdirməməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib: “Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb. 3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür. Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyinə ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”, – deyə abituriyent bildirib.